Bu gün Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günüdür

Bu gün Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günüdür



















Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 145 il ötür.

"Qanunyolu.info.az"-ın məlumatına görə, ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.
“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış ediblər. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb.

O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.
Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər.

Azərbaycanda Mətbuat Şurasının formalaşması media sahəsində pərakəndəliyi aradan qaldırmağa müvəffəq olub, Jurnalistlərin Peşə Kodeksinin yaradılması isə media qurumları arasında problemlərin həllinə müsbət təsir göstərib.
Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri (KİV) üzərində senzura ləğv edilib. Bu fərman kütləvi informasiya vasitələrinin (KİV) sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib.

1993-cü ildə Heydər Əliyev prezident seçildikdən sonra mətbuatın inkişafında yeni dövr başlayıb. Qanunvericilik bazası təkmilləşib, yeni fərman və sərəncamlar imzalanıb. Kütləvi informasiya vasitələrinin (KİV) maddi-texniki bazası möhkəmlənib, ölkənin ictimai-siyası mənzərəsini əks etdirən yeni mətbu orqanlar işıq üzü görməyə başlayıb. Ən əsası isə senzura ləğv edilib. Bu idi ulu öndərin azad sözə, azad fikrə verdiyi qiymət. O, mətbuatı müstəqil, şəffaf, tərəfsiz görmək istəyirdi.


Mətbuatı mütəmadi izləməsi onun jurnalistlərlə sıx əlaqələr qurmasına, onları yaxından tanımasına şərait yaratdı. Həm ölkə daxilində, həm də xarici səfərlər zamanı onu müşaiyət edən mətbuat nümayəndələrinə tez-tez müsahibələr verir, fikirlərini bölüşür, onların fəaliyyəti ilə maraqlanırdı.
Məhz bu xüsusiyyətlər əvəzolunmaz şəxsiyyəti ölkə jurnalistlərinin sevimlisinə, dostuna çevirdi. Heydər Əliyevin "Mətbuatın dostu” mükafatına layiq görülməsi də bu baxımdan təsadüfi deyildi. Milli lider rəsmi görüşlərdən sonra jurnalistlərlə zarafatlar edir, səmimi ünsiyyət qururdu. Bu da mətbuat işçilərini daha da cəsarətli olmağa sövq edirdi.

Gökəmli şəxsiyyət Heydər Əliyev Azərbaycan mətbuatına dair tarixi əlamətdar günlərə də hər zaman diqqət yetirmişdir. Onun 2000-ci ildə milli mətbuatımızın yubileylərinin ölkə səviyyəsində qeyd edilməsinə dair imzaladığı Fərman mətbuat-dövlət münasibətlərinin möhkəmlənməsində həlledici rol oynamışdır. Məhz bu böyük siyasətçinin milli mətbuatın inkişafına göstərdiyi qayğının nəticəsi idi ki, 2002-ci ildə o, “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür. Təsadüfi deyildir ki, ulu öndər dünya siyasətçiləri arasında bu mükafatı almış ilk dövlət başçısıdır. Həmin mükafatın təqdimat mərasimində çıxış edərkən Heydər Əliyev bu fikirləri səsləndirmişdir: “Mən bu mükafatı çox yüksək qiymətləndirirəm. Layiq gördüyünüz bütün başqa mükafatlarla yanaşı, bu mükafat da öz yerini tutacaqdır. Çalışacağam ki, həmişə jurnalistlərin dostu olam. Bundan sonra da jurnalistlərə əlimdən gələn yardımı edəcəyəm”.

Heydər Əliyev qələm sahiblərinin əməyini qeyri-adi, zəhmətli, hünər və fədakarlıq tələb edən, əmək kimi ifadə edirdi. Ulu öndər KİV-ləri cəmiyyətdə olan çatışmazlıqları, nöqsanları, hakimiyyətin fəaliyyətində olan qüsurları tənqid edərək onların aradan qaldırılmasına kömək edən qurum kimi dəyərləndirir, jurnalistləri ədalətli olmağa, öz hüquqlarından sui-istifadə etməməyə, qərəzsiz və dəqiq yazmağa səsləyirdi.

Ümumilikdə, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi dövrdə mətbuatımızın inkişafı üçün əvəzsiz xidmətlər göstərmişdir. Ölkədə mətbuatla bağlı mükəmməl qanunvericilik bazasının yaradılması, maddi-texniki bazanın möhkəmləndirilməsi, senzuranın ləğvi, qəzet və jurnalların borclarının dondurulması, KİV-lərin fəaliyyətinin genişləndirilməsi və inkişafının təmin edilməsinə dair qəbul edilmiş çoxsaylı sərəncamlar ulu öndərin ölkə jurnalistikasına verdiyi yüksək dəyərin sübutudur.

Bu gün Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günüdür















Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir.
Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-ə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.

Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib. 2013-cü və 2017-ci illərdə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. Dövlət başçısı 2017-ci ildə mətbuat işçiləri üçün sayca üçüncü yaşayış binasının tikintisi ilə bağlı sərəncam imzalayıb.

Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Sözsüz ki, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas səbəbkarları Azərbaycan jurnalistləridir.
Prezident İlham Əliyev 30 iyun 2020-ci il tarixdə Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Bu gün isə ulu öndər Heydər Əliyevin siyasi kursunu onun layiqli varisi Prezident İlham Əliyev uğurla davam etdirir. Ölkə rəhbərinin mətbuat sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı, onun ölkədə jurnalistika və jurnalistlərlə bağlı problemlərin həlli istiqamətində atdığı addımlar bu sahənin sürətlə inkişaf etməsinə, KİV-lərin fəaliyyətinin genişlənməsinə və peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olub. İnanırıq ki, mətbuatımız bundan sonra da dövlətimizin dəstəyi ilə, inamlı şəkildə irəliləyəcək və daha böyük nailiyyətlər əldə edəcək.


P.S."Qanunyolu.info.az" xəbər portalı rəhbəri olaraq, məndə bu gün peşə bayramını qeyd edən bütün həmkarlarımızı kollektivimiz adından təbrik edir, fəaliyyətlərində yeni-yeni müvəffəqiyyətlər və uğurlar diləyirəm.
BAYRAMINIZ MÜBARƏK.
ARİF SÜLEYMANLI
Bu gün Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günüdür
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter