Lənkəran şəhər Vaqif Əliyev adına 4 nömrəli Humanitar Təmayüllü-Liseyin Fiziki tərbiyyə müəllimi
Əminə Nəsirova“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Prezident İlham Əliyevin imzaladığı 29 sentyabr 2022-ci il tarixli Sərəncam siyasi olmaqla bərabər, böyük mənəvi əhəmiyyəti olan dövlət sənədidir.Söhbət təkcə müasir deyil, ümumilikdə Azərbaycan tarixində özünün yerini müəyyənləşdirən, adını əbədi həkk edən böyük dövlət xadimi və siyasətçidən - qüdrətli şəxsiyyət Heydər Əliyevdən gedir. Zəngin həyat yolu və məhsuldar fəaliyyətinin bütün mərhələləri üzvi şəkildə bir-birini bağlayan, unikal şəxsiyyəti ilə həmin bağlantılar arasında həyat fəlsəfəsini ehtiva edən Ümummilli Liderin gördüyü, artıq tarixə çevrilən müstəsna dərəcədə əhəmiyyətli işlər gəncliyin öyrənməli olduğu irsdir. Bu irsin elmi şəkildə araşdırılaraq gəncliyə çatdırılması isə mütəxəssislərin üzərinə düşən vəzifədir. Gəncliyimiz məhz fundamental əsasları elə Heydər Əliyev tərəfindən qoyulan, sonradan Heydər Əliyevin iradəsi ilə qorunaraq saxlanılan, ayaq üstə dayanan və Azərbaycan gəncliyinə əmanət verilən azad, müstəqil, suveren Azərbaycan Respublikasında böyüyüb yetişibdir.
Buna görədir ki, Azərbaycan gəncliyi üçün örnək olan xarakterik xüsusiyyətlərin qabarıq şəkildə yer alması qətiyyən təsadüfi hesab oluna bilməz. Yeni yetişən gənc nəslin təhsili ilə bərabər, onların mənəvi cəhətdən kamilliyinə çalışan təhsil işçiləri müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin titanik əməyi və iradəsi sayəsində ayaq üstə dayanan dövlətin qiymətini hər məqamda xatırlatmalı, onu qorumağın nə qədər həyati məsələ olduğunu diqqətdə saxlamalıdır.
Heydər Əliyevin hələ Azərbaycana rəhbərliyinin birinci mərhələsində, 1969-1982-ci illərdə və ondan sonra, Sovet İttifaqının siyasi rəhbərliyində olduğu dövrlərdə və nəhayət, müstəqil Azərbaycan dövlətinin Prezidenti olduğu zamanlarda təhsil, ədəbiyyat və incəsənət, mədəniyyət məsələlərinə hansı həssaslıqla yanaşdığı belə məsələlərdən biridir.
Heydər Əliyev fəaliyyəti boyu Azərbaycan dilinə sevgisi və diqqəti ilə fərqlənib. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə müttəfiq respublikalarda da analoji sənədin hazırlanaraq qəbul edilməsinə start verildiyi vaxt Azərbaycanda gedən proseslər nəinki İttifaq dövlətində, bütün dünyada müzakirə predmetinə çevrildi. Onu qeyd edək ki, Sovet Sosialist Respublikalar İttifaqının subyekti olan 15 müttəfiq respublika nominal dövlətçilik atributlarına malik idi və həmin o atributlardan biri də hər bir respublikanın Konstitusiyası sayılırdı. Buna baxmayaraq, 30-cu illər Stalin konstitusiyasında rus dilinin dövlət dili kimi təsbit olunması müttəfiq respublikalar üçün də dəyişilməz, prinsipial qaydalardan biri idi və Stalinin ölümündən sonra belə, həmin prinsip toxunulmaz olaraq qalırdı. Belə bir zamanda, SSRİ-nin əbədi göründüyü vaxtlarda, 1978-ci ildə Azərbaycan SSR-nin Konstitusiya layihəsi hazırlanaraq ümumxalq müzakirəsinə verildi. Müzakirələr bitdikdən sonra ölkənin Ali Sovetinin sessiyasında Konstitusiya Komissiyasının Sədri Heydər Əliyev “Azərbaycan Konstitusiyasının (Əsas Qanunun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunları haqqında” məruzə ilə çıxış etdi. Məruzədə diqqətçəkən məqamlardan biri ondan ibarət idi ki, Əsas Qanunun təməl prinsipləri arasında respublikanın milli, tarixi xüsusiyyətləri ilə bərabər, Azərbaycan dilinin dövlət dili statusunun da yer alması heyrətamiz faktlardan oldu.

