Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib."Qanunyolu.info.az" xəbər verir ki, media nümayəndələrinə müraciət edən Prezident İlham Əliyev deyib:-Bu gün Xocalı soyqırımının 29-cu ildönümüdür. Xocalı faciəsi Ermənistan tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş qanlı cinayətdir, soyqırımıdır. Bu soyqırımı nəticəsində 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onlardan 106-sı qadın, 63-ü uşaq idi. Xocalı soyqırımını törədənlər hərbi cinayətkarlardır. Onların bir çoxu İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilmişdir.
Xocalı soyqırımı Ermənistan faşizminin təzahürü idi. Ermənistan faşizmi o vaxt baş qaldırırdı və 1992-ci ildən son hadisələrə qədər erməni faşizmi Azərbaycan xalqına böyük zərbə vurmuşdur. Hərbi təxribatlar, terror aktları, dinc əhaliyə qarşı qəddarlıq, şəhərlərimizin, kəndlərimizin atəşə tutulması, eyni zamanda, İkinci Qarabağ müharibəsi dövründə ballistik raketlərlə dinc şəhərlərin bombalanması – bütün bunlar erməni faşizminin təzahürləridir.
Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən tanınır, 10-dan çox ölkə bu hadisəni rəsmən soyqırımı kimi tanımış, təsdiq etmişdir və bu proses davam etdirilir. Azərbaycan dövləti, eyni zamanda, ölkəmizin ictimai təşkilatları bu sahədə böyük fəallıq göstərirlər və bu gün dünyada Xocalı soyqırımı haqqında kifayət qədər dolğun məlumat vardır. Ermənistan dövlətinin hərbi cinayətləri sənədləşdirilib, video, foto materiallar kifayət qədər geniş auditoriyaya təqdim edilibdir. İndi bütün dünya görür və bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalmışdır.
Xocalı soyqırımının törədilməsi ilə Ermənistan, əslində, Azərbaycan xalqının iradəsini qırmaq istəyirdi. Təsadüfi deyil ki, Ermənistan rəhbərləri – hərbi cinayətkarlar xarici jurnalistlərə müsahibə verərkən, bu barədə sualı cavablandırarkən qürur hissi ilə qeyd edirdilər ki, bəli, Ermənistan bu hərbi cinayəti dinc əhaliyə qarşı törədib. Ona görə ki, Azərbaycan xalqı görsün, Ermənistan rəhbərliyi dinc əhaliyə də əl qaldıra bilər. Biz isə Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək, o cümlədən Xocalı qurbanlarının da qanını aldıq. Azərbaycan güclü dövlət kimi heç vaxt imkan verməz ki, bir daha erməni faşizmi baş qaldırsın, halbuki belə meyillər görünməkdədir. Bu gün Azərbaycan öz fəaliyyəti ilə bölgənin gələcək inkişafına töhfə verir, bölgədə sabitliyin tam bərqərar olması üçün əməli addımlar atır.
Bu günlərdə Azərbaycanda bir çox tədbirlər keçirilir və bu tədbirləri işıqlandırmaq üçün xaricdən böyük bir jurnalist qrupu gəlmişdir. Mən onlara təşəkkürümü bildirirəm ki, bu hadisələri, bu soyqırımını işıqlandırmaq üçün bu gün Azərbaycandadırlar. Eyni zamanda, bilirəm ki, onların bəziləri azad edilmiş torpaqlara getmişlər, o dağıntıları öz gözləri ilə görmüşlər və bundan sonra da gedəcəklər. Buna görə bir daha dərin təşəkkürümü bildirirəm.
Mənə məlumat verildi ki, xarici jurnalistlər mənimlə görüşmək, müsahibə almaq istəyirlər. Onların sayının çox olmasını nəzərə alaraq, belə qərara gəldim ki, biz bu formatda görüşək. Təbii ki, pandemiya bizim işimizə də təsir göstərir. Amma hesab edirəm, bu canlı bağlantı imkan verəcək ki, mən jurnalistləri maraqlandıran suallara cavab verim. Buyurun.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev: Möhtərəm cənab Prezident, icazənizlə yerli və xarici media nümayəndələrinin iştirakı ilə mətbuat konfransımıza başlayırıq.
Hikmət Hacıyev: Möhtərəm cənab Prezident, Sizə artıq dərəcədə təşəkkür edirik. Gərgin qrafikinizdə bizə dörd saatdan artıq vaxt ayırdınız, 35-dən çox dünya mediasının 50-yə yaxın sualını cavablandırdınız. Buna görə Sizə təşəkkür edirik.
Prezident İlham Əliyev: Sağ olun, Təşəkkür edirəm. Mən də sizə təşəkkürümü bildirirəm ki, siz mənim sözlərimə diqqətlə qulaq asdınız. Hesab edirəm ki, həm mənim üçün, həm sizin üçün də bu mətbuat konfransı çox faydalı oldu. Mən sizin vasitənizlə sizin ölkələrinizdə yaşayan insanların diqqətinə Azərbaycanın həqiqətlərinin bir hissəsini çatdıra bildim. Əminəm ki, belə səfərlər tez-tez həyata keçiriləcək. Çünki siz indi dağılmış yerlərə səfər etdiniz, baxdınız. Bir müddətdən sonra siz o yerləri bərpa edilən yerlər kimi görəcəksiniz. Bir daha sizə təşəkkür edirəm və uğurlar arzulayıram. Sağ olun.