Rusiyanın UNESCO-dakı daimi nümayəndəsi Aleksandr Kuznetsov təşkilatın missiyasının bu yay Qarabağa səfər edə biləcəyinə inanır.“Qanunyolu.info.az” xəbər verir ki, Kuznetsoz bu barədə bu gün jurnalistlərə açıqlamasında bildirib.
“Rusiya bu bölgədə beynəlxalq bir iştirakın təmin edilməsində, beynəlxalq təşkilatların, xüsusən də tarixi irsin qorunması ilə məşğul olan UNESCO-nun mövcudluğunda maraqlıdır. Sergey Viktoroviç Lavrov bu barədə xüsusilə Bakıya səfəri zamanı danışıb”, - deyə Kuznetsov qeyd edib.
Onun sözlərinə görə, hazırda UNESCO Katibliyi ilə Azərbaycan arasında danışıqlar aparılır: “Çünki ilk missiya Azərbaycanın nəzarəti altında olan ərazilərə nəzərdə tutulur. Orada təhlükəsizlik məsələləri də daxil olmaqla bir çox texniki məsələlər razılaşdırılmalıdır, belə ki, minalanmış sahələr var. Həmçinin orada bir çox obyekt olduğu üçün prioritetlər seçilməlidir”.
Kuznetsov qeyd edib ki, bu çərçivədə bir yox bir neçə missiyanın baş tutması planlaşdırılır.
“Əsas ilk missiyanın reallaşmasıdır. Müzakirələr uğurlu olarsa, böyük ehtimalla bu yayda baş tutacaq”,-deyə o qeyd edib.
Xatırladaq ki, daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Bakının Qarabağda UNESCO missiyasını qəbul etməyə hazır olduğunu açıqlamışdı.