Həkim mama ginekoloq, Tibb Elmləri doktoru
Fatimə HacıyevaMüstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, əbədi olması ondan da çətindir.
Heydər ƏliyevBu il Azərbaycan xalqı böyük qürur və ehtiramla Ümummilli Lider, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 102 illiyini qeyd edir. 1923-cü il may ayının 10-da Naxçıvanda dünyaya göz açan Heydər Əliyev, öz zəngin həyat və fəaliyyət yolu ilə təkcə müasir Azərbaycan dövlətinin qurucusu deyil, həm də xalqımızın milli-mənəvi dəyərlərinin qoruyucusu və inkişaf etdiricisi olmuşdur.Heydər Əliyev Azərbaycan xalqının qəlbində
“Ulu Öndər”,
“Dövlətçiliyin banisi”,
“Tarixi Lider”,
“Əsrin Dahisi” kimi əbədiyaşar adlarla yadda qalmışdır. O, 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının birinci katibi seçildiyi andan etibarən Azərbaycanı yeni inkişaf mərhələsinə çıxardı. Həmin illərdə sənaye, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələrində aparılan islahatlar, ölkənin inkişafına mühüm töhfələr verdi.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edərək, sabitliyin və inkişafın əsasını qoydu. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə tanındı,
“Əsrin müqaviləsi” kimi mühüm enerji layihələri həyata keçirildi və ölkə iqtisadiyyatına milyardlarla dollar sərmayə cəlb olundu.
Heydər Əliyevin əsas məqsədi müstəqil, güclü və suveren Azərbaycanın qurulması idi. Bu məqsədə çatmaq üçün o, həyatının son anına qədər yorulmadan çalışdı. Onun irsində dövlətçiliyin möhkəmləndirilməsi, xalqla birliyin təmin olunması və gələcək nəsillərə müasir, güclü dövlətin ötürülməsi ideyası dayanır.
Bu gün Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük nailiyyətlər əldə edir. 2020-ci ildə qazanılan şanlı Zəfər də məhz Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində mümkün olmuşdur.
Heydər Əliyev sadəcə bir lider deyil, o, bir məktəb, bir ideologiya, bir həyat fəlsəfəsidir. Onun
“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı hər bir vətəndaş üçün milli qürur və ilham mənbəyidir.
Ulu Öndərin 102 illiyi ərəfəsində xalqımız onun əziz xatirəsini böyük hörmət və ehtiramla yad edir. O, qəlbimizdə daim yaşayacaq, Azərbaycan tarixində isə əbədi silinməz iz buraxmış əsl lider olaraq qalacaqdır!
Ümummilli lider Heydər Əliyevin bir zamanlar bütün dünyaya bəyan etdiyi kimi, Azərbaycan vətəndaşının ən gözəl sabahları öndədir. Azərbaycan dövlətinin ən qüdrətli zamanları irəlidədir! Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir!
Bu sözlər Azərbaycanın dövlətçilik tərəfinə yeni və unudulmaz bir səhifə yazan ölməz rəhbərin - Heydər Əliyevin nəsillərə ən müqəddəs tövsiyəsi kimi səslənir. Tarix zamanın sınaqlarında, dolaylarında yaranır. Zaman dəyişsə də tarix əbədidir. Bu dünyada yeni bir tarix yaradan dahi insan Heydər Əliyev də əbədidir, ölməzdir. Nə qədər bəşəriyyət var, Azərbaycan, azərbaycançılıq var, müdrik insanları qiymətləndirənlər var, müstəqil azərbaycanın qurucusu, memarı, Azərbaycan xalqının Ümummili lideri Heydər Əliyev yaşayır və yaşayacaqdır!Həkim mama ginekoloq, Tibb Elmləri doktoru
Fatimə Hacıyeva