“Biz orada şəhərlər quracağıq, həyatı qaytaracağıq”. "Qanunyolu.info.az", “Qafqazinfo”-nun verdiyi xəbərə istinadən, bunu Prezident İlham Əliyev “Haber Global” telekanalına müsahibəsində deyib:
“Biz bütün dağılmış yerləri bərpa edəcəyik. Bizim işğaldan azad edilmiş torpaqlara media nümayəndələri də gedir, hərbçilərimiz özləri də videoya çəkirlər, görürlər ki, bir dənə də salamat bina yoxdur. Bu faşistlər bütün kəndləri dağıtdılar, elə etdilər ki, heç vaxt Azərbaycanlı ora dönməsin, dönə bilməsin.
Amma Azərbaycan xalqının iradəsini bilmirlər. Biz Cocuq Mərcanlını təxminən 8 aya qurduq. Oranı inşa etdik, indi insanlar orada yaşayır, qazı da, suyu da, işığı da, məscidi də var. Biz bütün torpaqları cənnətə çevirməliyik, oranın torpağı onsuz da cənnətdir. Uzun illər erməni tapdağının altında olmasına baxmayaraq, o torpaq canlanacaq, ora həyat dönəcək, uşaqların gülüşü gələcək, insanların təbəssümü qayıdacaq. Azərbaycan vətəndaşları o torpaqlarda ləyaqətlə yaşayacaqlar.
Məcburi köçkünlərimiz bilir ki, mənim üçün onların problemi bir nömrəli problemdir. Biz onlar üçün nə qədər yardımlar edirik. Bu il 7 min ailəyə mənzil veriləcək. Dövlət onların hər birinə, hər ay müavinət verir. Onlar dövlətin qayğısından razıdırlar. Amma mənim onlarla keçirdiyim görüşlərdə hər zaman təşəkkür bildirirdilər, deyirdilər burada hər şey yaxşıdır, amma bizi ora qaytarın, biz ora getmək istəyirik və gedəcəklər. Ona görə biz indi artıq o bölgələrin inkişafı planları üzərində işləməliyik. Müvafiq tapşırıqlar verilib, planlama hazırlanacaq ki, o bölgələrə Azərbaycan əhalisi qayıtsın və maksimum qısa müddətdə onlar ora yerləşsin”.