İlham Əliyev daha bir açılışda iştirak etdi - Fotolar - Yenilənib

  • 26.05.2025, 11:00,
  • Siyasət
  • Baxılıb: 9
İlham Əliyev daha bir açılışda iştirak etdi - Fotolar - Yenilənib

Mayın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

“Qanunyolutv.az” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
****

Azərbaycan Prezidenti İlham Əliyev bu gün “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsinin açılışında iştirak edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin “Anadolu Grubu”nun idarə heyətinin fəxri sədri Tuncay Özilhan və “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova dövlət başçısına müəssisə barədə məlumat veriblər.

İsmayıllı rayonunun Topçu kəndində yerləşən bu müəssisə 15 hektar ərazidə inşa edilib və illik 165 milyon litr istehsal gücünə malikdir. Layihənin investisiya dəyəri 80 milyon manatdır. Beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verən müəssisədə 100-dən çox yerli sakin daimi işlə təmin olunub. Bu, “Coca-Cola Bottlers” MMC-nin ölkəmizdə ikinci istehsal müəssisəsidir. Yeni müəssisə tərəfindən istehsal olunacaq məhsulların əsasən daxili bazarda satışı nəzərdə tutulub. Müəssisə İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilən investisiya təşviqi sənədi çərçivəsində 7 il müddətində mənfəət və gəlir vergisindən 50 faiz güzəşt əldə edib. Bundan əlavə, əmlak və torpaq vergisindən, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə ƏDV-dən və gömrük rüsumlarından azad olunub. Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən layihənin maliyyələşdirilməsinə 10 milyon manat güzəştli kredit ayrılıb. “Azerbaijan Coca-Cola Bottlers” MMC ətraf mühitin mühafizəsi üzrə öhdəliklərə sadiq qalaraq istehsal zamanı sərf olunan enerjinin bir qismini günəş panelləri vasitəsilə əldə olunan yaşıl enerji ilə təmin etməyi nəzərdə tutur.

İsmayıllı rayonunda belə bir istehsal müəssisəsinin açılması bölgənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, sənaye potensialının reallaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Yeni müəssisəsinin açılması istehsalın lokallaşdırılmasını, texnologiya transferini və idxalın əvəz edilməsini stimullaşdırır.

Qeyd edək ki, regionların davamlı inkişafı, istehsal və ixrac imkanlarının artırılması, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi dövlətimizin başçısı tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının önəmli istiqamətlərindəndir. Davamlı islahatlarla investorlar üçün yaradılan əlverişli işgüzar şərait, güzəşt və imtiyazlar onları ölkəmizə daha çox sərmayə yatırmağa sövq edir. “Coca-Cola”nın Azərbaycana investisiyalarının artırılması da ölkədə əlverişli biznes mühitinin və cəlbedici investisiya şəraitinin mövcudluğundan irəli gəlir. Paytaxtla yanaşı regionlarımıza yatırılan sərmayələr sayəsində yeni istehsal müəssisələrinin açılması ölkəmizdə qeyri-neft sektorunun inkişafının göstəricisi olmaqla bərabər, bölgələrimizin iqtisadi potensialının daha da möhkəmləndirilməsində çox böyük rol oynayır. “Azerbaijan Coca-Cola Bottlers” MMC ölkəmizdə istehsala 1996-cı ildə başlayıb. Şirkət indiyədək Azərbaycan iqtisadiyyatına 200 milyon dollar sərmayə yatırıb.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter