Xətaidə “Vətənpərvər gənclik parlaq gələcəyimizin təminatıdır” adlı tədbir keçirilib

Xətaidə “Vətənpərvər gənclik parlaq gələcəyimizin təminatıdır” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, Xətai Rayon İcra Hakimiyyəti, və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Vətənpərvər gənclik parlaq gələcəyimizin təminatıdır” mövzusunda tədbir keçirilib.

“Qanunyolutv.az” xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Xətai rayonu ərazisində yerləşən abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Zəfər parkı ziyarət olunub.

YAP Xətai rayon təşkilatının qərargahında keçirilən tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının əhəmiyyətindən danışıb. Ramil Mirzəyev bildirib ki, bu il ilk milli Konstitusiyanın qəbul edilməsinin 30, 44 günlük Vətən müharibəsində tarixi Zəfərin qazanılmasının 5 ili tamam olur. Onun sözlərinə görə, tarixi Zəfərimizin qazanılmasında gənclərin müstəsna rolu var. Bu da onların vətənpərvərlik ruhunda formalaşmasından irəli gəlir.

Çıxış edən YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva bildirib ki, gənclər siyasəti Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin əsas məqsədi gənclərin hərtərəfli inkişafını təmin etmək, onları yüksək vətənpərvərlik ruhunda formalaşdırmaq, layiqli vətəndaş kimi yetişdirməkdən ibarətdir.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxışında ilk milli Konstitusiyanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə geniş ictimai müzakirələr şəraitində hazırlandığını, Əsas Qanunda bəşəri və demokratik dəyərlərin öz əksini tapdığını vurğulayıb. Onun sözlərinə görə, 1995-ci ildə Konstitusiyanın ümumxalq səsverməsi ilə qəbul olunmasından sonra müasir müstəqil dövlət quruculuğu başlandı. Müstəqilliyimizi qazandıqdan keçən dövr ərzində Azərbaycan böyük inkişaf yolu keçərək güclü dövlətə çevrilib. Ərazi bütövlüyümüzün və sverenliyimizin bərpa olunması isə dövlətimizi daha da gücləndirib, beynəlxalq müstəvidə nüfuzunu daha da artırıb.

“Şanlı qələbəmizin qazanılmasının ciddi əsasları var. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dövlətimiz bütün istiqamətlərdə gücləndi. Bu amil məntiqi yekunu ilə başa çatdı”,- deyən R.Quliyev qeyd edib ki, yüksək vətənpərlik ruhunda formalaşan gənclərimiz bu müqəddəs işdə tarix yazdı.

YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova isə bildirib ki, Konstitusiya əsas qanun olaraq bütün qanunvericilik aktlarının zirvəsində dayanır. Onun sözlərinə görə, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə müstəqil Azərbaycanın konstitsiya quruluşu bütün ölkə ərazində bərqərar oldu.

Çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov qeyd edib ki, Azərbaycan gəncliyinin inkişafında ümummilli lider Heydər Əliyev əvəzolunmaz xidmətlər göstərib. Məhz Ulu Öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti dövlətimizin gənclərə qayğısını şərtləndirir. Hazırda isə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov çıxışında bildirib ki, 44 günlük Vətən müharibəsində də Azərbaycan gəncləri böyük şücaət göstərdilər. Onun sözlərinə görə, torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən Vətən müharibəsi Azərbaycan xalqının milli həmrəyliyinin, monolit birliyinin təntənəsi oldu.

Sonra tədbir interaktiv formada davam edib, iştirakçıların sualları cavablandırılıb.

Həmçinin, YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqəsi təqdim olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter