Nəsimi rayonu Mehdi Hüseynzadə adına 19 nömrəli tam orta məktəbdə, Nəsimi rayonu Fəxrəddin Nəcəfov adına 266 nömrəli tam orta məktəbdə və Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.“Qanunyolutv.az” xəbər verir ki, keçirilən tədbirlərdə rayonun ictimai təşkilatlarının nümayəndələrinin, rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri, Vətən müharibəsi şəhid ailələri, əlilləri və veteranları iştirak edib.
Məktəblərin önündə Vətən müharibəsi şəhidlərinin xatirə lövhələri ziyarət olunmuş, önünə gül dəstələri düzülüb. Keçirilən tədbirlərdə məktəb şagirdlərinin ifasında şerlər, ədəbi-bədii kompazisiyalar və 20 Yanvar faciəsinə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.
Keçirilən tədbirlərdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirib ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir: “20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilib. Ümumilikdə ölkədə 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilib. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulub”.

1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul edib”.
Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət Başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir.