06.07.2021-ci il tarixdə xeyirxah əməlləri ilə tarixin unudulmaz yaddaşına əbədi həkk olunmuş, öz canını haqqın-ədalətin keşiyində sipər etmiş, “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi” İB-nin sədri olmuş Elşad Nəcməddin oğlu Həmidovun xatirə axşamı keçirildi. Şərəfli ömür yolunu insanlığın uğrunda çıraq edən, “Mərhəmət Çırağı” İctimai-siyasi, ədəbi publisistik jurnalının təsisçisi və baş redaktoru kimi hər zaman mərhəməti insanlığın ali məqamı hesab edən Elşad müəllimin xatirəsi ehtiramla yad edilərək, ruhuna dualar oxundu. Tədbiri açıq elan edən, “Mərhəmət Çırağı” jurnalının baş redaktoru, mərhum Elşad Həmidovun bacısı Gülnarə xanım Həmidova qardaşının şərəfli ömür yolundan, eyni zamanda Azərbaycan dövlətinin dünyanın siyasi müstəvisində sərgilədiyi uğurlardan söz açdı.
Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Zəfər salnaməsi, 44 günlük haqq savaşı, Azərbaycan-Türkiyə qardaşlığı, iki qardaş Dövlətin uğurları dilə gətirildi.
Yadelli işğalçılardan azad edilmiş Qarabağ torpaqlarının, Fizulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Şuşanın, Laçının, Kəlbəcərin azadlığını görmək, ana torpaq uğrunda şəhid olan Vətən oğullarının qəhrəmanlıq salnamələrinini yazmaq məhz bu insanın ən böyük arzusu idi.
Məclisdə Elşad müəllimin şərəfli ömür yolunu özündə əks etdirən şəkillər, fəxri diplomlar və əziz xatirəsinə düzülmüş güllər sanki dilə gəlmişdi. Yayın qızmarında vaxtından tez solmaq təhlükəsi ilə üzləşən qərənfillər də ömür istəyirdi. Qərənfillərin arzusu da bizim arzumuza bənzədi. Ən ağır məqamda, doğmalarla bərabər biz də Elşad müəllimə uzun ömür istəyirdik. Bu möcüzəli məqamı gözləyirdik. Heyif ki, vəfalı bildiyimiz ömür vəfa etmədi. Ağrılı-kədərli günləri bəxş etdi bizə.
Qonaqların şərəfinə bəzədilən masaya, bəzək verən üzərində Elşad qardaşımızın şəkili olan xüsusi buraxılış diqqətimi çəkdi. Tələsirdim. Çox tələsirdim. Görüşünə doğmalar, dostlar, yoldaşlar tələsirdi. Görüş vaxtı təyin olunsa da, çox insan əvvəlcədən gəlmişdi. Şəkilinin qarşısında Sizsiz keçən günlərin iztirabını, Sizsiz keçən məqamların acısını yaşayan dostların dayanmışdı. Çox sevimli Gülnarə bacın sanki xatirənə ehtiram əlaməti olaraq fəxri qarovulda dayanmışdı. Elşadsız günlərin ağrısını şəkilinə söyləyirdi. Dostların Çingiz MirMahmudlu və Fərid Faiqoğlu düşüncəyə qərq olmuşdu.
Qələm sahibi, əziz dostumuz, dəyərli ağsaqqal ziyalımız Şamil müəllim də öz hikmətli söhbətləri ilə ruhumuzu İlahi eşqin məqamlarına ucaldırdı.
İfa olunan tar sədalarının ecazkarlığı, məni bir anda keçmişə apardı. Necə ki, "Mərhəmət çırağı" jurnalının xüsusi buraxılışı kimi. Nəfis tərtibatda olan bu dərgi ilə olanları və olmuşları daha aydın, daha mükəmməl görürdüm.
Kürsüyə dəvət olunan hər bir natiq əziz və unudulmaz xatirələr söyləyərək etibarın və dostluğun dəyərlərini ehtiramla tərənnüm edirdilər. Tədbirin aparıcısı şair Kəmaləddin Muğanlı söylədiyi misraların sehri ilə, səsinin möhtəşəmliyi ilə ruhumuzu ərşə-əlaya qaldırdı.
Fədakar neftçi, neft yataqlarının axtarışı ilə, ömür yolunu bu sənətə bağlamış, xeyirxah Nəcməddinin halal çörəyinin hikməti, Seyyidə ana Nisə xanımın duaları və övliya nəslinin davamçısının kəraməti Elşadı sanki enişli-yoxuşlu bir ömür yolunda maneələrə sinə gərmək üçün cilalayırdı. Vurğuladığı məqamlarla xatirə gecəsinə, Elşad Həmidov nuruna gəlmiş insanları xəyallara qərq edən şair Kəmaləddin Allah sevdasının insan qəlbinə verdiyi gücü, verdiyi məqamı misraların dili ilə bizlərə çatdırırdı.
Uzun illər birlikdə çiyin-çiyinə çalışdığı Nail Azad unudulmaz günlərin dəyərini, insan haqqları uğrunda apardıqları işlərin bir sıra məqamlarını yada saldı. Şair, dəyərli ziyalı Zakir Ağdamlı da öz fikirlərini Elşad Həmidovun şərəfli ömür yolunun zəngin ifadəsinin ruhunda kökləmişdi.
P.S. Məndə "Qanunyolu.info.az" xəbər portalının rəhbəri olaraq kollektivimiz adından “Mərhəmət Çırağı” jurnalının baş redaktoru, mərhum Elşad Həmidovun bacısı Gülnarə xanım Həmidovaya və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan səbr diləyirik! Elşad Həmidov daima gördüyü işlərlə əbədi olaraq qəlblərdə yaşayacaqdır!
Allah rəhmət eləsin!Şair-publisist
Qurban Hüseyn