Azərbaycan Prezidenti İlham Əliyev iraqlı həmkarı Əbdüllətif Camal Rəşid ilə görüşüb."Qanunyolutv.az" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
****
Görüşdə ölkəmizdə olmaqdan məmnunluğunu bildirən Əbdüllətif Camal Rəşid Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə dəvətə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.
İraq Prezidenti Qoşulmama Hərəkatının indiki dövrdə beynəlxalq münasibətlərdə xüsusilə çox böyük rola malik olan bir təsisat olduğunu deyib.
Dövlət başçısı İraq Prezidentinə ölkəmizə səfər etdiyinə görə təşəkkürünü bildirib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin başa çatmaq ərəfəsində olduğunu qeyd edən Prezident İlham Əliyev sədrlik dövründə ölkəmizin Hərəkatın inkişafı naminə səylərini əsirgəmədiyini, onun təsisatlanması ilə bağlı bir sıra təşəbbüslər irəli sürdüyünü bildirdi, bu xüsusda Hərəkatın parlament və gənclər şəbəkəsinin yaradılmasını qeyd edib. Dövlət başçısı Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının 3-cü Zirvə toplantısının da ölkəmizdə keçirildiyini vurğulayıb.
Prezident İlham Əliyev Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilmiş Sammitində iştirakını məmnunluqla xatırlayıb, Azərbaycanın Ərəb dövlətləri ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib.
İraq Prezidenti ölkəsinin Azərbaycanla münasibətləri daha da möhkəmləndirməkdə maraqlı olduğunu deyib, əməkdaşlığımızı genişləndirmək üçün yaxşı imkanların mövcudluğunu qeyd edib.
Əbdüllətif Camal Rəşid İraqın üzləşdiyi problemlər və təhlükəsizliyə təhdid yaradan hallar barədə məlumat verdi, ölkəsinin artıq sabitlik mərhələsinə qədəm qoyduğunu bildirib.
Azərbaycan Prezidenti ölkələrimizin beynəlxalq təşkilatlarda yaxından əməkdaşlıq etməsi üçün geniş imkanların olduğunu bildirdi və bu xüsusda OPEC+ və digər formatlar qeyd edilib.
Dövlət başçısı pandemiya dövründə Azərbaycanın Qoşulmama Hərəkatına üzv dövlətlərə, həmçinin İraqa humanitar dəstək göstərdiyini vurğulayıb.
Azərbaycan Prezidenti İraq dövlətinin başçısını ölkəmizə həmçinin rəsmi səfərə dəvət edib. Əbdüllətif Camal Rəşid dəvəti məmnunluqla qəbul edərək, öz növbəsində dövlət başçısını İraqa səfərə dəvət edib.
Söhbət əsnasında dövlət başçıları sərmayələr, enerji, tikinti, nəqliyyat, təhsil sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdilər, ikitərəfli iqtisadi ticarət balansının genişləndirilməsinin və işgüzar dairələrin nümayəndə heyətlərinin səfərlərinin təşkil olunmasının əhəmiyyətini vurğuladılar.