Zorlamada ittiham olunaraq 2 il həbsdə yatdı, sonra bəraət aldı

  • 20.05.2021, 17:00,
  • Kriminal
  • Baxılıb: 27
Zorlamada ittiham olunaraq 2 il həbsdə yatdı, sonra bəraət aldı

Bakıda 7 il öncə internet vasitəsilə tanış olduğu qadını bir neçə dəfə bıçaq və biz ilə hədələyərək zorlamaqda ittiham olunaraq 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Eşqin Quliyev (şərti) sonradan bəraət alıb.

“Qanunyolu.info.az” xəbər verir ki, Arzu Seyidova (şərti) hüquq-mühafizə orqanlarına müraciət edərək E. Quliyevin ona Abşeron rayonunda yerləşən “Neapol” hotelində və Səbail rayon ərazisindəki Şıx çimərliyində təcavüz etdiyini bildirib. Onun şikayəti əsasında Eşqin Quliyev həbs edilib.

Arzu Seyidova iddia edib ki, Eşqin Quliyevlə instaqramda tanış olub və onunla ilk dəfə “Neapol” hotelində görüşüb: “Eşqin mənimlə evlənəcəyini deyərək görüşməyə israr edirdi. Amma görüşəndən sonra mənə zor tətbiq edərək cinsi əlaqadə olmaq istədi. 2014-cü ilin dekabrında məni “Neapol” hotelinə apardı. Daha sonra maşından düşmədiyimi görərək saçlarımdan tutub zorla 22 nömrəli otağa saldı. Mənim üzümə və bədənimə zərbələr vuraraq boğazıma bıçaq dayadı. Bundan sonra mənə qarşı seksual hərəkətlər etdi”.

Eşqin Quliyevin vəkili Cavid Rzazadə isə bu ittihamların yalan olduğunu bildirib. O qeyd edib ki, A. Seyidova ifadəsində hotelin 22 saylı otağının domik və kabinlər şəklində olduğunu desə də, bunun yalan olduğu ortaya çıxıb. Vəkil həmin otağın pilləkənlərinin ifadədə göstərildiyi kimi taxtadan yox, mərmərdən olduğunu açıqlayıb: “Şikayətçinin iddiasında qeyd olunub ki, Quliyev onu sürüyə-sürüyə hotel otağına aparıb. Amma bu, mümkün deyil. Heç bir hoteldə “resepşn”a yaxınlaşmadan içəri girmək mümkün deyil. Hətta hotelin mühafizə rəisi də qeyd edib ki, belə hal olsaydı, onlar mütləq polisə müraciət edərdi. Həmçinin hotelin sifariş üçün olan nömrəsinə Quliyev tərəfindən heç bir zəng edilmədiyi də sübuta yetirilib”.

Vəkil bildirib ki, Arzu Seyidovanın ifadəsində hotelin otağında döyülməsi və otaqda olan armudu stəkanı götürərək qolunu kəsməsi yer alıb: “Həmin vaxt Seyidova 3 dəfə bacısı Aytənlə danışıb. Əgər belə bir şey olsaydı, ona deyərdi ki, mənə qarşı burada təcavüz var. Mesajlardan da aydın olur ki, Seyidova qolunu evdə özü kəsib.
Zorlamada ittiham olunaraq 2 il həbsdə yatdı, sonra bəraət aldı

Fotoda: Cavid Rzazadə

Həmçinin şikayətçi ilk dəfə “Neapol” hotelində görüşdüklərini bildirsə də, bu doğru deyil. Ondan öncə dekabrın 12-də onlar “Hollivud” hotelində görüşüblər. Digər tərəfdən qeyd etmək lazımdır ki, Seyidova məhkəməyə verdiyi ilk ifadədə Quliyevin onu zorlamasına dair heç bir iddia irəli sürməyib. Sonradan o, bu barədə ifadələrində yazıb. Bütün bunlar onu göstərir ki, ifadələr yalandır. Arzu Seyidova daha sonra Eşqin Quliyevin onu Şıx çimərliyi ərazisində təkrarən zorladığını bildirib”.

Arzu Seyidovanın istintaqa verdiyi ifadədə deyilir ki, Eşqin 2015-ci ilin yanvar ayının 6-dan 7-nə keçən gecə onunla “Qız Qalası”nın yanında görüşüb və onu “Range Rover” markalı avtomobilə otuzduraraq Milli Parkda gəzməyə, daha sonra “Şıx” çimərliyinə aparıb: “Maşının mən oturduğum oturacağını arxaya verib üzərimə gəldi. Boğazıma biz dayayaraq ölümlə hədələdi, üzümə, bədənimə, qarnıma vurdu. Bundan sonra mənimlə cinsi əlaqədə oldu”.

Vəkil Cavid Rzazadə isə bildirib ki, bütün bunlar Seyidova tərəfindən uydurulub: “Arzu Seyidova o zaman işlətdiyi telefonu hələ də gizlədir. Digər tərəfdən o, Eşqini özü şəxsən görüşə çağırıb. Onu şantaj etmək üçün materiallar əldə etməyə çalışıb. Üstəlik, şikayətçi qeyd edir ki, Quliyev bir neçə saat ərzində onu “Şıx” çimərliyində zorlamağa çalışıb. Lakin telefon zənglərindən görünür ki, Quliyev həmin saatlarda Salyan şossesi 63-cü kilometrə qədər gedərək yenidən Bakı şəhərinə qayıdıb. Hətta yolda “Porsche” markalı avtomobillə qəza törədən birinə kömək edib. Bu zaman maşında olan A. Seyidova hadisə yerində olan polisləri də görüb. Maraqlıdır ki, o, nə üçün həmin vəziyyətdə polislərə yaxınlaşmayıb? Bütün bunlar uydurmadır”.

Bakı Ağır Cinayətlər məhkəməsində 2018-ci ilin noyabrın 8-də Eşqin Quliyevə 6 il 6 ay həbs cəzası verilib. Onun cəzası həbs edildiyi gündən, yəni 2017-ci ilin oktyabrın 23-dən hesablanıb. Lakin Bakı Apellyasiya məhkəməsinin 2019-cu il oktyabrın 1-də verilmiş qərarı ilə hökm ləğv edilib, Eşqin Quliyevə bəraət verilib və o, azadlığa buraxılıb. A.Seyidovanın bəraətdən verdiyi şikayəti və prokurorluğun protestini Ali Məhkəmə təmin etməyib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter