Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində Şəki şəhərində “Heydər Əliyev və təhlükəsizlik orqanları” mövzusunda növbəti tədbir keçirilib.
“Qanunyolutv.az” xəbər verir ki, tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, DTX-nin rəhbər şəxsləri və əməkdaşları, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatı Vüqar İskəndərov, təhlükəsizlik orqanlarının veteranları, Vətən müharibəsi iştirakçıları, Şəki şəhərinin təhsil, səhiyyə və mədəniyyət işçiləri iştirak ediblər.
Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqillik illərində ölkəmizin təhlükəsizlik strategiyasının hazırlanması və reallaşdırılmasına, bu kontekstdə Azərbaycan təhlükəsizlik orqanlarının inkişafına verdiyi töhfələrdən, dahi şəxsiyyətin dövlətçiliyimiz və ölkəmizin tərəqqisi yolunda göstərdiyi əvəzsiz xidmətlərdən ətraflı bəhs etmiş, Ulu Öndərin 100 illik yubileyinə həsr olunan belə silsilə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.
Tədbirin digər çıxışçıları Ümummilli Liderin təhlükəsizlik orqanlarındakı fəaliyyəti ərzində gördüyü mühüm işlərdən, Ulu Öndərin bilavasitə rəhbərliyi ilə həyata keçirilən uğurlu əməliyyatlardan, bu orqanların milliləşdirilməsi istiqamətində gərgin səylərindən geniş söhbət açmış, dahi rəhbərin xidmətdə hər zaman nizam-intizama, tabeliyindəki əməkdaşların göstərişləri dəqiq icra etməsinə xüsusi önəm verdiyini vurğulamışlar. Bildirilib ki, Heydər Əliyevin təhlükəsizlik təşkilatında əsasını qoyduğu peşəkarlıq məktəbi bu gün də layiqincə davam etdirilir, xüsusi xidmət orqanlarının səmərəli fəaliyyəti üçün onun müəyyən etdiyi meyarlar DTX-nin əməliyyat heyəti tərəfindən həmişə rəhbər tutulur.
Natiqlər qeyd etmişlər ki, Ulu Öndərin daim diqqət və qayğı ilə əhatə etdiyi təhlükəsizlik orqanlarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərdiyi etimad və etibar dövlətin təhlükəsizliyinin təmin olunması yolunda qarşıya qoyulmuş vacib tapşırıqların lazımi səviyyədə icrasında böyük əhəmiyyət kəsb edir.