Sabirabadda qeyri-rəsmi nikahda olduğu əri- Seyidrəsul Talıbov tərəfindən qətlə yetirilərək Kürə atılan Nuranə Ələkbərovanın ölümü ilə bağlı yeni detallar ortaya çıxıb.“Qanunyolutv.az”, “Oxu.az”a istinadən xəbər verir ki, bir həftə əvvəl Seyidrəsul Talıbzadə ilə Nuranə arasında rəsmi nikaha görə mübahisə olub.
Belə ki, Seyidrəsul Nuranə ilə söhbət edərkən ona, “Səni istədiyim vaxt çıxarıb küçəyə ata bilərəm, heç kim də mənə heç nə edə bilməz”, - deyib.
16 yaşlı gəlin isə bu söhbətdən sonra Seyidrəsul Talıbzadədən rəsmi nikah tələb edib.
Seyidrəsul Talıbzadə gəlinlə razılaşmayıb və ona dini kəbinin olduğunu deyib. Nəticədə qadın evi tərk edərək Şirvan şəhərinə - atasının evinə gedib. S.Talıbzadə və atası Mirmövsüm Talıbov bir neçə gün gəlini evə qaytarmaq üçün gəlsələr də, qızın atası buna razılıq verməyib. Sonuncu dəfə yox cavabı alan oğlanın atası İ.Ələsgərovdan borcunu tələb edib və ona bir gün vaxt qoyaraq evi tərk edib. Həmin gün axşam saatlarında S.Talıbzadə Nuranəni hədə-qorxu ilə Sabirabada, öz evinə gətirib.
Qeyd olunur ki, Nuranənin atası İlkin Ələkbərovun Seyidrəsul Talıbzadənin atası Mirmövsüm Talıbova borcu olduğu üçün qızını geri ala bilməyib. S.Talıbzadənin ailəsi Sabirabadda ağır seyidlərdən sayılır və tikinti biznesi ilə məşğuldur. Rayon ictimaiyyəti onu “Mirmövsüm ağa” kimi tanıyır və hörmət edir.
****
Seyidrəsul Talıbzadənin atası Mirmövsüm Talıbov deyib ki, qız mart ayında anasını evlərinə çağırıb:“Anası xalası ilə gəldi, dedilər ki, dolana bilmirlər, aparaq. Qızı da götürüb getdilər. Mart ayından sonra qız geri qayıtmayıb”.
Atanın sözlərinə görə, bir neçə gün əvvəl oğlu ondan 20 manat pul istəyib:
“Dedi ki, işə gedir. Mən də verdim. Axşam evə qayıtdı, səhər tezdən yenə getdi. Sən demə, polisə təslim olmağa gedibmiş. Dünən günorta mənə xəbər verdilər ki, polis çağırır. Getdim, dedilər ki, oğlun arvadını öldürüb, təslim olub. Biz də bundan sonra bildik ki, qızı 3 gün əvvəl öldürüb”.
Gəlinin bir həftə əvvəl ata evindən qayıtması barədə yayılan məlumatlara gəlincə, Mirmövsüm Talıbov bunu təkzib edib:“Atası da mənim kimi şokdadır, nə danışdığını bilmir. Qızın atası anasından boşanmışdı, başqa ailəsi də var. O qadından da iki uşağı var. Qız atası ilə yox, anası ilə yaşayırdı. Seyidrəsul da qızı anasının yanından qaçırıb”.
Mirmövsüm Talıbov bildirib ki, oğlu hazırda Sabirabad Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerindədir:“Heç kim belə hadisənin olmasını istəməzdi. Niyə olub, nə səbəbə olub, biz də bilmirik. Öz aralarında olan məsələdir. Oğlum məndən pulu alıb gedəndən sonra xəbər yayıldı. Gedib gördüm ki, camaat Kürün qırağına yığışıb. Onda bildik ki, gəlini oğlum öldürüb və Kür çayına atıb”.