Heydər Əliyev və Azərbaycan məhkəmə sistemi

Heydər Əliyev və Azərbaycan məhkəmə sistemi

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi dahi şəxsiyyətin keçdiyi ömür yoluna, onun Azərbaycan xalqı və dövləti naminə qurub-yaratdığı böyük işlərə nəzər salınmasını zəruri edir. Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisi, milli dövlətçiliyimizin dayanıqlı inkişafının memarıdır.

1993-cü ildə xalqın tələbi ilə Ulu öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət quruculuğu prosesi başlanıb, bütün sahələrdə yüksək peşəkarlıqla idarəçilik sistemi formalaşıb, cəmiyyətdə dövlətə, prezidentə günü-gündən inam artıb, ölkədə siyasi, iqtisadi və hüquqi sabitlik bərqərar olub.

Azərbaycan tarixində öz böyük fəaliyyəti ilə "Xalqın xilaskarı" adını qazanmış Heydər Əliyevin siyasi missiyası müstəqil, milli dövləti qurmaqdan ibarət olub. Ona görə də Heydər Əliyevi anadan olmasının 100 illik yubileyi münasibəti ilə yüksək hörmət və ehtiramla anmaq Ulu öndərin xidmətlərindən bəhrələnən hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Çünki bu, yalnız bir yubiley tədbiri deyil, həm də Heydər Əliyevin fenomenal şəxsiyyətinə xalq tərəfindən verilən yüksək qiymətdir. Başa vurduğumuz 100 ilə nəzər saldıqda Azərbaycan tarixinə Heydər Əliyev qədər müdrik, uzaqgörən liderin gəlmədiyni görmək olar. Təsadüfi deyil ki, dünyanın nüfuzlu siyasətçiləri, strateqləri Heydər Əliyev şəxsiyyətini "Azərbaycan xalqının Mahatma Qandisi" adlandırırdılar. Bu, Ümumilli liderin Azərbaycan xalqının xilaskarı və müstəqil dövlətinin memarı olmasına beynəlxalq səviyyədə verilən siyasi dəyərin təzahürüdür.

Azərbaycan dövlətinin bütün sahələri kimi, məhkəmə sisteminin də yaradılması və inkişafı Ulu öndərin adı ilə bağlıdır. Heydər Əliyev qabaqcıl beynəlxalq təcrübəni, ümumbəşəri demokratik prinsipləri rəhbər tutaraq Azərbaycanda məhkəmə hakimiyyətinin yaradılmasına, onun qanunvericilik əsaslarının formalaşmasına və bu sahədə islahatların həyata keçirilməsinə nail olub. Dahi liderin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkədə mövcud olan hərc-mərcliyi, anarxiyanı aradan qaldırmaq, cinayətkarlıqla mübarizə və sabitliyin bərpası istiqamətində atdığı qətiyyətli addımlar məhkəmə sisteminin inkişafına ciddi təkan verdi.

Ulu öndərin rəhbərliyi və uzaqgörənliyi sayəsində Azərbaycan Respublikasında məhkəmə sistemi yalnız cinayət işlərinə və mülki mübahisələrə baxan ədliyyə orqanı kimi deyil, həmçinin, vətəndaşların hüquqlarının müdafiəsini qanunvericiliyin tələblərinə uyğun şəkildə, yüksək səviyyədə təmin edən hakimiyyət orqanı kimi təşkil edilib. 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyulması, 1998-ci ilin fevral ayında isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növünün tamamilə ləğv edilməsi Ulu öndər Heydər Əliyevin böyük qəlb və mənəviyyat sahibi olduğunu, siyasi lider kimi xalqına qayğı ilə yanaşdığını bir daha təsdiq edir. Azərbaycanın məhkəmə orqanlarının müasir dövlətçiliyimizin banisi Heydər Əliyevdən əxz etdiyi bu humanizm və ədalət prinsipi hüquqi mexanizm kimi hazırda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha peşəkar və beynəlxalq standartlara uyğun səviyyədə davam etdirilir. Bu da öz növbəsində, Azərbaycan xalqı arasında dövlətə və məhkəmə sisteminə etimadın artmasını təmin edir.

Ümumilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinə verdiyi töhfələrdən biri ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin yaradılması olub. 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilən müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyası məhkəmə hakimiyyətinin formalaşmasında mühüm mərhələ oldu. Azərbaycan Konstitusiyasının 7.3-cü maddəsində Azərbaycanda hakimiyyət bölgüsünün hüquqi prinsipləri, o cümlədən məhkəmə hakimiyyətinin Azərbaycan məhkəmələri tərəfindən həyata keçirildiyi qeyd olunub. Bu baxımdan, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunan müstəqil məhkəmə hakimiyyətinin yaradılmasını həyata keçirmək məqsədilə "Məhkəmələr və hakimlər haqqında" qanunun qəbulu mühüm və əlamətdar hadisədir. Məhkəmə hakimiyyətinin müstəqil, demokratik əsaslarla formalaşması məhz Heydər Əliyevin zəngin idarəçilik səriştəsi, yüksək siyasi təcrübəsi və növbəti nəsillərə örnək ola biləcək biliyi sayəsində mümkün olub.

Bu baxımdan, 1998-ci ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin yaradılması Ulu öndərin məhkəmə sisteminin inkişafına xüsusi diqqətindən xəbər verir. Azərbaycanda Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması Konstitusiyanın aliliyini təmin edən, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə edən yeni ədalət mühakiməsi orqanının yaradılması ilə yanaşı, həm də məhkəmə sistemində mühüm islahat idi.
Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvecilik aktlarında məhkəmələrin, eyni zamanda hakimlərin hüquq və səlahiyyəti müəyyən edilərkən dünyanın aparıcı demokratik dövlətlərinin təcrübəsi, beynəlxalq təşkilatların tövsiyyələri nəzərə alınıb. Bütün bunlar Azərbaycanda müstəqil, ədalətli məhkəmə sisteminin məhz Heydər Əliyevin sayəsində formalaşdığını təsdiq edir.

Ulu öndər Heydər Əliyev məhkəmə orqanlarının fəaliyyəti və səlahiyyət bölgüsü müəyyənləşərkən ali humanizm prinsiplərinə, fundamental insan hüquq və azadlıqlarının təmin olunmasına xüsusi əhəmiyyət verib. Belə ki, Azərbaycan Konstitusiyasında təsbit olunan "Hüquq və azadlıqların inzibati məhkəmə təminatı", "Hüquqi yardım almaq hüququ", "Məhkəmə aidiyyatının dəyişdirilməsinə yol verilməməsi", "Təqsirsizlik prezumpsiyası", "Bir cinayətə görə təkrarən məhkum edilməyə yol verilməməsi", "Məhkəməyə təkrar müraciət etmək hüququ", "İnsan və vətəndaş azadlıqlarının təminatı" kimi maddələr məhkəmə orqanlarının dövlət və xalq qarşısında məsuliyyətini müəyyən edir, məhkəmə prosesinin ədalətli və şəffaf keçirilməsinə şərait yaradır.

Dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə qanunun aliliyinin təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin genişləndirilməsi məqsədi ilə 2000-ci ilin sentyabr ayında Azərbaycanda üçpilləli yeni məhkəmə sistemi yaradılaraq fəaliyyətə başlayıb. Ölkədə hakim korpusunun formalaşmasında ədalətli və şəffaf seçki prosedurunun tətbiqinə başlanılıb. Bütün bunlar Ulu öndərin liderliyi ilə Azərbaycanda hüquqi və demokratik dövlətin qurulmasını təmin edib. Nəticədə, Azərbaycanda yeni məhkəmə sistemi formalaşıb, məhkəmələrin fəaliyyəti və hakimlərin statusu beynəlxalq standartlara uyğunlaşdırılıb. Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycan Konstitusiyasında və məhkəmə sisteminə dair qanunvericilikdə insan amilinə daha çox önəm verilməsi Respublikamızın beynəlxalq aləmdə demokratik, hüquqi dövlət kimi tanınmasına səbəb olub. 2001-ci ildə Azərbaycanın Avropa Şurasına üzv qəbul olunması, "İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasına qoşulması dövlət başçısı Heydər Əliyevin böyük siyasi tərəqqisinin nəticəsidir. Ümumilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan məhkəmə sisteminin hüquqi-konseptual əsasları yaradılıb.

Bu gün Azərbaycanda məhkəmə orqanlarında daha geniş islahatlar həyata keçirilir, müasir texnologiyalar tətbiq edilir, qanunvericilik bazası təkmilləşdirilir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dayanıqlı və perspektivli məhkəmə sistemi yeni dinamik inkişaf mərhələsini yaşayır.

Yasamal rayon məhkəməsinin hakimi Murad Məmmədov
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter