Bütün Dövlət strukturlarında oldugu kimi Ədliyyə nazirinin başçılığı və göstərişi ilə ədliyyə sisteminin bütün qurumları da Xocalı ildönümünü böyük hüznlə yad edib tədbirlər keçirmişdir.Tədbirlərdə erməni qəsbkarları tərəfindən törədilmiş bəşəriyyətə qarşı dəhşətli cinayət sayılan qanlı Xocalı hadisələrindən, yüzlərlə günahsız insanların vəhşicəsinə qətlə yetirilməsindən danışılmış, kütləvi qırğın nəticəsində erməni hərbi birləşmələri tərəfindən Xocalı şəhərinin yerlə-yeksan edildiyi, çoxsaylı dinc sakinin ağır yaralandığı və ya işgəncələrə məruz qalaraq əsir götürüldüyü bildirilmişdir.
Tədbirlərdə vurğulanmışdır ki, Xocalı faciəsinə Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verilmişdir. Ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən bu kütləvi qırğının acı həqiqətlərinin Beynəlxalq ictimaiyyətə çatdırılması, dünya birliyi tərəfindən soyqırımı aktı kimi tanınması istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirilir. Artıq bir sıra xarici ölkələr, o cümlədən Pakistan, Meksika, Kolumbiya, Çexiya və Ruminiya, eləcədə ABŞ- ın altı ştatı Xocalı soyqırımını tanıyır.
Qeyd olunub ki, Xocalı soyqırımından 28 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmış SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücüm ediblər.
Dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunan Xocalıya artileriya və agır hərbi texnikadan güclü və amansız atəş açılıb.Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülüb.
Bildirilib ki, 1993-cü ildə xalqın təkidi ilə yenidən Azərbaycan hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev daxili sabitliyin təmin olunması, siyasi, iqtisadi tənəzzülün qarşısının alınması istiqamətində fəaliyyətə başladı.
1994-cü ildə atəşkəsə nail olundu. Artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə tamam başqa bir rakurstan baxıldı. Ulu Öndər Heydər Əliyev Xocalı soyqırımının tanınmasının əsas səbəbkarı, təşəbbüskarıdır.
Ötən il Bakıda dövlət başçısının öndə olduğu 85 mindən çox insanın iştirakı ilə ümumxalq yürüşünün keçirilməsi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə, eləcədə son illər böyük vüsət alan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində dünyanın əksər dövlətlərində çoxsaylı və mütəşəkkil aksiyaların təşkil olunması, xüsusi əyani vəsaitlərin hazırlanaraq mütəmadi yayılması bu məqsədlərə xidmət edir. Bu gündə Cənab Prezident İlham Əliyevin səyi, Azərbaycannın artan nüfuzu, uğurlu diplomatiyası sayəsində dünya ictimaiyyəti başa düşür ki, Ermənistanın idarə olunan siyasətinin əsasında terrorçuluq və işğalçılıq siyasəti dayanır.
Nazirlikdə həmçinin, Xocalı faciəsi barədə sənədlərdən, arxiv və foto materiallardan ibarət xüsusi stend hazırlanmış, kinozalda erməni vandallarının Xocalıda törətdikləri vəhşiliklərdən bəhs edən sənədli filmlər, o cümlədən “ Xoca“ bədii filmi nümayiş etdirilmişdir.
Xocalıda dünyasını dəyişən soydaşlarımıza Allahdan rəhmət diləyirik!Təranə Novruzova
Sumqayıt şəhər qeydiyyat şöbəsinin rəisi