Müalicə müddəti həbsinə əlavə edildi, azadlığa çıxa bilmədi
- 31.08.2020, 10:40,
- Kriminal
Baxılıb: 17
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda inzibati həbs olunan şəxs saxlanıldığı müddət ərzində koronavirusdan müalicə olunduğu üçün onun həbsdə saxlanma müddəti uzadılıb."Qanunyolu.info.az", “Qafqazinfo”nun verdiyi xəbərə istinadən, bu barədə vəkil Əsabəli Mustafayev məlumat yayıb.
O bildirib ki, vəkili olduğu Fərhadov Emin Aydın oğlu barəsində məhkəmənin 31 iyul 2020-ci il tarixli qərarı ilə 30 gün müddətinə inzibati həbs tədbiri tətbiq olunub: “Qərarda cəzaçəkmənin əvvəli 30 iyul tarixi göstərilib. Məhkəmə qərarında həmçinin cəzanın çəkiləcəyi müəssisə qismində İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsi göstərilib. Məhkəmənin bu qərarına baxmayaraq, Emin Fərhadov 3 avqust tarixə qədər 13-cü polis bölməsində saxlanılıb. Polis bölməsində onu koronavirusla bağlı test ediblər və bildiriblər ki, testin cavabı müsbət çıxıb.
Bu səbəbdən onu tibbi müalicə müəssisəsinə göndəriblər. Həmin müəssisədə 12-13 gün saxlandıqdan sonra Emin Fərhadov Məntəqəyə gətirilib və hal-hazırda orada cəza çəkir. Məntəqədə Fərhadova bildiriblər ki, onun müalicədə olduğu günlər cəzaçəkmə müddətinə daxil olmayacaq və o, bu səbəbdən məhkəmə qərarına uyğun olaraq 29 avqust tarixdə (yəni sabah) deyil, 12 sentyabr tarixində azadlığa buraxılacaq. Hesab edirəm ki, Məntəqənin əməkdaşlarının bu yanaşması qanunsuzdur. Məhkəmə qərarında həbs etmənin əvvəli kimi 30 iyul tarixi göstərilib və bu qərar qanuni qüvvədədir. Cəzanın təxirə salınması barədə məhkəmə qərarı yoxdur. Belə olduğu halda Fərhadovun azadlığa buraxılma vaxtının Məntəqə rəhbərliyi tərəfindən heç bir hüquqi əsas olmadan uzadılması qanunsuzluq kimi qiymətləndirilməlidir”.
“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əlməmməd Nuriyev "Qanunyolu.info.az", “Qafqazinfo”ya istinadən açıqlamasında bildirib ki, həmin şəxsin məhkəmə qərarında göstəriləndən artıq saxlanılması qanunsuzdur: “Belə bir hal mümkün ola bilməz. Qanunvericilik buna icazə vermir. Həmin şəxsi məhkəmənin qərarında göstərilən vaxtdan əlavə bir neçə dəqiqə saxlamaq belə hüquqi məsuliyyət yaradır”.Qeyd edək ki, E.Fərhadov karantin rejimi qaydalarını pozaraq icazəsiz evdən çıxdığı üçün inzibati məsuliyyətə cəlb edilib.
