Beyləqan Rayon Məhkəməsinin sədri Nurullayev Ramiz Vəliş oğlu.Bu gün Azərbaycan çox sürətlə inkişaf edir. Regionun ən qüdrətli ölkələrindən birinə çevrilmiş respublikamızın uğurlarının təməlində müdrik siyasət və bütün çətinlikləri aşaraq qurulmuş idarəetmə prinsipləri durur. Ölkəmizdə bu böyük siyasətin banisi ulu öndər Heydər Əliyev olubsa, günün reallıqlarına əsaslanan müasir idarəetmə prinsiplərinin müəllifi möhtərəm Prezidentimiz İlham Əliyevdir.Məhz, bu iki siyasətçinin dövlətçilik təcrübəsinin nəticəsi olaraq bu gün Azərbaycan bir çox göstəricilər üzrə nəinki postsovet məkanında, eləcə də bütün dünyada nümunə göstərilir. Bizim üçün fəxrdir ki, müasir Azərbaycan sosial-iqtisadi inkişafın tempinə, cəmiyyətin daha da demokratikləşdirilməsi üçün həyata keçirilən tədbirlərin miqyasına, elmi-texniki tərəqqinin daha geniş tətbiqinə, tolerantlığın mükəmməl bir səviyyəyə qalxmasına, infrastrukturun yeniləşməsinə və ümumiyyətlə, cəmiyyət həyatının bütün sahələrinə aid öz nümunəsini yaradır. Bu sadalananlar arasında bizim üçün daha böyük önəm kəsb edən məsələ isə Azərbaycanın dünyanın bütün ölkələri arasında ən islahatçı ölkə kimi tanınmasıdır. Özü də bu qərarı planetimizin ən mötəbər beynəlxalq təşkilatlarından biri vermişdir.

Azərbaycan barədə “ən islahatçı ölkə” ifadəsini eşidərkən hər birimiz özümüzə aid olan sahədə həyata keçirilmiş islahatlar barədə düşünürük. Elə bilirik ki, ən dərin və ən səmərəli islahat, məhz, bizim fəaliyyət göstərdiyimiz sahədə aparılıb. Təbii ki, biz, ədliyyə sahəsində çalışanlar da haqlı olaraq məhz bu qənaətdəyik: ölkədə ən uğurlu nəticələrlə yadda qalan islahatlar məhkəmə-hüquq islahatlarıdır. Ancaq məsələnin mahiyyətinə bir qədər də dərindən varanda məlum olur ki, istənilən sahədə aparılan islahatlar, məhz, ölkənin ümumi inkişafı ilə, hərtərəfli yeniləşmə ilə həmahəngdir. Hər halda, ulu öndər Heydər Əliyevin ölkəyə ikinci dəfə rəhbərlik etdiyi dövr Azərbaycan ədliyyəsinin misilsiz inkişafı ilə xarakterizə edilir. 2003-cü ilin payızından – Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətə başlamasından sonra isə respublikamızın ədliyyə sistemi, sözün həqiqi mənasında, inkişaf etmiş dünya ədliyyəsinin mühüm tərkib hissələrindən birinə çevrildi. Respublikanın o zamankı rəhbəri olan Heydər Əliyev ölkənin bütün sahələrində olduğu kimi, ədliyyə sistemində də mühüm islahatlar aparılmasına nail oldu və Azərbaycan ədliyyəsi öz inkişafının növbəti mərhələsini yaşamış oldu.
Heydər Əliyevin nəzərində dövlətçilikdə haqq-ədalətin qorunması, ona düzgün əməl olunması– ədliyyə işi birinci dərəcəli iş idi. Məhz bunun nəticəsində Ədliyyə Nazirliyinin yaranmasından cəmi bir ay keçməsinə baxmayaraq 1970-ci il noyabrın 17-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti xalq məhkəmələrinin seçicilər qarşısında hesabatlarının vəziyyəti və hüquqi biliklərin əhali arasında təbliği barədə qərar qəbul etdi.

Ulu öndər hüquqi biliklərin təkcə zəhmətkeşlər arasında təbliğ olunması ilə bu sahədə əsaslı dəyişikliklərin baş verməyəcəyini gözəl bilirdi. Bunlar ancaq başlanğıc üçün lazım idi. Əsas məsələlərdən biri də ali və orta ixtisas məktəblərində hüququn əsaslarının tədrisi və öyrənilməsi idi. Ona görə də, məhz Heydər Əliyevin təşəbbüsü, ideya müəllifliyi və səyləri ilə “zəhmətkeşlərin hüquqi tərbiyəsini yaxşılaşdırmaq tədbirləri haqqında” qərar layihəsi hazırlanaraq 1970-ci il dekabrın 4-də Azərbaycan KP MK-da müzakirə olunduqdan sonra qəbul olundu. Bu qərarda ali və orta ixtisas məktəblərində hüququn əsaslarının tədrisi və öyrənilməsi işini yaxşılaşdırmaq, tədris müəssisələri vasitəsilə hüquqi biliklərin təbliğini gücləndirmək, qanunvericiliyin ən aktual məsələlərinin gənc nəslə öyrədilməsinə, şərh olunmasına hüquq qaydalarının möhkəmləndirilməsinə və dövlət mülkiyyətinin qorunmasına yönəldilən kütləvi siyasi tədbirlərin keçirilməsi sahəsində tədbirlər planı hazırlamaq tələbi nəzərdə tutulurdu.
Heydər Əliyev daim hüquq-mühafizə və ədliyyə orqanlarının işini diqqət mərkəzində saxlayırdı. Azərbaycan SSR Nazirlər Soveti 7 dekabr 1971-ci ildə ədliyyə işçiləri üçün respublika ixtisasartırma kurslarının təşkili məsələsi ilə bağlı qərar qəbul etdi. Bu qərara əsasən Azərbaycan SSR Ədliyyə Nazirliyinə icazə verilirdi ki, işçilərin ixtisaslarının artırılması məqsədilə ildə 240 nəfər kontingent olmaqla istehsalatdan ayrılmaq və müdavimlərin təhsil müddətində iş yerində əməkhaqqı saxlanılmaq şərti ilə iki aylıq ixtisasartırma kursları yaratsın.
Ulu öndər məhkəmə-ədliyyə sahəsində inkişaf etmiş mütərəqqi ölkələrin məhkəmə-hüquq təcrübəsinin öyrənilməsi və cəmiyyətimiz üçün məqbul sayılan qanun və hüquq normalarının Azərbaycanda da tətbiq olunması məsələsinə də xüsusi diqqət yetirirdi. Haqq və ədalətin bərpası, ədliyyə işinin inkişafı üçün vəkillərin də fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyəti bu dövrdə Azərbaycan SSR Vəkillər Kollegiyası haqqında Əsasnaməni də təsdiq etmişdi.
Demək olar ki, 1969-87-ci illər Azərbaycanın bütün sahələrdə ən yüksək nailiyyətlər əldə etdiyi illərdir. Qeyd etdiyimiz kimi, bütün sahələrdə olduğu kimi, ədliyyə-hüquq sahəsində də sanballı işlər görüldü, bir sıra mühüm qanunlar, məcəllələr qəbul edildi, kadr hazırlığı, hüquq ədəbiyyatının nəşri və əhali arasında təbliği yüksək səviyyədə təşkil olundu və ixtisaslı kadrlar ordusu yetişdirildi. Azərbaycanın yüzlərlə istedadlı gənc oğul və qızları digər ixtisaslarla yanaşı, hüquq sahəsində təhsil almaq üçün SSRİ-nin ən yaxşı hüquq təhsili verən tədris ocaqlarına göndərildi, respublikada hüquq fakültəsinin fəaliyyəti genişləndirildi və ümumiyyətlə, bu sistemə yüksək diqqət və qayğı göstərildi.

Nə qədər ki, Heydər Əliyev SSRİ hökumətində yüksək vəzifədə idi, ermənilər səslərini çıxara bilmirdilər. O, vəzifədən istefa verdikdən sonra SSRİ hökumətinin razılığı ilə Ermənistan tərəfindən “Dağlıq Qarabağ” problemi yenidən ortalığa atıldı və erməni daşnaklar cəzasızlıq şəraitindən istifadə edərək açıq-aydın Azərbaycanın əleyhinə öz çirkin cinayətkar əməllərini həyata keçirməyə başladılar. Dağlıq Qarabağda erməni məktəblərində attestatlar ancaq erməni dilində yazılmaqla, Ermənistan Respublikası göstərilirdi. Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ Vilayətində azərbaycanlılar təqib olunur, onlara böhtan atılır, incidilirdilər.
1988-ci ilin fevralından başlayaraq Ermənistanda olan Azərbaycan kəndlərinə qarşı silahlı basqınlar təşkil edildi. Ən dəhşətli qanlı cinayətlər noyabrın 25-dən dekabrın 5-dək törədildi. Həmin günlər 200 mindən çox azərbaycanlı min illər boyu aborigen əhalisi olduğu doğma torpaqlarından qovuldu, onların on illər boyu yaratdıqları tikililər və digər daşınmaz əmlaklar, maddi nemətlər Ermənistan ərazisində qaldı. 1991-ci il avqustun 8-də Ermənistanın Mehri rayonunda qalmış son kənd– Nüvədi də boşaldıldı. Bu dövrdə Ermənistandakı doğma torpaqlarından didərgin düşmüş azərbaycanlı qaçqınların sayı 250 mindən artıq idi. Bütün bunlar mərkəzi hökumətin gözünün qarşısında onların razılığı ilə baş vermişdi. Rus imperiyasının erməni daşnakları ilə birgə Azərbaycan xalqına qarşı soyqırımı siyasəti davam edirdi.
Bu dövrdə xalqın qəzəbi son həddə çatdığından bir sıra rayonlarda hakimiyyət çevrilişi baş vermiş, “Sərhəd hərəkatı” meydana gəlmiş, uzun illər bir-birinə həsrət qalmış insanlar cənublu qardaş və bacıları ilə görüşmək üçün sərhəd dirəklərini sökmüşdülər. Bakıda hakimiyyətin istefası tələb olunurdu.
Haqsızlıq və ədalətsizliyə qarşı xalqın ucalan səsini batırmaq üçün ulu öndərin təbirincə desək, “SSRİ rəhbərliyi respublikada haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini qaldıran xalqa açıq divan tutmaq yolunu seçdi”. 1990-cı il yanvarın 15-də SSRİ Ali Soveti DQMV və qonşu rayonlarda fövqəladə vəziyyət elan etdi. Sənəddə, hətta, bu ərazilərin kimə məxsus olduğu belə göstərilməmişdi. Bakıya və Naxçıvana qoşun hissələri yeridilməsi planlaşdırıldı. Naxçıvan MSSR Ali Soveti dünya ictimaiyyətinin diqqətini cəlb etmək üçün muxtar respublikanın SSRİ-nin tərkibindən çıxması haqqında qərar qəbul etməklə burada baş verəcək qırğınların qarşısını aldı.
Ulu öndər yanvarın 21-də həyatını təhlükə altına ataraq, Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlib, burada təşkil olunan etiraz mitinqində çıxış etdi. O, 20 Yanvar faciəsinə siyasi qiymət verərək, mərkəzin və respublika rəhbərliyinin hüquqazidd olan əməllərini ifşa etdi. Bakıda fövqəladə vəziyyət olduğuna baxmayaraq, yanvarın 22-də xalq özünün şəhidləri ilə vidalaşdı. Vidalaşmada ədliyyə və hüquq-mühafizə orqanlarının işçiləri, vətənsevər oğulları xalqla bir sırada idilər. Bakının ən uca yerində şəhidlərin torpağa tapşırıldıqları sahədə 1918-ci ildə erməni daşnaklarının qətlə yetirdikləri azərbaycanlılar və türk şəhidləri dəfn edilmişdi. Şəhidlər şəhidlərə qovuşdu, Vətən torpağı bir daha müqəddəsləşdi.

Azərbaycan xalqına düşmən olan bu adamlar hər cür cinayətkarlığa hazır idilər. Ən ağrılısı isə o idi ki, vaxtilə vəzifə pillələrində yüksəltdiyi adamlar indi xəyanətkarcasına Heydər Əliyevin Bakıya gəlməsinə yol vermək istəmirdilər. Ona görə də, vəziyyəti mürəkkəbləşdirməmək üçün ulu öndər iyulun 22-də Naxçıvana getdi. Xalq sentyabrda Heydər Əliyevi Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetinə deputat seçdi. Onun rəhbərliyi ilə Naxçıvanda milli dövlətçilik ənənələri bərpa olunmağa başladı. Noyabrın 17-də muxtar respublikanın adından “sovet”, “sosialist” sözləri götürüldü, Azərbaycanın üçrəngli bayrağı muxtar respublikanın bayrağı oldu. 1991-ci il fevralın 5-də isə Azərbaycan Ali Sovetinin sessiyasının qərarı ilə Azərbaycan SSR “Azərbaycan Respublikası” adlandırıldı və üçrəngli bayraq Azərbaycan dövlətinin bayrağı kimi təsdiq olundu.
Azərbaycan Respublikası Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasında SSRİ-nin saxlanılması ilə bağlı referendum keçirilməsi məsələsi müzakirə olunarkən ulu öndər böyük uzaqgörənliklə bu qurumun saxlanılmasının mənasız olduğu və Azərbaycan dövlətinin müstəqil fəaliyyət göstərə bilməsi üçün hər cür imkanlara malik olduğunu söyləmişdi.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu və referendumda təsdiqi dekabrın 29-da həyata keçirildi. 1991-ci ilin dekabrında SSRİ-nin dağılması rəsmiləşdirildikdən sonra Azərbaycanın dövlət müstəqilliyi tam hüquqi təsdiqini tapdı.
Heydər Əliyev sovetlər dövründə Azərbaycan Respublikasının dövlətçiliyini faktiki olaraq yenidən yaratdı. Onun sovet Azərbaycanında gördüyü cahanşümul işlər dövlət müstəqilliyimizin bərpasında mühüm rol oynadı. Müstəqil dövlətçiliyimizin sosial-iqtisadi, milli-mənəvi əsaslarını formalaşdırdı. Belə ki, Heydər Əliyev ölkənin bütün sahələrində olduğu kimi, ədliyyə sistemində də mühüm islahatlar aparılmasına nail oldu və Azərbaycan ədliyyəsi öz inkişafının növbəti mərhələsini yaşamış oldu.
Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyinin hər bir dövrü Azərbaycan ədliyyəsinin misilsiz inkişafı ilə yadda qalmışdır.
Ümummilli liderimizin söylədiyi bütün fikirlər hər birimizin fəaliyyət prinsipinə çevrilmişdir. Onun uzaqgörənliklə söylədiyi bir fikir isə ədliyyə işçilərinin üzərinə daha böyük məsuliyyət qoyur:
“Hər bir şəxs konstitusiya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir”.
Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Vətəni və xalqı qarşısında müstəsna xidmətləri, dövlət müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq aləmdə böyük uğurlar qazanmasında, Azərbaycan dövlətçiliyinin nailiyyətlərində əvəzsiz rolu və misilsiz fəaliyyəti qədirbilən xalqımız tərəfindən hər zaman dərin minnətdarlıq hissi ilə yad edilir, Ulu Öndərin əziz xatirəsi daim uca tutulur.
Bu gün müasir ədliyyə və məhkəmə sisteminin inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev dühası ilə ölkəmizdə məhkəmə, ədliyyə, prokurorluq və digər hüquq-mühafizə fəaliyyəti yenidən quruldu və onların gələcək inkişafının təməli qoyuldu. Məhz bu gün bu sahədə islahatlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Azərbaycanın özü qədər əbədi olan bu fenomenal şəxsiyyətin şərəfli ömrü və siyasi irsi indiki və gələcək nəsillərə nümunədir.
Heydər Əliyev nurlu əməlləri ilə öz adını mənsub olduğu xalqın, dövlətin, onun dəyərlərinin simvoluna çevirmiş şəxsiyyətdir. Bu ad Azərbaycan üçün müstəqilliyin, qurtuluşun, inkişafın, bütövlüyün rəmzidir. Onun işıqlı xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır!