Bakının Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində bir qrup sakin bir sutkadır ki, su, elektrik və istiliksiz qalıb.Bu şikayətlə "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən Əsəd Əhmədov küçəsi, 5-ci döngə 43a ünvanındakı yaşayan sakinlər müraciət ediblər. Onlar iddia edirlər ki, iki bloklu binada 5 ilə yaxındır yaşayış olsa da, bir çox kommunal problemlər həll edilməmiş qalır: “Son bir sutka ərzində binada elektrik enerjisi, su, istilik yoxdur və lift işləmir. Binanı məşhur iş adamı İsfəndiyar Axundovun tikinti şirkətlərindən olan “Şaiq” MTK inşa edib. Burada 5 ilə yaxındır ki, kütləvi yaşayış var, amma bir çox kommunal problemlər həll edilməmiş qalır. Liftlərin qapısı ağzındakı döşəmə hissəsində keyfiyyətsiz düzülmüş metlaxların sınması nəticəsində böyük dəliklər yarandığından burada hər an insan faciəsi baş verə bilər. Bu qəzalı vəziyyət xüsusilə uşaqlar üçün təhlükəlidir”.
Sakinlər bildirirlər ki, onların tələblərinə baxmayaraq binada elektrik sayğacları quraşdırılmır.Binanın alt mərtəbəsindəki qarajlar illərdir ki, istifadəyə verilmir. Avtomobillər həyətdə saxlandığından bloklara gediş-gəliş mümkün olmur. Sakinlər arasında tez-tez avtomobil parklamağa görə mübahisələr yaranır. Yay aylarında uşaqların oynamasına yer qalmır. “İkibloklu böyük binada cüzi maaşla cəmi bir təmizlikçi çalışır. Ona görə bloklar aylarla təmizlənmir. Bacaların təhlükəsizliyi yoxlanmır. Bloklarda işıq yanmır. Suyun verilməsində də bəzən fasilələr olur. Birinci mərtəbələr və zirzəmi hissə təmir edilmədiyindən insan həyatı üçün təhlükəlidir. Bizi narazı salan əsas məqam budur ki, bütün bu problemlərə baxmayaraq, bizdən hər ay yüksək məbləğdə kommunal haqlar yığılır. Yığılan pulların hara getdiyi, bundan dövlət büdcəsinə vergi ödənib-ödənmədiyi məlum deyil. Çünki yığılan xidmət haqlarına, ödədikləri işıq puluna görə sakinlərə heç bir qəbz verilmir”.
Sakinlər kommunal haqların ödənişini gecikdirənlərin işığının, suyunun dərhal kəsildiyini deyirlər. Şikayətçilərin sözlərinə görə, ötən axşam binanın iki transformatorundan biri sıradan çıxıb. Digəri isə bundan bir neçə ay əvvəl xarab olub və o vaxtdan düzəltdirməyiblər. “Dünənki qısaqapanma nəticəsində Bakı Dairəvi Yolunun yaxınlığındakı işıqlanma dirəkləri də daxil olmaqla Yasamalın müəyyən hissəsi işıqsız qalıb. Qonşu binaların işığı az sonra yandırılsa da, “Şaiq” MTK sakinləri ötən bir sutkanı işıqsız, susuz, istiliksiz keçiriblər.
Bina sakinləri arasında koronavirusdan müalicə olunan xeyli adam var. Bu soyuq havada titrəyə-titrəyə qalmışıq. Uşaqlar evdən dərs keçməlidirlər, amma işığa görə internet işləmədiyindən onlar da iki gündür ki, təhsildən kənardırlar”, - deyə sakinlər qeyd ediblər.
Sakinlərin sözlərinə görə, hər dəfə şirkətə müraciət edəndə məsələlərin tezliklə yoluna qoyulacağını deyib, sakinləri yola verirlər. Şikayətlə bağlı “Şaiq” MTK-nın rəhbərlərindən biri İmran Axundovla əlaqə saxladıq. Məlum oldu ki, binadakı vəziyyətdən qismən xəbərdardır: “Qaz problemini mən həll edə bilmərəm, qaz mənlik deyil. Çünki binada qaz yoxdur, qazı açsalar gələcək, açılmasa, gəlməyəcək. İşığın olmaması isə transformatorla bağlıdır. Transformator partlayıb, hazırda işçilər onu dəyişirlər. Mən deyə bilmərəm ki, nə vaxt tam həll olunacaq.Amma hazırda ustalar orada işləyirlər. Sakinlər özləri də gedib maraqlana bilər, iş gedir. Ola bilər bir az tez və ya bir az gec olsun. Transformator partlayıb, mən ona başqa cür müdaxilə edə bilmərəm”.
İ. Axundov binada liftlərlə bağlı hər hansı problem olmadığını bildirib: “Liftlərlə bağlı problem ola bilməz, çünki o liftlərin hamısı bir ilin liftidir, qəşəng liftlərdir. Sakinlər mənə desinlər, mən onlara cavab verim”. Blokların təmizlənməməsi və digər problemlərə gəlincə isə, İ. Axundov bildirib ki, bütün şikayətlərlə bağlı gedib yerində maraqlanacaq.