İşdən çıxarılan müəllim 271 min pul “atıb” - Bu qədər həbs cəzası aldı

İşdən çıxarılan müəllim 271 min pul “atıb” - Bu qədər həbs cəzası aldı

Külli miqdarda dələduzluqda ittiham edilən riyaziyyat müəlliminə hökm oxunub.

“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Aqşin Həsənov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib.

Qeyd edilib ki, 51 yaşlı Aqşin Həsənov 1995-1999-cu illərdə Lənkəran Dövlət Universitetinin Riyaziyyat fakültəsində təhsil alıb. 1999-2012-ci illərdə Lerik rayonu M.Qasımov adına Bibiyonu kənd tam orta məktəbində, 2013-2017-ci illərdə isə Abşeron rayonu Masazır kənd 2 saylı tam orta məktəbində müəllim işləyib. O, həmin vaxt müəllim yoldaşına xeyli pul “atdığına” görə işdən çıxarılıb və məhkəmə tərəfindən cərimə cəzasına məhkum edilib.

Azadlıqda qalan müəllim bundan sonra da oxşar əməllərinə davam edib. Belə ki, o özünü təhsil sistemində sözükeçən şəxs kimi tanıdıb və bir sıra vəzifəli şəxslərlə əlaqəsinin olduğunu deyərək ali məktəblərə qanunsuz tələbə qəbulu və müəllim kimi işə düzəltmə imkanlarının olduğuna inandırıb.

Bu yolla o, Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinə düzəldəcəyi abituriyentin valideynindən 74 900 manat, orta məktəbə müəllim kimi qəbul etdirəcəyi şəxsdən 10 030 manat, BDU-nun Hüquq fakültəsinə qəbul etdirəcəyini dediyi abituriyentin yaxınından 70 000 manat, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına tələbə kimi qəbul etdirəcəyini dediyi şəxsin ailəsindən 8000 manat, Azərbaycan Kooperasiya Universitetinin İqtisadiyyat fakültəsinə tələbə kimi qəbul etdirəcəyi barədə yalan vəd verdiyi şəxsdən 25000 manat, İqtisadiyyat Universitetinin Kompüter mühəndisliyi fakültəsinə tələbə kimi qəbul etdirəcəyini dediyin gəncin valideynindən 40 000 manat, Kürdəmir şəhər 2 saylı tam orta məktəbdən Sumqayıt şəhəri ərazisində yerləşən orta məktəblərin birinə ibtidai sinif müəllimi vəzifəsinə köçürəcəyini dediyi qadından 14 000 manat, Sumqayıtda yerləşən orta məktəblərin birinə fizika müəllimi vəzifəsinə qəbul etdirəcəyi barədə yalan vəd verdiyi digər qadından 24 000 manat, həyat yoldaşını Bakıda yerləşən orta məktəblərin birinə Azərbaycan dili-ədəbiyyat müəllimi vəzifəsinə qəbul etdirəcəyi barədə yalan vəd verdiyi kişidən isə 15 000 manat alaraq dələduzluq edib.

Aqşin Həsənov qeyd edilən şəxslərin heç birinə verdiyi vədə əməl etməyərək 271 min pulun böyük hissəsini ələ keçirib.

Məsələ ilə bağlı müxtəlif şəxslər hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra o, aldığı pulların bir hissəsini geri qaytarıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqşin Həsənova 7 il həbs cəzası verilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter