Mərakeş Şahzadəsi 132-134 nömrəli Təhsil Kompleksində - Fotolar

Mərakeş Şahzadəsi 132-134 nömrəli Təhsil Kompleksində - Fotolar

Rabat Mədəni İrsinin Qorunması Fondunun prezidenti, Mərakeş Krallığının xanım Şahzadəsi Lalla Hasnaa Azərbaycana işgüzar səfəri çərçivəsində bu gün 132-134 nömrəli Təhsil Kompleksini ziyarət edib.

“Qanunyolutv.az” xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət nazirinin müavini Murad Hüseynov, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi, millət vəkili Soltan Məmmədov, Mərakeş Krallığının gənclər, mədəniyyət və kommunikasiya naziri Mohammed Mehdi Bensaid, Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş, Rabat Mədəni İrsinin Qorunması Fondunun Baş katibi Nouzha Alaoui, eləcə də digər rəsmilər və məktəb kollektivi iştirak ediblər.

Çıxış edən Emin Əmrullayev qeyd edib ki, bu gün UNESCO-nun Assosiativ Məktəblər Şəbəkəsinin üzvü olan 132-134 nömrəli Təhsil Kompleksi ilə Rabatın “Oum El Banine” məktəbi arasında başlayan qardaşlaşma proqramı mədəni mübadilə, ortaq dəyərlər və təhsil əməkdaşlığına əsaslanan yeni bir mərhələnin əsasını qoyur.

Nazir vurğulayıb ki, Rabat Mədəni İrsinin Qorunması Fondu, Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən bu təşəbbüs növbəti tədris ilindən etibarən Bakının və Rabatın beş məktəbini əhatə edəcək. Nazir bildirib ki, bu təşəbbüs şagirdləri mədəni irslərini araşdırmağa, qorumağa və paylaşmağa təşviq etməklə yanaşı, onlar arasında mədəni dialoqu gücləndirəcək.

Səfər çərçivəsində şagirdlər tərəfindən qardaşlaşma proqramının təməli olan “Mən irsimi kəşf edirəm – Bakı” adlı təhsil proqramı təqdim olunub. Eyni zamanda, Rabatın “Oum El Banine” məktəbinin şagirdləri tərəfindən ünvanlanan videomesaj nümayiş etdirilib.

Səfər çərçivəsində Şahzadə sinif otaqlarında tədris prosesi ilə də tanış olub, şagirdlərlə söhbət edib və onların təqdimatlarını dinləyib. Eyni zamanda, məktəbin Tarix Muzeyi təqdim olunaraq Azərbaycan tarixi barədə məlumat verilib.

Tədbir şagirdlər tərəfindən hazırlanan Rabat və Bakı şəhərlərinin görkəmli abidələrinə həsr olunmuş rəsmlərin sərgisi, musiqili konsert proqramı və xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter