Azərbaycan Respublikası Ali Sovetinin "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul etməsindən 29 il ötür.Rusiyadakı demokratik qüvvələrin fəaliyyəti nəticəsində SSRİ respublikalarında da mərkəzdənqaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatmışdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da "Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında" bəyannamə qəbul edilib.
Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edilib.
Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirilib. Referendum bülleteninə bir sual yazılmışdı: "Siz "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?"
Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxıb.
Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.
1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli dövlət gerbi təsdiq olunub.
XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.
Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.
1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.
1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalq bu tarixi bayram kimi qeyd edir.
Müstəqillik günü Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. Hər il Müstəqillik günü 18 oktyabrda qeyd edilir.
Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi yaradılmışdır.
"Qanunyolu.info.az" xəbər portalının kollektivi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edir, xalqımıza müstəqilliyimizin daimi, möhkəm və Azərbaycan ordusunun tezliklə qələbə, zəfər çalmasını arzulayır!
BAYRAMINIZ MÜBARƏK!ARİF SÜLEYMANLI