Bu gün Yasamal rayon İcra Hakimiyyətində 26 iyun - Silahlı Qüvvələr Günü qeyd edilib.“Qanunyolu.info.az” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, Azərbaycan xalqı ilk dəfədir ki, Silahlı Qüvvələr Gününü qələbə şəraitində qeyd edir və buna görə xalqımız müzəffər Ali Baş Komandan İlham Əliyevə, şəhid və qazilərimizə borcludur.
Elşad Həsənov bildirib ki, Prezident İlham Əliyev Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.Təltif edilən hərbi qulluqçular arasında Yasamal rayonunu təmsil edən qazi və şəhidlər də var.
Qeyd olunub ki, yerli icra hakimiyyəti orqanlarında, o cümlədən Yasamal rayon İcra Hakimiyyətində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb.Vətən müharibəsinin ilk günlərindən Yasamal rayonu sakinləri fəal şəkildə ordu sıralarına qoşulublar.
Bu gün Yasamal rayonunun toplam 33 şəhidi var. Elşad Həsənov vurğulayıb ki, Yasamal rayon İcra Hakimiyyəti olaraq hər bir şəhidin dəfnində iştirak etdik, onların ailələrinə dəstək olduq və bu gün də onların qayğı və problemləri ilə maraqlanırıq.
Tədbirdə çıxış edən millət vəkili Elnur Allahverdiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin rəisi Ramin Şükürov, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, Yasamal rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qurbanov və digər natiqlər bu günkü şəraitdə Azərbaycan Silahlı Qüvvələr Gününün əhəmiyyətindən söz açıblar.
Daha sonra hərbi qulluqçulara hərbi təltiflər təqdim edilib. Şəhid ailələri və qazilər dövlətin diqqət və qayğısına görə Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığını bildiriblər.