Bayramov Fidanla görüşdü - Foto - Yenilənib

  • 18.10.2024, 18:00,
  • Siyasət
  • Baxılıb: 2
Bayramov Fidanla görüşdü - Foto - Yenilənib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

“Qanunyolutv.az” xəbər verir ki, bu barədə Azrbaycan XİN-in “X” hesabında paylaşım edilib.
****

XİN-in yaydığı məlumata görə, görüşdə, Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə qlobal təhlükəsizlik problemləri müzakirə olunub.

Ceyhun Bayramov qardaş Türkiyəyə 3+3 formatının növbəti görüşünə ev sahibliyinə, görüşün təşkilatçılığı və səmimi qonaqpərvərliyə görə təşəkkür edib.

Bölgədə və dünyada sürətlə dəyişən təhlükəsizlik vəziyyətinin fonunda bu kimi məşvərət mexanizmlərinin əhəmiyyətinin daha da artdığı, bölgəmiz üçün ortaq təhdidlərlə mübarizədə əməkdaşlığın vacibliyi qeyd olunub. Bu istiqamətdə, Azərbaycan-Türkiyə müttəfiqliyinin, regional və beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin əhəmiyyəti diqqətə çatdırılıb.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumat verən Ceyhun Bayramov, sülh prosesinin qarşısında duran çağırışların hələ də qalmaqda olduğunu bildirib. Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının davam etdirilməsinin, habelə Ermənistan tərəfindən bu istiqamətdə sistematik işlərin görülməsi yerinə, problemin gözardı edilməsinin narahatlıq mənbəyi olaraq qaldığı diqqətə çatdırılıb.

Ceyhun Bayramov, həmçinin həmkarını BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyimiz, görülən hazırlıq işləri barədə məlumatlandırıb.

Türkiyənin qardaş Azərbaycanın bölgədəki sülh və quruculuq səylərini hər zaman dəstəklədiyi, habelə prosesin tezliklə yekunlaşmasına dair ümidvarlıq ifadə olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter