Prezident qəbullar keçirdi - Fotolar + Yenilənib

  • 01.03.2023, 11:00,
  • Siyasət
  • Baxılıb: 3
Prezident qəbullar keçirdi - Fotolar + Yenilənib

Prezident İlham Əliyev martın 1-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviçlə görüşüb.

“Qanunyolutv.az” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün ölkəmizə səfər etdiyinə görə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinə minnətdarlığını bildirib, səfər zamanı ikitərəfli əlaqələrimizlə bağlı müzakirələr aparmaq üçün imkanların da yarandığını deyib.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri ölkəmizdə olmasından məmnunluğunu bildirib, Bakının gözəlliyinin onu heyran etdiyini deyib. Qonaq münasibətlərimizin yüksək səviyyədə olduğunu qeyd edib, COVID-19 dövründə və Bosniya və Herseqovinada baş vermiş daşqınlar zamanı Azərbaycanın onun ölkəsinə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb.

Jelka Tsviyanoviç iqtisadiyyat, ticarət, investisiya, enerji və digər sahələrdə əməkdaşlıq üçün böyük imkanların olduğunu qeyd edib.

Görüşdə Azərbaycanla Bosniya və Herseqovina arasında siyasi münasibətlərin çox yaxşı səviyyədə olduğu qeyd edilib. Ancaq iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsinin, həmçinin biznes dairələri arasında birbaşa təmasların təşviqinin vacibliyi bildirilib.

Söhbət zamanı Bakı və Sarayevo şəhərlərinin hələ ötən əsrin 70-ci illərindən qardaşlaşmış şəhərlər olduğu xatırlanaraq, şəhərlərarası əlaqələrin inkişafının da önəmi vurğulanıb.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri dövlətimizin başçısını ölkəsinə rəsmi səfərə dəvət edib.

Azərbaycan Prezidenti dəvəti məmnuniyyətlə qəbul edib.
****

Prezident İlham Əliyev martın 1-də Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Antonio Vitorinonu qəbul edib.

Antonio Vitorino Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə dəvət edildiyinə görə təşəkkürünü bildirib, bu sammitin hazırda beynəlxalq gündəlikdə duran məsələlərin müzakirəsi baxımından çox yaxşı fürsət yaratdığını deyib.

Azərbaycanla Beynəlxalq Miqrasiya Təşkilatı arasında çox sıx əlaqələrin olduğunu vurğulayan dövlət başçısı Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitində iştirak etdiyinə görə Antonio Vitorinoya minnətdarlığını ifadə edib. Prezident İlham Əliyev Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmizin bu Hərəkatın daha da təsisatlanması istiqamətində bir sıra təşəbbüslərlə çıxış etdiyini bildirib.

Ölkəmizlə rəhbərlik etdiyi təşkilatın səmərəli əməkdaşlığına görə təşəkkürünü ifadə edən Antonio Vitorino Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Beynəlxalq Miqrasiya Təşkilatı öz təcrübəsindən çıxış edərək bu prosesə dəstək verə bilər. O, həmçinin deyib ki, bu təşkilat yarandığı gündən bəri dünyanın müxtəlif ölkələrində məcburi köçkünlərin və qaçqınların qayıtması üzrə çox geniş təcrübəyə malikdir və bu təcrübəni Azərbaycan tərəfi ilə bölüşməyə hazırdır.

Antonio Vitorino ölkəmizdə Beynəlxalq Miqrasiya Təşkilatının regional təlim mərkəzinin yaradılmasının vacibliyini qeyd edib, bu mərkəzin həm Azərbaycanda, həm də region ölkələrində imkanların artırılmasına və peşəkar kadrların hazırlanmasına töhfə verəcəyini deyib.

Qonaq Azərbaycanın qaçqınların müdafiəsi və beynəlxalq miqrasiya üzrə məşvərətçi proses olan 2023-2024-cü illər üzrə Almatı prosesinə sədrliyini qeyd edərək, miqrasiya ilə bağlı davamlı dialoqun və məlumat mübadiləsinin müzakirəsi baxımından bu platformanın əhəmiyyətini vurğulayıb.

Görüşdə azərbaycanlı mütəxəssislərin Beynəlxalq Miqrasiya Təşkilatında və BMT-nin digər strukturlarında təmsilçiliyinin artırılmasının vacibliyi bildirilib.

Antonio Vitorino Azərbaycanın yeni donor ölkə kimi təşkilatın büdcəsinə verdiyi maliyyə töhfələrinin də yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter