Fransada son iki onillikdə qətllərin sayı 91% artıb və ölkə üçün görünməmiş səviyyəyə çatıb."Qanunyolu.info.az", “Qafqazinfo” - ya istinadən bildirir ki, ölkənin Daxili İşlər Nazirliyindən (DİN) əldə edilən bu məlumatlar “Le Figaro” qəzeti tərəfindən təqdim edilib.
DİN-in statistikasına görə, 2020-ci ildə ölkədə 4 472 qətl qeydə alınıb ki, bu da 20 il ərzində 91% artım deməkdir. 2000-ci ildə 2 338 qətl hadisəsi qeydə alınıb.
Əvvəlki illə müqayisədə 2020-ci ildə oğurluqla bağlı edilən qətl cəhdlərinin sayı 19,3%, analoji şəraitdə törədilən qətllərin sayı 17,1% artıb. Bu isə qətl sayının ümumilikdə 14,3% artması deməkdir. Döyülmə zamanı həlak olanların sayı 7,3% azalıb. Ümumilikdə, DİN-in qəzetə verdiyi məlumata görə, Fransada qətllərin sayı 2013-cü ildən artır.
Fransız kriminoloq, professor Alen Boer “Le Figaro”ya verdiyi müsahibədə etiraf edib ki, 2015-2016-cı illərdə qətllərin sayının artması Fransada törədilən və yüzlərlə insanın həlak olmasına gətirib çıxaran terror aktları ilə bağlı olub.
Eyni zamanda, o vurğulayıb ki, “Nitsa və Parisdə baş verənlərə bənzər bir sıra terror aktları başa çatdıqdan sonra ölkədə qətllərin sayı heç də aşağı düşməyib, qurbanların sayı yalnız artıb”.
Ekspertin fikrincə, belə vəziyyətin yaranmasının səbəbləri çoxdur. Bu, həm sosial, həm də sanitar böhranlardır. Nəticədə, onun sözlərinə görə, “insan sivilizasiyasının yaşamaq hüququ kimi nailiyyəti zərbə altına qoyulur”. “Dünyada, xüsusilə də Qərbdə fiziki zorakılığa güclü qayıdış tendensiyası yaranıb. Lakin bu tendensiyaya ya məhəl qoymurlar, ya da onun əhəmiyyətini lazımınca qiymətləndirmirlər”, - deyə Boer vurğulayıb.