AzTV-nin şəhid operatoru Sumqayıtda dəfn olunub
- 05.06.2021, 11:30,
- Sosial / Xəbər
Baxılıb: 287
Facebook
Вконтакте
Одноклассники
Google+
Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan AzTV-nin operatoru Sirac Abışovla vida mərasimi keçirilir.“Qanunyolu.info.az”-ın xəbərinə görə, vida mərasimi Sirac Abışovun yaşadığı evdə - Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində keçirilir.
"Qanunyolu.info.az" xəbər verir ki, vida mərasimində Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Aslan Aslanov, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Milli Məclisin deputatları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, QMİ-nin Abşeron, Sumqayıt və Xızı bölgəsi üzrə qazısı Hacı Rauf Sərdarov, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Prezidentin köməkçisi Hikmət Hacıyev şəhidin ailə üzvlərinə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın başsağlığını çatdırıb.
Kəlbəcərdə xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək həlak olan AzTV-nin operatoru Sirac Abışov iyunun 5-də Sumqayıt şəhərinin ən müqəddəs yerində - Şəhidlər xiyabanında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarı üzərinə gül dəstələri və əklillər qoyulub.
Qeyd edək ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi iyunun 4-də səhər saatlarında tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, 4 nəfər isə yaralanıb.
ALLAH RƏHMƏT ELƏSİN!
