Nazilə MəmmədovaUşaqlar hər bir dövlətin, cəmiyyətin gələcəyidir. Ölkəmiz həmişə uşaqlara xoş münasibət, diqqət və qayğı göstərməyin örnəyini yaradıb. Yeni nəslin düzgün, fiziki və əqli cəhətdən sağlam yetişdirilməsi, keyfiyyətli təhsil və tibbi xidmətlərlə təmin edilməsi, layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu siyasətin uğurla reallaşdırılmasına Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu hərtərəfli dəstək verir.Azərbaycanda uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Öz fəaliyyətində Ulu Öndərin ideyalarını rəhbər tutan Heydər Əliyev Fondunun həyata keçirdiyi proqram və layihələrin bir istiqaməti də uşaqlarla bağlıdır. Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsləri ilə bu sahədə həyata keçirilən proqram və layihələr çoxşaxəli olmaqla yanaşı, həm də davamlıdır. Birinci xanımın bu missiyası onu uşaqların ən yaxın dostuna və himayədarına çevirib.
Ötən dövrdə Heydər Əliyev Fondu "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə", ürək qüsurlu uşaqların əməliyyatına dəstək, "Koxlear implantasiya" kimi layihələr həyata keçirib. Artıq 20 ildir həyata keçirilən "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində şəkərli diabetdən əziyyət çəkən uşaq və yeniyetmələr müntəzəm olaraq insulin preparatları və şpris-qələmlərlə təmin edilirlər.
Paytaxtda və ölkənin digər regionlarında mütəmadi keçirilən qanvermə aksiyaları, ürək çatışmazlığından, dodaq və damaq bitişməzliyi patologiyasından əziyyət çəkən uşaqların əməliyyat olunması, aztəminatlı ailələrin üzvlərinin müayinələri, lazım gəldikdə insanların xarici ölkələrə müalicəyə göndərilməsi Mehriban Əliyevanın xeyirxah əməlləri nəticəsində baş tutur. Fondun prezidenti vaxtaşırı bu mərkəzləri ziyarət edərək uşaqlarla görüşür, sağlamlıqları ilə maraqlanır, cəmiyyətə inteqrasiyaları üçün dəstək olur. Birinci xanım əlamətdar günlərdə, bayramlarda, hətta öz ad günündə belə uşaqların əhatəsində olur, onlarla birlikdə şənlənir, balacaların uğurlarını alqışlayır.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təhsil istiqamətində də müxtəlif layihələr həyata keçirilir. Bu layihələrin əsas məqsədi təhsil sahəsində dövlət siyasətinə dəstək vermək, ölkə miqyasında müasir standartlara cavab verən komplekslər yaratmaq və tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır. Fond tərəfindən həyata keçirilən "Təhsilə dəstək" layihəsi çərçivəsində hər il keçmiş məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edilir. Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindəki məktəblərə, həmçinin Azərbaycanın Qax, Zaqatala və Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə də mütəmadi olaraq yeni dərslik və tədris ləvazimatları göndərilir. Habelə regionlarımızdakı ali və ümumtəhsil məktəblərinə, uşaq evləri və internat məktəblərinin kitabxanalarına dəstək göstərilir.
Cəmiyyətdə qayğı və xeyirxahlığın ali ünvanına çevrilməklə ümumxalq mənafeli layihələri uğurla gerçəkləşdirən Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti nəcib dəyərlərə söykənir. Bunun nəticəsidir ki, BMT-nin Uşaq Fondu tərəfindən Azərbaycanda uşaqların müdafiəsi sahəsindəki fəaliyyətinə görə, Mehriban Əliyevaya UNICEF-in xüsusi mükafatı təqdim olunub. Mehriban Əliyevanın irəli sürdüyü təşəbbüslər əsl mərhəmət və humanistlik nümunəsidir. Bu layihələr ölkəmizdə sosial inkişafın təmin edilməsinə, xüsusi diqqətə ehtiyac duyan şəxslərin qayğı ilə əhatə olunmasına xidmət edir və ictimaiyyət tərəfindən daim böyük rəğbət hissi ilə qarşılanaraq yüksək dəyərləndirilir. Birinci xanım tərəfindən uğurla həyata keçirilən bütün işlərin əsasında Azərbaycanın gələcəyi olan uşaqların sağlam və layiqli vətəndaş kimi böyüməsi durur.

Hörmətli Mehriban xanım Əliyeva Sizi ömür yolunuzun 60-cı baharı münasibəti ilə ürəkdən təbrik edir, Sizə möhkəm can sağlığı, işlərinizdə daima müvəffəqiyyətlər, sevinc dolu günlər arzulayıram.
60 illik yubileyiniz mübarək!Nazilə Məmmədova