Şirvan Şəhər İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq, 15 İyun - Milli Qurtuluş günü ilə əlaqədar şəhərin idarə, müəssisə və təşkilatlarında, səhiyyə, təhsil və mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirilib."Qanunyolutv.az" xəbər verir ki, Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, Milli Məclisin deputatı İltizam Yusifovun, şəhərin hüquq mühafizə orqanlarının, şəhərdə fəaliyyət göstərən regional təşkilatların rəhbərlərinin, ictimai-siyasi qurumların nümayəndələrinin iştirakı ilə 15 İyun - Milli Qurtuluş gününə həsr olunmuş ümumşəhər tədbiri şəhərin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb.
Tədbir iştirakçıları abidə önünə gül dəstələri qoyaraq, ulu öndər Heydər Əliyevin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət edib, Mərkəzdə Ümummilli Heydər Əliyevin həyat və fəaliyyətindən, müasir müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafına xidmət edən şərəfli ömür yolundan bəhs edən eksponatlarla tanış olublar.
Mərkəzdə “Heydər Əliyev - müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusudur” mövzusunda keçirilən elmi-nəzəri konfrans dövlət himninin ifası ilə başlanıb. Mənalı ömrünü Azərbaycan dövlətinin və xalqının inkişafına həsr edən Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov “Heydər Əliyev - müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusudur” mövzusunda məruzə ilə çıxış edib. Şəhər İcra Hakimiyyətinin başçısı Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının ictimai-siyasi, mədəni, iqtisadi inkişafına xidmət edən şərəfli ömür yolunun mühüm məqamlarından danışıb, ölkəmizə və xalqımıza milli qurtuluş bəxş etdiyini qeyd edib.
Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafına xidmət edən siyasi kursunun bu gün də Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirildiyini vurğulayıb. 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsində əldə olunan qələbənin də ulu öndər Heydər Əliyevin bəxş etdiyi milli qurtuluşun davamı kimi dəyərləndirib.
Konfransda çıxış edən Milli Məclisin deputatı İltizam Yusifov, Şirvan Apelasiya Məhkəməsinin sədri Vəli Abdullayev, YAP şəhər təşkilatının sədri Zahir Qəhrəmanov ulu öndər Heydər Əliyevin tarixi xidmətlərinin digər məqamlarından danışıb, Milli Qurtuluş gününün ölkəmiz üçün əhəmiyyətini qeyd ediblər.
Sonda konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edən “Millət Atası” sənədli filminə tamaşa ediblər.
15 İyun - Milli Qurtuluş gününə həsr edilmiş silsilə ümumi şəhər tədbirləri Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət parkında davam edib.
Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, Şura üzvlərinin, hüquq mühafizə orqanlarının, şəhərdə fəaliyyət göstərən regional təşkilatların rəhbərlərinin, ictimai-siyasi qurumların nümayəndələrin, şəhid ailələrinin, Vətən müharibəsi iştirakçılarının və geniş ictimaiyyətin iştirakı ilə keçirilən tədbir gənc idmançıların nümunəvi çıxışları ilə başlayıb. Sonra tədbir iştirakçıları şəhərin ümumi təhsil məktəblərin şagirdlərinin və tanınmış rəssam Arzu İmanovanın yetişdirdiyi gənc rəssamların Ulu öndər Heydər Əliyevə, 15 İyun - Milli Qurtuluş gününə həsr etdikləri rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə Şirvan Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən öz fəaliyyət kollektivi, şəhər musiqi məktəbin müəllim və şagirdləri, 1 nömrəli məktəbin xor kollektivi böyük konsert programı ilə çıxış ediblər. Konsertdə Ulu öndər Heydər Əliyevə, Azərbaycana, Vətənə həsr edilmiş mahnılar iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb. 15 İyun - Milli Qurtuluş günunə həsr olunmuş bayram konserti tədbir iştirakçılarına xoş bayram ovqatı bəxş edib. Tədbir atəşfəşanlıqla başa çatıb.