Biz hüquqi dövlət qururuq. Hüquqi dövlətin əsasını təşkil edən qanunlardır. Biz qanunsuzluqları, ədalətsizlikləri aradan götürəcəyik, ancaq bir iş qanunsuz olursa, o biri qanunsuz işlə qanunsuzluğu aradan götürmək olmaz. Bir şey ədalətsizliklə olubsa, ədalətsizliklə ədaləti bərpa etmək olmaz. Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə. Ədaləti bərpa etmək lazımdır.Ümummilli Lider Heydər Əliyev22 Noyabr Ədliyyə işcilərinin peşə bayramı günü Ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə muasir dövlətimizin banisi, Ulu Öndər Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün 22 -noyabr ədliyyə işçilərinin peşə bayramı kimi təsis edilmişdir. Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra 22 noyabr 2000-ci ildə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən sərəncam imzalanmış, 22 noyabr ədliyyə işçilərinin peşə bayramı kimi qeyd edilmiş, tarixi həqiqət öz yerini tapmışdır.
Bu əlamətdar gündə ənənəvi olaraq ədliyyə orqanlarının tarixinə, görülmüş işlərə, qarşıda duran mühüm vəzifələrə bir daha nəzər salınır. XX Əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən dərhal sonra formalaşdırılan Milli Hökümətin tərkibində Ədliyyə Nazirliyi də təşkil olunmuş, 22 noyabr 1918-ci ildə isə onun Əsasnaməsi təsdiq edilmişdir. Nazirlik öz işinə ilk növbədə hüquq sisteminin təşkili üçün əhəmiyyətli qərarların qəbul edilməsi, ədliyyə, məhkəmə və istintaq strukturlarının bərpası, hüquqşunas kadrların hazırlanması ilə başlanmış, həmin dövr üçün mühüm nailiyyətlər əldə edilmişdir.

Lakin sovetlər dövründə Ədliyyə Nazirliyi vahid sistem kimi fəaliyyət göstərməmiş, dəfələrlə ləğv edilib yenidən təşkil olunmuşdur. Yalnız Ümümmilli Lider Heydər Əliyevin 1970-ci ildə respublikamıza siyasi rəhbərliyə gəlişindən sonra ədliyyə sisteminə zəruri diqqət göstərilmiş, Ədliyyə Nazirliyi təsis edilərək, onun vahid strukturu formalaşdırılmış, ədliyyə işinin gələcək inkişafı üçün hərtərəfli zəmin yaradılmışdır. Azərbaycanın dövlətçilik tarixində Ədliyyə Nazirliyinin özünəməxsus yeri vardır.
Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirildi.
Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr - 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edildi və Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edildi. Bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlamışdır.

Azərbaycan dövlət müstəqilliyini bərpa etməsi ilə başlanan ədliyyənin inkişafının əsaslı dönüş mərhələsi də Ulu Öndərin adı ilə bağlı olmuş, Ədliyyə Nazirliyinin funksiyasına və səlahiyyətləri genişləndirilmiş, nazirlik milli dövlətçiliyimizin əsas sütünlarından birinə çevrilmişdir. Ümummilli liderimizin dövlət quruculuğu xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ədliyyə və məhkəmə sisteminin muasirləşdirilməsi üzrə mühüm qərarlar qəbul olunmuş, ədliyyə fəaliyyətinin mükəmməl normativ hüquqi bazası yaradılmış, ədliyyə işi beynalxalq norma və prinsiplərə uyğunlaşdırılmış, onun üzərinə yeni mühüm vəzifələr qoyulmuş, gələcək inkişafına dair əhatəli Dövlət Proqramı qəbul edilmişdir.
Ədliyyə və məhkəmə sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində əldə olunan bütün uğurlar və nailiyyətlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların real təzahürüdür. Ədliyyə işçiləri ölkəmizdə gedən demokratikləşmə prosesində, vətəndaş cəmiyyətinin təşəkkül tapmasında, respublikamızın daha da inkişaf edərək, zəngin və qüdrətli dövlətə çevrilməsində bundan sonrada yorulmadan çalışmaq əzmindədirlər və bu şərəfli işi özlərinin vəzifə və vətəndaşlıq borcu sayırlar.
Ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına hər zaman üstünlük verən
Heydər Əliyev “Ədaləti ədalətsizlikdə bərpa etmək olmaz” deyərək qanunun aliliyini əsas meyar kimi müəyyənləşdirmiş, cinayətkarlığa, rüşvətxorluğa qarşı SSRİ məkanında ilk dəfə açıq və cəsarətli çıxış edərək, barışmaz münasibət nümayiş etdirmiş, insanlara hüquqi xidmətin yaxşılaşdırılmasını əsas prioritetlərdən biri kimi müəyyən etmişdir. 1992-ci ildə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmiş, ədliyyə işinin gələcək inkişafı üçün zəmin yaranmışdır. Bu gün Qanununun aliliyi, insanların qanun qarşısında bərabərliyi məsələsi ədliyyə sisteminin əsas fəaliyyət prinsipini təşkil edir.
"Qanunyolu.info.az" kollektivi də fürsətdən istifadə edərək, başda Ədliyyə Naziri cənab Fikrət Məmmədov olmaqla bütün ədliyyə işçilərini 22 noyabr - Peşə Bayramı Günü münasibətilə təbrik edir, çətin və şərəfli işlərində onlara müvəffəqiyyətlər arzulayır.
BAYRAMINIZ MÜBARƏK!"QANUNYOLU.İNFO.AZ" TƏSİSÇİ VƏ BAŞ REDAKTOR
ARİF SÜLEYMANLI