Sabunçu rayonunda aprelin 1-dən bu günə qədər keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən və üzərində odlu silah saxlayan daha 92 nəfər saxlanılıb.
“Qanunyolutv.az” DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabunçu RPİ əməkdaşları tərəfindən aprel-may ayları ərzində də Bakıxanov, Balaxanı, Ramana, Zabrat, Bilgəh, Pirşağı Kürdəxanı, Maştağa qəsəbələri və digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlarla 91 nəfər tutulub. Onlardan bir neçəsinin narkotikləri İranda yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdikləri müəyyən edilib. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 8 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib. Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb.
Qeyd edək ki, ilin əvvəlindən Sabunçu rayonunda polisin keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 43 kq narkotik vasitələr dövriyyədən çıxarılıb.
Bundan başqa Sabunçu RPİ-nin həyata keçirdiyi digər əməliyyat zamanı üzərində qanunsuz odlu silah saxlayan əvvəllər məhkum molunmuş Maştağa qəsəbəsi sakini Rafiq Bağırov da saxlanılılıb. Onun üzərindən 1 ədəd “Valter” markalı tapança, 2 ədəd patron və patron darağı aşkar olunub.