“Doğma, canım–varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm. Bundan sonrakı ömrümü də onun işıqlı sabahları uğrunda qurban verməyə hazıram”. ÜMUMMİLLİ LİDER - HEYDƏR ƏLİYEV
10 may 1923-cü il – Ümummilli Lider, mərhum Prezident, dövlət xadimi, böyük siyasətçi Heydər Əliyevin doğum günüdür. Bu il Ulu Öndərin 96-cı ildönümü olan bu tarixin qeyd olunması ölkəmizdə və dünyada bir ənənə halını almışdır.Azərbaycan xalqı özünün qədim və təlatümlü tarixi mərhələlərində Cavanşir, Babək, Şəmsəddin Eldəniz, Şah İsmayıl Xətai, Cavad xan və bir çox digər görkəmli şəxsiyyətlər, sərkərdələr, dövlət və ictimai–siyasi xadimlərini yetişdirmişdir. Həmin şəxsiyyətlər öz vətəninə və millətinə sədaqətlə xidmət etmiş, onun daha da inkişaf etməsi və çiçəklənməsi naminə fədakarlıqlarını əsirgəməmiş və adlarını əbədi olaraq tariximizə yazmışlar. XX əsrdə Azərbaycan torpağı daha bir dahi şəxsiyyət yetişdirdi. Bu, dünyanın siyasi tarixinə bənzərsiz bir dövlət xadimi, müasir Azərbaycanın qurucusu və dövlətimizin memarı, xalqın xilaskarı və millət atası kimi daxil olan ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevdir.
Heydər Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, birinci müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olmuşdur.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991 – 1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir. 1993-cü ilin may-iyununda ölkədə siyası böhranının son dərəcə kəskinləşməsi ilə əlaqədar o zamankı rəhbərlik Heydər Əliyevi Bakıya dəvət etmişdir. Heydər Əliyev 1993-cü il 15 iyunda Azərbaycan Ali Sovetinin sədri seçilmiş, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başlamışdır.
1993-cü il oktyabrın 3-də ümumxalq referendumu nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. O, 1998-ci il oktyabrın 11-də keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Ulu öndər ikinci dəfə hakimiyyətdə olduğu müddətdə Azərbaycanda hüquqi dövlətin formalaşması və bu əsasda onun mühüm beynəlxalq qurumlarda layiqincə təmsil olunması üçün əvəzsiz xidmətlər göstərmişdir. Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi altında yeni Konstitusiya layihəsi hazırlanmış və 12 noyabr 1995–ci ildə referendum yolu ilə qəbul edilmişdir. Konstitusiyada əks olunan müddəalar ölkəmizin gələcək inkişafının mühüm istiqamətlərini müəyyənləşdirmiş, Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət olmasını bəyan etmiş, insan hüquq və azadlıqlarının prioritetliyini ön plana çəkməklə ölkənin gələcək inkişaf modeli üçün hüquqi baza yaratmışdır. Heydər Əliyevin 21 fevral 1996–cı il tarixli sərəncamı ilə Hüquq İslahat Komissiyası yaradılmışdır ki, həmin komissiya tərəfindən respublikada bir çox sahələri əhatə edən onlarca yeni qanun və məcəllə layihələri hazırlanaraq Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilmişdir.

Heydər Əliyev siyasi kursu bu gün onun ideyalarına daim sadiq qalan möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Ulu öndərimizin: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”—deyərək, dəyərləndirdiyi dövlət rəhbərimiz bu gün, həqiqətən də, xalqın etimadını doğrultmaqla həmin ümidləri reallığa çevirmişdir.
Böyük türk dünyasının görkəmli ictimai–siyasi və dövlət xadimi olan Heydər Əliyev Azərbaycan xalqının əvəzolunmaz və tarixi bir irsidir. Bu irsi öyrənərək ondan doğma vətənimiz Azərbaycanın rifahı naminə istifadə etmək isə hər bir vətəndaşın, öz torpağını və millətini sevən hər bir insanın mənəvi borcudur.
Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməmişdir. Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin Ulu Öndər, dahi şəxsiyyət Heydər ƏLiyevə.
Dərin hörmət və etiramla “Bakı Tekstil Fabriki” MMC-nin rəhbəri Səkinə xanım Babayeva