Heydər Əliyevin ölkəmizə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra təşəbbüskarı olduğu Dünya Azərbaycanlılarının I qurultayının ruhunu ifadə edən fikirləri ibrətamizdir. Dünya Azərbaycanlılarının Bakıya toplaşan nümayəndələrinə müstəqil dövlətin rəhbərinin söylədiyi ən dəyərli tövsiyə soydaşlarımızın harada yaşamasından asılı olmayaraq, milli dəyərlərimizi və dilimizi qorumaq idi: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli, mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.
Həmin tarixi hadisədən, Dünya Azərbaycanlılarının I qurultayından altı il sonra dilimizlə bağlı ölkə Prezidentinin 9 avqust 2001-ci il tarixdə imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman irəliyə atılmış yeni və tarixi bir addım oldu.
Heydər Əliyev zəmanəmizin böyük filosofu və mütəfəkkiri idi. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçmişdir.
Onu vurğulayaq ki, günümüzdə Ulu Öndərin milli dövlətçilik ideologiyasını doğma Azərbaycanın uğur faktoruna çevirən Prezident İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasəti sayəsində ölkəmizin müstəqil dövlət kimi beynəlxalq arenada mövqeləri daha da möhkəmlənmiş, regionda liderliyi təmin edilmişdir. Əgər müstəqillik tariximizin Heydər Əliyev dövrü müasir dövlətimizin yaradılması, qorunması, iqtisadi, siyasi və sosial inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi dövrü idisə, İlham Əliyevin rəhbərliyi dövrü həmin kursun daha da genişlənməsi, sürətlənməsi və innovasiyalı inkişaf mərhələsinə qədəm qoyması dövrü kimi xarakterizə edilir.
Ümummilli Liderin təkcə adını deyil, onun əməllərini yaşadan, siyasi arzularını həyata keçirən Heydər Əliyev Fondu ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında elm və təhsilin hamisi, müxtəlif sosial layihələrin müəllifi kimi ancaq Azərbaycanda deyil, onun hüdudlarından kənarda da tanınır.
Bu, ümumilikdə Heydər Əliyevin siyasətdə və dövlət idarəetməsində yaratdığı kursun, varislik prinsipinin görünən tərəfləridir. Apardığı böyük işlərin miqyasını aydın təsəvvür edən və onunla haqlı olaraq qürur duyan Ümummilli Lider qazandığı hər bir uğuru şərtləndirən faktor kimi, yeganə dayaq nöqtəsi olaraq doğma xalqını görürdü.
Buna görədir ki, dünyanın ən nüfuzlu siyasət adamları cərgəsinə qatılan, xalqının böyük sevgi ilə ümummilli adlandırdığı böyük şəxsiyyət qürurla deyirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.Onu da qeyd edim ki, Lənkəran şəhər Vaqif Əliyev adına 4 nömrəli Humanitar Təmayüllü-Liseyin Fiziki tərbiyyə müəllimi Nəsirova Əminə Mübariz qızınin təşkilatçılığı ilə Əbədiyaşar və Ümummilli Lider, daima Azərbaycan xalqı, dövləti üçün çalışan, Vətənini, millətini, bayrağını, torpağını sevən unudulmaz Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirib.
Tədbirdə ilk öncə Müstəqil Azərbaycanın Dövlət himni səslənib. Daha sonra yarışmaya start verilib. 8-ci və 9-cu siniflər arasında şən startlar, müxtəlif idman oyunları və qızlar, oğlanlar arasında voleybol yarışması keçirilib. Yarışmada məktəbin 9-cu sinfin qızlarından ibarət voleybol komandası və Sosial-Aqrar Kollecin Fiziki Tərbiyə fakültəsinin tələbələri iştirak ediblər.
Nəzərinizə çatdırım ki, voleybol yarışması 9-cu sinfin qızlardan ibarət komandası ilə Sosial-Aqrar Kolleci Fiziki Tərbiyə fakültəsinin tələbələri arasında keçirilib.
Sonda komandalar arasında xatirə şəkili çəkdirilib.
P.S.Mən də "Qanunyolutv.az" saytının rəhbəri olaraq kollektimiz adından Əminə xanım Nəsirovaya, yarışmalarda iştirak edən tələbələrə hər zaman yüksək nailiyyətlər, idman sahəsində daima qələbələr, təhsildə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.