Əziz və hörmətli oxucularımız "Qanunyolutv.az" xəbər verir ki, vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçmiş igidlərimizin xatirəsi həmişə əziz tutulur. Mayın 22-də Sabunçu rayonunda yerləşən “Gənclər Evi”ndə “Dəmir Yumruq” Alfa-A Cəmiyyətinin sədri Ülviyyə xanım Əsədovanın və kollektivinin təşkilatçılığı ilə Şəhid Zeynalzadə Əzzaman Mehman oğlunun anım günü münasibətilə əlamətdar tədbir keçirildi.İlk öncə tədbirin aparıcıları Kəmalə xanım və Elmar müəllim çıxış edərək, hər kəsi salamladılar. Sonra vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından, qanlarından keçmiş cəmi şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi, Dövlət Himni səsləndirildi. Anım mərasimi Şəhid ailələrinin, qazilərin, vətənpərvər ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutdu.

Tədbirdə Şəhid anaları, ataları, müharibə iştirakçıları, qazilər, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları, müxtəlif qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak etdilər. "Dəmir Yumruq" Alfa-a cəmiyyətinin sədri Ülviyyə xanım Əsədova, “QanunyoluTV.az” xəbər portalının rəhbəri Arif Süleymanlı və xüsusi müxbiri Rəşad Rəhimli, ilahiyyatçı Hacı Rahim, “Şəhid Ailələrini Müdafiə Cəmiyyəti”nin Suraxanı rayon şöbəsinin sədri, 1993-cü il Şəhidi Oktay Əliyevin həyat yoldaşı Nəsibə xanım Əliyeva, Cəmiyyətin Gəncə şəhəri üzrə sədri Leyla xanım Ələkbərova və.s. tədbirə qatılaraq öz ürək sözlərini tədbir iştirakçıları ilə bölüşdülər.
Tədbir şəhid ruhuna dualarla başladı. Çıxış edənlər, Əzzaman Zeynalzadənin qəhrəmanlıq yolundan, onun döyüşdə göstərdiyi şücaətlərdən, ailəsinin, el-obasının onunla fəxr etdiyindən danışdılar. Onun timsalında Azərbaycanın bütövlüyü və müstəqilliyi uğrunda canını fəda etmiş bütün şəhidlər yad edildi. Tədbirdə məktəblilər və qiraətçilər Vətənə, şəhidlərə həsr olunmuş şeirlər səsləndirdilər, vətənpərvərlik ruhunda kompozisiyalar təqdim etdilər.
Müğənnilərin ifasında vətənpərvərlik mahnıları səsləndirildi. Xüsusilə “Yaşa Azərbaycan” mahnısının tanınmış ifaçısı Nurlan Ordubadlının çıxışı tədbirə xüsusi bir ruh qatdı. Şəhidin yaxınları və tədbir iştirakçıları duyğusal anlar yaşadılar.
Anım mərasiminin təşkilatçısı, “Dəmir Yumruq” Alfa-A Cəmiyyətinin sədri Ülviyyə xanım Əsədova idi. Onun təşəbbüsü və dəstəyi ilə tədbir yüksək səviyyədə keçirildi. Ülviyyə xanım çıxışında qeyd etdi ki, şəhidlərin ruhunu yaşatmaq, onların ailələrinə mənəvi dayaq olmaq, gələcək nəsillərə qəhrəmanlıq nümunələrini çatdırmaq hər bir vətəndaşın borcudur.
Tədbirin sonunda şəhidin adına ehsan süfrəsi açıldı, iştirakçılara çay süfrəsi təqdim olundu və Əzzaman Zeynalzadənin həyatını əks etdirən videorolik nümayiş etdirildi. Bu video bir daha şəhidin necə mərd, vətənpərvər və igid bir oğul olduğunu xatırlatdı.
Sonda “Dəmir Yumruq” simvolik hədiyyəsi şəhidin anasına "Dəmir Yumruq" Alfa-a Cəmiyyəti tərəfindən təqdim olundu. Bu hədiyyə, bir tərəfdən Şəhid ailəsinə olan hörmətin, digər tərəfdən isə “Dəmir Yumruq” əməliyyatında göstərilən birlik və gücün simvolu olaraq təqdim edildi.
P.S. Məndə "Qanunyolutv.az" -ın rəhbəri olaraq kollektivimiz adından Şəhid Əzzamanın atası Mehman müəllimə, anası Könül xanıma və bütün Şəhid ailələrinə Allahdan səbr diləyirəm! Onu da qeyd edək ki, bu cür tədbirlər, şəhidlərimizin ruhunun əziz tutulması, onların ailələrinin unudulmaması və vətənpərvərlik ruhunun cəmiyyətə aşılanması baxımından böyük əhəmiyyət kəsb edir.
Ruhun şad, məkanın cənnət olsun, əziz Şəhidimiz Əzzaman!Dərin hörmət, sevgi və ehtiramla anırıq:
"Qanunyolutv.az"