Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.“Qanunyolutv.az” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi təşəbbüsünə və bu tədbirə dəvətə görə təşəkkürünü bildirib. Zirvə görüşünün əhəmiyyətinə toxunan baş katib Türk Dövlətləri Təşkilatının yalnız rəsmi deyil, eyni zamanda, qeyri-rəsmi Zirvə toplantısını da ölkələrimiz arasında əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşməsinə xidmət göstərən amil kimi qiymətləndirib. Zirvə toplantısının nəqliyyat, əlaqələr, iqlim dəyişikliyi kimi çox vacib mövzulara həsr olunduğunu və bu məsələlər üzrə türk dövlətləri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib. O, nəqliyyat və əlaqələr sahələrində çoxtərəfli əməkdaşlığın önəminə toxundu və bunun Türk dünyasının güclənməsinə əməli töhfə verəcəyinə əminliyini bildirib. Kubanıçbek Ömüralıyev bu xüsusda Orta Dəhlizin əhəmiyyətini vurğulayıb.
Türk Dövlətləri Təşkilatının Baş katibi qəbul olunacaq Qarabağ Bəyannaməsinin təşkilatın inkişafı və qarşıda duran məqsədlərin həyata keçirilməsi baxımından önəmini qeyd etdi və bunu tarixi bəyanat kimi dəyərləndirib. O, həmçinin Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində sahəvi əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində də yeni təşəbbüslərlə çıxış etməsinin alqışlandığını və çox müsbət qiymətləndirildiyini deyib. Təşkilatın katibliyinin strukturunun yenilənməsinə, ştat vahidinin artırılmasına və quruma göstərilən maliyyə dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Dövlət başçısı Azərbaycanın xarici siyasətinin ən prioritet istiqamətlərindən birinin Türk dünyası olduğunu qeyd edib və Azərbaycan Milli Məclisində andiçmə mərasimində çıxışı zamanı Türk dünyasının bizim ailəmiz olması barədə bəyanatını bir daha xatırladıb.
Prezident İlham Əliyev Təşkilata üzv dövlətlərin dövlət və hökumət başçıları ilə təşkilatın gündəliyində duran məsələlərlə bağlı ətraflı müzakirələr aparacağına və bu Zirvə görüşünün təşkilat çərçivəsində tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini bildirib, qeyri-rəsmi Zirvə toplantısının müntəzəm xarakter daşıyacağına ümidvar olduğunu deyib.
Dövlət başçısı Naxçıvan Sazişinin imzalanmasından etibarən Türk Dövlətləri Təşkilatının uğurlu inkişaf yolu keçdiyini və hazırda onun dünyada böyük nüfuza malik beynəlxalq təşkilatlardan biri olduğunu vurğulayıb.
Azərbaycan Prezidenti dövlət və hökumət başçılarının iştirakı ilə imzalanacaq Qarabağ Bəyannaməsinin tarixi xarakter daşıdığını və bunun əməkdaşlığımızın müxtəlif sahələrdə inkişafına ciddi təkan verəcəyinə əminliyini bildirib.
Baş katib COP29 münasibətilə dövlət başçısına bir daha təbriklərini çatdırıb.
Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev COP29 çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqlim dəyişikliyi məsələlərinə dair müxtəlif təşəbbüslərlə çıxış etməsinin və birgə tədbirlərin keçirilməsinin önəminə toxunub.
****
Prezident İlham Əliyev iyulun 5-də Şuşada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarı qəbul edib.
Dövlət başçısı Ersin Tatar ilə Bakıda və digər beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.
Söhbət zamanı nəqliyyat, əlaqələr və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması mövzusunda keçiriləcək qeyri-rəsmi Zirvə toplantısının Türk Dövlətləri Təşkilatının gündəliyində duran məsələlərin dövlət və hökumət başçıları səviyyəsində müzakirəsi və reallaşdırılması baxımından əhəmiyyəti qeyd olunub. Bu tədbirin müntəzəm xarakter alacağına ümidvarlıq bildirilib, onun Türk dünyasının inkişafına, birliyinə xidmət edəcəyi vurğulanıb.
Azərbaycan Prezidenti ilə görüşlərini məmnunluqla xatırlayan Ersin Tatar Türk Dövlətləri Təşkilatının Şuşa şəhərində keçiriləcək qeyri-rəsmi Zirvə toplantısına dəvətə görə dövlətimizin başçısına təşəkkürünü bildirdi və ölkəmizə ikinci dəfə səfər etdiyini dedi.
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti imzalanacaq Qarabağ Bəyannaməsinin əhəmiyyətini qeyd edib.
O, Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə toplantıları ilə bərabər, qeyri-rəsmi Zirvə toplantılarının keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirdi. Bunun mütəmadi xarakter alacağına, Türk dövlətləri arasında əməkdaşlığın və tərəfdaşlığın daha da inkişafına əsaslı töhfə verəcəyinə əminliyini bildirib.
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti bu Zirvə toplantısının nəqliyyat, əlaqələr və iqlim fəaliyyəti kimi çox aktual məsələlərə həsr olunduğunu vurğulayıb.
Ersin Tatar 2022-ci ilin noyabrında Səmərqənddə keçirilmiş Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında Şimali Kipr Türk Cümhuriyyətinin bu təşkilatda müşahidəçi statusunu almasından sonra əlaqələrin inkişafından məmnunluğunu bildirib.
Göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə edən Ersin Tatar vurğuladı ki, dəfələrlə o öz bəyanatlarında da bu məsələləri qeyd edib və Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi həmrəyliyə, dostluğa, qardaşlığa və dəstəyə görə təşəkkürlərini bildirib.
Azərbaycan Respublikasının Milli Məclisində Şimali Kipr ilə dostluq qrupunun yaradılmasını vacib addım kimi dəyərləndirən Ersin Tatar Azərbaycan Mədəniyyət Günlərinin ölkəsində keçirilməsini məmnunluqla qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.