Hulusi Akar şəhid Valehin ailəsinə məktub göndərib - Fotolar

Hulusi Akar şəhid Valehin ailəsinə məktub göndərib - Fotolar

Türkiyənin milli müdafiə naziri Hulusi Akarın Azərbaycan Ordusunun Vətən müharibəsində hərbi əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş hərbi qulluqçusu baş leytenant Valeh İsbat oğlu Məmiyevin ailəsinə göndərdiyi məktub ünvanına çatdırılıb.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə nazirliyin əməkdaşı Abdulla Qurbani Valeh Məmiyevin yaşadığı Yardımlı rayonunun Kürəkçi kəndində şəhidin ailə üzvləri ilə görüşərək məktubu çatdırıb.

Sözügedən məktubu təqdim edirik:

“Şanlı Azərbaycan Ordusunun Ermənistanın işğalı altındakı torpaqlarını azad etdiyi 44 günlük dastana dönən mübarizədə ağır yaralanan baş leytenant Valeh Məmiyevin şəhid olması bizləri dərindən üzdü. Baş leytenant Valeh Vətən torpağının işğaldan qurtarılacağına dair verdiyi sözü tutub və Qubadlı rayonuna bağlı yaşayış məntəqələrinin qurtarılmasından sonra şəhadət məqamına ucalıb.
Hulusi Akar şəhid Valehin ailəsinə məktub göndərib - Fotolar

Şəhid və qazilərimizin cəsarət, qəhrəmanlıq və fədakarlıqları əsla unudulmayacaq. Onların əziz xatirələri sonsuza qədər qəlbimizdə yaşayacaq.

“Bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycanın kədəri də sevinci də birdir. Sizlərin sevinci sevincimiz, kədəri kədərimizdir. Türkiyə bütün imkanları ilə sonunadək Azərbaycan Türkü qardaşlarımızın yanında olmaqda davam edəcək.

Şəxsən və Milli Müdafiə Nazirliyinin əməkdaşları adından acınızı ürəkdən paylaşır, əziz şəhidlərimizə Allahdan rəhmət, siz dəyərli ailəsinə səbir diləyir, başsağlığı verirəm.

Münasib bir vaxtda əziz şəhidimizin hörmətli ailəsi olan Sizləri Türkiyədə qarşılamaqdan məmnun olaram.

Salam və ehtiramlarımla, Hulusi Akar”.
Hulusi Akar şəhid Valehin ailəsinə məktub göndərib - Fotolar

Şəhidin atası İsbat Məmiyev bildirib ki, yeni ilin ilk günlərində Hulusi Akar telefonla zəng edərək ailənin hər bir üzvü ilə ayrılıqda danışıb: “Kədərimizə, acımıza şərik oldu, bizə təsəlli verdi, yalnız olmadığımızı dedi. Oğlumuza və bütün şəhidlərimizə Allahdan rəhmət dilədi. İndicə aldığımız bu məktub da ailəmiz üçün böyük təsəllidir. Hörmətli Hulusi Akara bundan sonra da “Bir millət, iki dövlət” arasında qardaşlığın, dostluğun və hərbi əməkdaşlığın möhkəmlənməsində uğurlar arzulayır, dəvətini məmnuniyyətlə qəbul edirik”.

Məmiyevlər ailəsi nazir Hulusi Akara cavab məktubu ünvanlayıblar.
Hulusi Akar şəhid Valehin ailəsinə məktub göndərib - Fotolar

Xatırladaq ki, Valeh Məmiyevin Vətən müharibəsində Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda döyüşdə “Mən xoşbəxt zabitəm ki, cənab Hulusi Akara verdiyim sözü tutdum. Təki Vətən sağ olsun!” deyərək gözlərini yumması Türkiyənin milli müdafiə nazirini kədərləndirib. Türkiyəyə qayıtdıqdan sonra Hulusi Akar Məmiyevlər ailəsinə məktub ünvanlayıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter