Yardımlı rayon Təhsil Şöbəsinin müdiri
Manaf SəmədzadəAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarix yazan və qalib liderlərdəndir. Eyni zamanda İlham Əliyev prezident və siyasi lider olaraq, dövlətin məsuliyyətini daşımaqla yanaşı, beynəlxalq və qlobal məsələlərdə də ciddi təsir gücünə malikdir. Prezident İlham Əliyev nadir şəxsiyyətlərdəndir ki, siyasi liderliklə yanaşı zəfər çalmış hərbi lider obrazını da özündə birləşdirir. Bu isə İlham Əliyevin potensialının daha bir hüdudsuzluğunun göstəricisidir. Məhz buna görə də o, ən çıxılmaz məqamlarda, bəzən başqaları üçün həlli mümkünsüz görünən məsələlərdə belə qətiyyətlə məsuliyyəti öz üzərinə götürür və məqsədinə çatır.
Müasir dünyanın önəmli siyasi liderlərindən biri olan Azərbaycan prezidenti dəfələrlə milli maraqlar məsələsində güzəştsiz mövqedə olduğunu sübut edib. Bu da onu digər siyasi xadimlərdən fərqləndirən əsas liderlik xüsusiyyətlərindəndir.
İlham Əliyevi başqalarından fərqləndirən bir çox üstün keyfiyyətlər var. Siyasətdə sistemlidir, səbrlidir, soyuqqanlıdır, təmkinlidir və dəqiqdir. Onun nəyi nə zaman edəcəyini sadəcə özü bilir. Onun atacağı addımı öncədən müəyyənləşdirmək çətindir. Zəfərlə bitən vətən müharibəsində də bir daha sübut etdi ki, hər şeyi doğru zamanda, doğru edir.
Qeyd etdiyimiz kimi, İlham Əliyev milli məsələlərdə güzəştə getməyən liderdir. O, hakimiyyətə gələndən böyük zəfər gününə kimi, 18 il ərzində usanmadan, heç bir güzəştə getmədən Qarabağ məsələsində düşmən Ermənistana, onun havadarlarına, supergüclərə qarşı qətiyyətlə mübarizə apardı, Azərbaycanın haqq səsini dünyaya çatdırdı.
İlham Əliyev hakimiyyətə gələrkən xalq qarşısında söz verdiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli istiqamətində ümummilli lider Heydər Əliyevin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla davam etdirdi. Sonda hədəfinə çatdı, ata vəsiyyətini həyata keçirdi, işğal olunmuş Azərbaycan torpaqlarını azad etdi.
Azərbaycan prezidenti müharibəyə kimi ən geniş beynəlxalq arenalarda, ən yüksək kürsülərdə dəfələrlə bütün dünyaya bəyan etdi ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Azərbaycan bu məsələdə heç bir güzəştə getməyəcək. Prezidentin 18 sentyabr 2006-ci ildə keçirilən Antalyada Türkdilli dövlətlərin və topluluqların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında qətiyyətlə dediyi, “Azərbaycan torpaqları danışıqların mövzusu ola bilməz” fikri onun Dağlıq Qarabağ məsələsində nə qədər prinsipial, güzəştsiz olduğunun göstəricisidir. Bu prinsipiallığı onun yalnız Ermənistana, hörümçək toru kimi dünyaya yayılmış erməni lobbisinə qarşı yox, həm də beynəlxalq ikili standartlara, düşmənə himayədarlıq edən supergüclərə, dövlətlərə qarşı qətiyyətli mübarizəsi idi.
Bu, İlham Əliyevin yenilməyən qətiyyəti idi. Buna görə də 3 oktyabr 2019-cu ildə Soçidəki “Valday” forumunda çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunaraq dediyi fikir dillər əzbəri oldu:
“Mən Ermənistan baş nazirinin, təəccüb doğuran “Qarabağ Ermənistandır və nöqtə” bəyanatına toxunmaq istərdim. Birincisi, bu, yumşaq desək, yalandır. Qarabağ aranlı-dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır. Ermənistanın özü bu qanunsuz qurumu tanımır. Qarabağ əsl Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”
İlham Əliyev var gücüylə məsələnin qansız, müharibəsiz həllinə çalışır, amma hər zaman müharibə yolunun da istisna olmadığını vurğulayırdı. O, tam əminliklə bildirirdi ki, istənilən yolla Azərbaycanın suverenliyi, ərazi bütövlüyü bərpa ediləcək. Dedi və etdi!
Bütün diplomatik danışıqlarda İlham Əliyev dəfələrlə vurğulayırdı ki, əgər sülh danışıqları nəticə verməyəcəksə, lazım gələrsə Azərbaycan öz ərazi bütövlüyünü hərbi yolla bərpa edəcək.Bu səbəbdən də Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsində Azərbaycan ordusu dünyanın ən güclüləri sırasına yüksəldi.
Bunun nəticəsidir ki, 27 sentyabr 2020-ci il Azərbaycan, region, hətta dünya üçün yeni tarixə çevrildi. Ermənistan növbəti dəfə təxribat törədərək, yeni torpaqlar işğal etmək üçün Azərbaycana hücum etdi. Elə həmin gün Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi və dövlət başçısı iclasda qətiyyətlə dedi:
“Bildiyiniz kimi, bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində itkilərimiz var, həm mülki əhali, həm də hərbçilər arasında. Bu, bir daha onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir və bu siyasət Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərir. Səhər tezdən məlumatı alan kimi, mən Müdafiə naziri, digər aidiyyəti qurumların rəhbərləri ilə əlaqə saxladım, müvafiq göstərişlər verdim və bu göstərişlər əsasında hazırda Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başlamışdır”.
Bundan sonra prezidentin bir çağırışı ilə Azərbaycan xalqı Ali Baş Komandanla həmrəylik, birlik, inam, etibar, yüksək vətənpərvərlik, əzmkarlıq nümayiş etdirərək bir nəfər kimi dövlət başçısının yanında olduğunu göstərdi. Əli silah tutan hər kəs ordu sıralarına yazılmaq üçün növbəyə durdu. Bu, yeni şanlı tarixin başlanğıcı, İlham Əliyevin uğurlu siyasətinin nəticəsi və böyük liderin qələbəsiydi. Bu siyasətin, bu birliyin nəticəsində yenilməz Azərbaycan ordusu 44 gün ərzində işğal olunmuş torpaqları azad, düşməni isə darmadağın etdi. Dövlət-xalq-ordu birliyi, İlham Əliyev siyasəti, xalqın liderinə olan inamı, Azərbaycan əsgərinin yüksək peşəkarlığı qarşısında Ermənistan kapitulyasiyaya məcbur oldu.
İlham Əliyev siyasi, hərbi lider olaraq 44 gün ərzində durmadan, dincəlmədən sözün əsl mənasında vuruşdu.
Bəzi ölkələr və onların media quruluşları tərəfindən Azərbaycana qarşı qərəzli informasiya müharibəsi başladıldı. Məkrli ermənipərəst jurnlaistlərin prezidentə verdiyi təxribat xarakterli suallar əslində onların təmsil etdikləri dövlətlərin mövqeyi idi. Hər tərəfdən Azərbaycana, onun liderinə hücumlar edilirdi. İlham Əliyev isə öz növbəsində verdiyi təmkinli, soyuqqanlı cavablarla onları susdurur, hücumları dəf edir, Azərbaycanın bu mübarizədə haqlı olduğunu bir daha bütün dünyaya faktlarla sübut edirdi.
Nəhayət, 44 gün sonra, noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalandı. Bu, düşmənin kapitulyasiyası, məğlub tərəfin yalvarışı, aman diləməsi, Azərbaycanın və onun liderinin isə qəti qələbəsiydi.
Dekabrın 10-da “Dəmir yumruq” –Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər Paradı dosta qürur, düşmənə göz dağı oldu. Özəlliklə müharibə boyu əsl dostluq, qardaşlıq nümayiş etdirərək, hər kəsə qarşı bizi qətiyyətlə, səmimiyyətlə müdafiə edən, Azərbaycanın yanında olduğunu bildirən, ölkəmizin haqqının müdafiəsində kimsəyə güzəştə getməyəcəyini bəyan edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu zəfər paradında İlham Əliyevlə birlikdə olması bütün dünyaya xüsusi mesaj oldu. Danılmaz faktdır ki, İki dövlət arasındakı bu tarixi yaxınlaşmada, səmimiyyətdə də məhz İlham Əliyev siyasətinin, liderliyinin böyük rolu var.
Beləliklə, İlham Əliyev həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını 30 illik işğaldan 44 günə azad edən, ərazi bütövlüyümüzü bərpa edən böyük sərkərdə kimi tarixə düşdü. Yeni tarix yazıldı, Azərbaycanda yeni mərhələ başladı, İlham Əliyev Azərbaycanın zəfər və qəhrəmanlıq simvoluna çevrildi!
Müzəffər Ali Baş Komandan, Sizi 60 illik yubileyiniz münasibətilə kollektivimiz adından səmimi qəlbdən təbrik edirəm. Biz daima bir yumruq kimi birləşərək Cənab Prezident Sizi dəstəkləyəcək, bundan sonra da Sizin köməyiniz, dayağınız olacağıq. Mən qürur duyuram ki, Sizin kimi Prezidentimiz var.
Yaşa Ali Baş Komandan, həmişə var olun!!!Manaf Səmədzadə
Yardımlı rayon Təhsil Şöbəsinin müdiri