ARİF SÜLEYMANLI: Lənkəran şəhər Vaqif Əliyev adına 4 nömrəli Humanitar Təmayüllü-Lisey növbəti uğur salnaməsini yazdı – 90 məzun tələbə adını qazandı

ARİF SÜLEYMANLI: Lənkəran şəhər Vaqif Əliyev adına 4 nömrəli Humanitar Təmayüllü-Lisey növbəti uğur salnaməsini yazdı – 90 məzun tələbə adını qazandı

Lənkəran şəhər Vaqif Əliyev adına 4 nömrəli Humanitar Təmayüllü-Lisey təkcə yüksək bal toplayan məzunları ilə deyil, həm də yetişdirdiyi tanınmış ziyalılar, elm adamları, həkimlər, müəllimlər, hüquqşünaslar, dövlət qulluqçuları və müxtəlif sahələrdə çalışan peşəkar kadrlarla tanınır. Bu təhsil ocağının məzunları bu gün Azərbaycanın müxtəlif dövlət qurumlarında, eləcə də dünyanın bir çox ölkələrində məsul vəzifələrdə çalışaraq Vətənimizi layiqincə təmsil edirlər.

Əldə olunan bu möhtəşəm nəticələr bir daha göstərir ki, Vaqif Əliyev adına 4 nömrəli Humanitar Təmayüllü-Lisey öz şərəfli ənənələrini uğurla davam etdirir və gələcəyin savadlı, vətənpərvər, peşəkar gənclərinin yetişdirilməsində mühüm rol oynayır.

Azərbaycanın tanınmış və köklü təhsil müəssisələrindən biri olan Lənkəran şəhər Vaqif Əliyev adına 4 nömrəli Humanitar Təmayüllü-Lisey bu il də ənənəsinə sadiq qalaraq qəbul imtahanlarında möhtəşəm nəticələr əldə edib. Uzun illərdir yüksək intellektli gənclər yetişdirən, ölkənin ictimai-siyasi, elm, təhsil, səhiyyə, hüquq və digər sahələrinə yüzlərlə peşəkar kadr bəxş edən bu təhsil ocağı növbəti dəfə uğur salnaməsinə yeni səhifə əlavə edib. Məktəb uzun illərdir respublikanın qabaqcıl ümumtəhsil müəssisələri sırasında yer alır və müxtəlif dövrlərdə yüksək nailiyyətlərinə görə dövlət səviyyəsində də qiymətləndirilib.

2026-cı ilin qəbul imtahanlarının nəticələrinə əsasən liseyin 90 məzunu tələbə adını qazanıb. Bu göstərici məktəbin güclü müəllim kollektivi, peşəkar rəhbərliyi və şagirdlərin məqsədyönlü hazırlığının bariz nümunəsidir.

Qəbul olunan məzunlardan 8 nəfəri tibb sahəsini seçərək nüfuzlu ali məktəblərə qəbul olub. Onlardan 4 nəfər Azərbaycan Tibb Universitetinə, 1 nəfər Qarabağ Universitetinin Tibb fakültəsinə, 2 nəfər Türkiyənin "Ondokuz Mayıs" Universitetinə, 1 nəfər isə Almaniyanın dünya şöhrətli "Charité" Universitetinə qəbul olunub.

Bununla yanaşı, liseyin daha iki məzunu yüksək nəticələri sayəsində BƏƏ-də yerləşən "Wollongong" Universitetinə və Çinin "Harbin" Universitetinə qəbul olunaraq məktəbin beynəlxalq uğurlarını daha da artırıblar.

Bu uğurlar sırasında Siddiqə və Zöhrə Mehtiyeva bacılarının nəticələri xüsusi diqqət çəkir. Hər iki bacı Türkiyənin nüfuzlu dövlət universitetlərindən biri olan "Ondokuz Mayıs" Universitetinin Tibb fakültəsinə qəbul olunub.

Siddiqə Mehdiyeva TR-YÖS imtahanında mümkün 500 baldan 470 bal toplayaraq universitetin Diş həkimliyi fakültəsinə qəbul olunub.

Zöhrə Mehdiyeva isə TR-YÖS imtahanında 472 bal, eyni zamanda beynəlxalq TOEFL imtahanında mümkün 6 baldan 5 bal toplayaraq universitetin Müalicə işi fakültəsinə qəbul olub.

Liseyin daha bir məzunu Rəsul Həsənov isə Çinin "Harbin" Universitetinə qəbul olunaraq beynəlxalq təhsil uğurlarına öz adını yazdırıb.

Qəbul imtahanlarında 8 məzun 600 baldan yuxarı nəticə göstərib:

* Ramal Kərimli – 656 bal
* Əkbər Əyyubov – 647 bal
* Ellada Əliyeva – 644 bal
* Nərmin Baxşıyeva – 639 bal
* Amin Rəhimli – 635 bal
* Zeynəb Əzimova – 610 bal
* Kənan Həsənli – 605 bal
* Leyla Səlimova – 603 bal


P.S. Sonda məndə "Qanunyolutv.az"-ın rəhbəri olaraq kollektivimiz adından qəbul imtahanlarında uğur qazanan bütün məzunları, onların valideynlərini, müəllimlərini və məktəb rəhbərliyini ürəkdən təbrik edir, hər birinə gələcək həyatlarında yeni-yeni nailiyyətlər arzulayırıq.

Materialı hazırladı; "Qanunyolutv.az"-ın rəhbəri, AJB-nin üzvü
ARİF SÜLEYMANLI
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter