ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşner Kiyevə gəliblər.“Qanunyolutv.az” xəbər verir ki, bu barədə “AzadlıqRadiosu”nun Ukrayna xidməti məlumat yayıb.
ABŞ nümayəndə heyətini qatardan düşərkən Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov, “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya və Prezident Ofisi rəhbərinin birinci müavini Serhiy Kıslıtsya qarşılayıblar. Uitkoff və Kuşner ukraynalı rəsmilərlə uzun müddət söhbət edərək görüşüblər.
Daha sonra amerikalı diplomatların Ukrayna Prezidenti Volodimir Zelenski ilə Müqəddəs Sofiya kafedralının divarları önündə görüşündən kadrlar yayılıb.
Qeyd olunub ki, Volodimir Zelenski bu danışıqlardan dərhal öncə Ukraynanın nümayəndə heyəti ilə xüsusi müşavirə keçirib.
Xatırladaq ki, Uitkoff və Kuşner Kiyevə gəlməzdən əvvəl – sentyabrın 5-də Kremldə Rusiya Prezidenti Vladimir Putinlə 3 saat 10 dəqiqə davam edən
qapalı danışıqlar aparıblar. Rusiya tərəfi amerikalı elçilərin münaqişənin tənzimlənməsi ilə bağlı ciddi təkliflərlə gəldiklərini bildirib.
****
Prezident Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə Kiyevdə görüşü başlayıb.****
Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner arasında danışıqların birinci raundu başa çatıb.Bu barədə Ukraynanın
“Ukrinform” agentliyi məlumat yayıb.
Bildirilib ki, birinci raunddan sonra danışıqların ikinci mərhələsinin keçirilməsi planlaşdırılır. Növbəti raundda Böyük Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik üzrə müşavirlərinin də iştirakı gözlənilir.
Qeyd edək ki, Uitkoff və Kuşnerin Kiyevə səfəri onların ABŞ prezidentinin nümayəndələri kimi Ukraynaya ilk səfəridir. Onlar Kiyevə gəlməzdən əvvəl sentyabrın 5-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər. Kremlin məlumatına görə, üç saatdan çox davam edən görüşdə Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı məsələlər müzakirə olunub.
ABŞ nümayəndələrinin Kiyevdə Volodimir Zelenski ilə görüşündə müharibənin dayandırılması üzrə diplomatik səylərin davam etdirilməsi müzakirə olunur. Zelenski daha əvvəl ABŞ nümayəndələrinin səfərinin Ukrayna üçün mühüm olduğunu bildirib və Kiyevin “məzmunlu danışığa” hazır olduğunu vurğulayıb.
Hazırda danışıqların birinci raundunda konkret hansı məsələlər üzrə razılıq əldə edildiyi açıqlanmayıb.