Tarixin bəzən bir günü olur ki, illərin ağrısını, əsrlərin mübarizəsini, xalqın ümidsizliyini silib aparır. Azərbaycan xalqı üçün belə günlərdən biri 15 İyun 1993-cü il tarixidir. Həmin gün Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə yalnız bir liderin deyil, bütöv bir xalqın taleyi dəyişdi. O gündən Azərbaycan yenidən nəfəs aldı, ayağa qalxdı, sabaha inamla addımlamağa başladı.1991-ci ildə Azərbaycan formal olaraq müstəqilliyini bərpa etsə də, əsl müstəqillikdən söhbət getmirdi. Ölkədə siyasi böhran dərinləşir, vətəndaş qarşıdurması təhlükəsi artır, iqtisadiyyat dağılır, ordu zəif, idarəetmə bacarıqsız idi. Xalq özünü sahibsiz, qorunmasız hiss edirdi.
Heydər Əliyev bu dövrü belə xatırlayırdı və 15 iyun 1998-ci il çıxışında deyirdi: "1993-cü ilin iyununda Azərvaycan vətəndaş müharibəsi təhlükəsi qarşısında idi. Xalqım məni Bakıya hakimiyyətə dəvət etdi. Mən də bu cağırışı bir ömürlük məsuliyyət kimi qəbul etdim.
Qurtuluş Gününün tarixi mahiyyəti ondan ibarət idiki 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə Heydər Əliyev seçildi. Bu hadisə tarixə Milli Qurtuluş Günü kimi düşdü. O, hakimiyyətə zorla deyil, xalqın çağırışı ilə, ümumxalq dəstəyi ilə qayıtdı. Bu, bir xalqın öz liderinə olan inamının təntənəsi idi.
Ulu Öndərin sözləri bu günü mükəmməl ifadə edir və 1993-cü il iyun çıxışında dahi belə qeyd edirdi:- Mənim həyatımın məqsədi və məzmunu yalnız və yalnız xalqıma xidmət etməkdir. Elə məhz bu xidmət, bu fədakarlıq nəticəsində Azərbaycan tədricən anarxiyadan xilas oldu, sabitlik bərpa edildi, gələcəyə doğru ümidlə baxmağa başladı. Heydər Əliyev dövlətçilik məktəbinin banisi kimi tarixdə imzasını qoydu.
Ulu Öndər siyasi hakimiyyətə qayıtdıqdan dərhal sonra dövlət quruculuğu prosesinə başladı. Ordu quruculuğu, konstitusiya islahatları, milli təhlükəsizlik konsepsiyasının formalaşması, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, enerji siyasəti kimi əsas sahələrdə mühüm addımlar atıldı.
Onun rəhbərliyi ilə 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanı enerji xəritəsində strateji oyunçular sırasında yerləşdirdi. Sabitlik, iqtisadi islahatlar və hüquqi dövlət prinsipləri inkişaf etdi.
Ümummilli lider Heydər Əliyev, 1995-ci il, dövlət proqramı çıxışında belə qeyd edirdi:- "Bizim əsas məqsədimiz güclü, demokratik, hüquqi və dünyavi Azərbaycan dövləti qurmaqdır"
Bu proqramlar nəticəsində Azərbaycan təkcə regional yox, beynəlxalq miqyasda da nüfuz qazandı. Ölkədə hüquqi islahatlar, azad bazar iqtisadiyyatı və vətəndaş cəmiyyəti institutları inkişaf etməyə başladı. Milli Qurtuluşun mirası isə xalqımızı Zəfərə aparan yol oldu. Heydər Əliyevin təməlini qoyduğu siyasi kurs bu gün onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2020-ci ildə Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində böyük zəfər qazandı. Bu zəfərin kökləri məhz 1993-cü il Qurtuluş fəlsəfəsində gizlidir.
Ulu Öndərimiz Heydər Əliyev, 2000-ci il çıxışında fəxarət hissi ilə belə deyirdi:- "Mən həmişə demişəm və bu gün də deyirəm: Azərbaycan dövlətinin müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır". Şükürlər olsun ki, bu müdrik və tarixi ifadə artıq reallığa çevrilmişdir.
15 iyun – təkcə keçmişdə yaşanan bir təqvim tarixi deyil deyil. Bu, bir millətin dirçəliş simvoludur. Bu gün biz öz evimizdə azad, təhlükəsiz, müstəqil yaşaya biliriksə, bu, Heydər Əliyev dühasının və onun xalqına olan sonsuz sevgisinin nəticəsidir. Qurtuluş anlayışı bu gün hər bir azərbaycanlının qəlbində yaşamalı, əməldə hiss edilməlidir. Xalq – lider birliyinin nə qədər müqəddəs və sarsılmaz olduğunu tarix sübut edib. Bu birlik bizi qoruyur, böyüdür, sabaha aparır.
15 İyun – Milli Qurtuluş Günü, Azərbaycan xalqının öz müqəddəratını təyin etdiyi günlərdən biridir. O gün təkcə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı deyildi – bu, Azərbaycan dövlətçiliyinin ikinci doğuluş günü idi.
Heydər Əliyev 1997-ci il çıxışında deyirdi:" Mən fəxr edirəm ki, Azərbaycan xalqına arxalanıram. Mən bu xalqla hər şeyə qadirəm". Bu sözlər bu günümüzün əsasını təşkil edir. Xalq və lider birliyi, milli ruh, qurtuluş düşüncəsi Azərbaycanı qarşıdakı əsrlərə aparacaq qədər güclüdür.
Qoy 15 İyun tarixi həmişə yaşasın – xalqın qurtuluş, sabitlik və sabaha inam günü kimi!
Yaşasın Milli birliyimizin təzahürü olan Ulu Öndər ideyaları!
Yaşasın Azərbaycan!
Bayramınız mübarək!Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinin rəisi
Polkovnik-leytenant
Mehman Qurbanov