Gülnar İsmayılova
Şirvan şəhəri Elçin İmanov adına 10 nömrəli tam orta ümumtəhsil məktəbində
sosial pedaqoqUşaqlar hər bir dövlətin, cəmiyyətin gələcəyidir. Ölkəmiz həmişə uşaqlara xoş münasibət, diqqət və qayğı göstərməyin örnəyini yaradıb. Yeni nəslin düzgün, fiziki və əqli cəhətdən sağlam yetişdirilməsi, keyfiyyətli təhsil və tibbi xidmətlərlə təmin edilməsi, layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu siyasətin uğurla reallaşdırılmasına Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu hərtərəfli dəstək verir.Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva – bu birinciliyin əsas missiyası dövlətə, vətənə və xalqa sədaqətlə xidmətdə qərarlaşıb. O, Azərbaycan qadınının kimliyini dünyaya uğurla təqdim edir. Bu kimliyin əsasında isə canı qədər sevdiyi Azərbaycanın yüksəlişi, onun beynəlxalq miqyasda uğurlu təqdimatı, doğma xalqının rifahı dayanır.
- Bəli, həqiqətən tariximizin bütün mərhələlərində Azərbaycan qadının adı böyük şərəflə keçir. O, qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir olaraq öz adını tariximizin ayrı-ayrı səhifələriniə yazdlra bilmişdir. Hətta bəzən xarici ölkələrdən gələn tədqiqatçılar, alimlər, suyasətçilər qeyd edirlər ki, “biz Azərbaycana gələnədək elə bilirdik ki, qadınlarınız hüququnu bilməyən, zəif və passivdirlər, lakin səfər zamanı tam əksini görürük, bunun səbəbi nədir?” Əlbəttə ki, biz cavab veririrk ki, bu bizim məxsus olduğumuz mədəniyyətdir, dəyərdir.
Birinci xanım statusunu insanların problemlərinə kömək üçün fürsət kimi dəyərləndirən Mehriban Əliyeva ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir. Təsdiq edir ki, Birinci xanım təkcə həyat yoldaşı deyil, dövlət başçısını xarici və ölkədaxili səfərlərdə sadəcə müşayiət etmir, bu status onun üzərinə çox mühüm vəzifələr qoyur və o, bu vəzifələrin öhdəsindən məharətlə gəlir...
1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradan Mehriban xanım Əliyeva xalqımızın maddi-mənəvi sərvətlərini tanıtmaq yolunda nəcib işə başlayır. Fəaliyyətinin mühüm göstəricisi isə rəhbərlik etdiyi Heydər Əliyev Fondunun timsalında əks olunur. O, diqqəti təhsilə, məktəbə, səhiyyəyə, uşaqların sağlamlığına, mədəniyyət proqramlarına yönəltdi. Məktəb tikintisi layihələri, məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması, uşaq evləri, internatların inkişafına dəstək proqramı, yeni uşaq tərbiyə müəssisələrinin inşası bu sahədə ciddi keyfiyyət dəyişikliyi yaratdı. Birinci xanım valideyn himayəsindən uzaq uşaqlara sosial himayəni ənənə halına saldı, ölkədə xeyriyyəçilik hərəkatına canlılıq gətirdi, Heydər Əliyev Fondunu nəinki Azərbaycanda, dünyada xeyirxahlıq və mərhəmət ünvanına çevirdi.

Azərbaycan mədəniyyətinin, musiqisinin, mədəni irsimizin, adət-ənənələrimizin qorunması, dünyada geniş təbliği Mehriban Əliyevanın ali məqsədləri sırasındadır. Onun çoxşaxəli fəaliyyəti nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer alır, muğam dünya musiqisinə çevrilib...
Birinci xanım ölkəmizdə ziyarətgahların, məscid və ibadətgahların, dini abidələrin bərpası və tikintisinə böyük dəstək göstərir, tolerantlığın və mədəniyyətlərarası dialoqun təbliğinə böyük töhfələr verir, onun təşəbbüsü ilə kilsə və sineqoqların bərpası uğurla həyata keçirilir.
Müxtəlif ölkələrdə irimiqyaslı humanitar, sosial layihələr, beynəlxalq səviyyədə dünya irsinin mühafizəsinə, tarixi abidələrin bərpasına böyük dəstəyi isə Birinci xanımı Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevirib.
Onun fəaliyyətinin təməlində millətə layiqli xidmət məramı dayanır. Buna görədir ki, 2017-ci ilin fevralında Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi ölkədə çox müsbət qarşılandı. Bu təyinatdan dərhal sonra daha qətiyyətli işlərə başladı, ilk müşavirəsini qaçqın və məcburi köçkünlərin problemlərinə həsr etdi, əsas diqqəti bu problemlərin həllinə yönəltdi.
Vətən üçün canını qurban verən şəhidlərin məqamı onun üçün də ucadır. Birinci vitse-prezident şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərir, Azərbaycanın müstəqilliyinin qorunması yolunda yaralanan zabit və əsgərlərimizin sağlamlığının bərpası üçün mühüm tədbirlər görür. O, həm də gözəl həyat yoldaşıdır – ailəsinə yetərincə diqqət ayırır, Anadır – layiqli övladlar tərbiyə edir, nəvələrinin qayğısını çəkir...
Onun şəxsiyyəti və fəaliyyəti dünyanın da diqqətindədir. Parlaq uğurları layiq görüldüyü saysız-hesabsız nüfuzlu mükafatlarda da əks olunur. O, siyasət adamıdır, amma onun üçün ən böyük siyasət insanların xoşbəxtliyi yolunda fədakarlıq göstərməkdir. Özünün dediyi kimi, ən böyük mükafat isə insanların hörməti və sevgisidir...
Hörmətli Mehriban xanım Sizi – xalqımızın milli-mənəvi dəyərlərinin böyük hamisini, ölkəmizdə xeyriyyəçilik ənənələrinin qoruyucusunun, ölkəmizin mədəni incilərinin beynəlxalq aləmdə layiqincə təbliq edən vətənpərvər ziyalı xanımı, humanizm carçısını doğum günü münasibəti ilə ürəkdən təbrik edirik! Sizə cansağlığı, uzun ömür, xalqımızın hərtərəfli rifahı naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq! Qoy Ulu Yaradan Sizi və ailənizi hifz etsin! Xeyirxahlıq hissləri ilə döyünən qəlbinizin Vətən məhəbbətli hərarəti həmişə öz ziyasını saçsın!Doğum gününüz mübarək!Gülnar İsmayılova
Şirvan şəhəri Elçin İmanov adına 10 nömrəli tam orta ümumtəhsil məktəbində
sosial pedaqoq