“İnsanlarda 1 manat köçürmək mədəniyyətini yaradaq, dövlətin də yükü azalsın”

  • 14.10.2022, 11:50,
  • Siyasət
  • Baxılıb: 40
“İnsanlarda 1 manat köçürmək mədəniyyətini yaradaq, dövlətin də yükü azalsın”

“Hər gün sosial şəbəkələrdə xəstə yaxınlarının paylaşdığı şəkilləri, videoları izləyirik. Həyatda qalmaq üçün yardım istəyirlər. Onu da bilirik ki, bu məsələ lotereya kimidir, çoxunda alınmır. Toplanan pullar bəzən fırıldaqçıların da əlinə keçir”.

“Qanunyolutv.az” xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxışı zamanı deputat Razi Nurullayev deyib.

Millət vəkili qeyd edib ki, yüzlərlə vətəndaş onları televiziyalarda gedən verilişlərə çıxarmaq üçün müraciətlər edir: “Televiziyalarda yayımlanan populyar verilişlərə çıxmaq da tanışlıqladır. Təklif edirəm ki, ASAN Xidmətin, digər bir dövlət qurumunun, yaxud bir ictimai təşkilatın nəzdində elektron ödəmə tətbiqi və internet resursu yaradılsın. Belə təcrübəmiz də var. Məsələn, “YAŞAT” Fondu.

Biz 40 milyona yaxın millətik. Xalqımız da yardımsevərdir. Kömək etmək istəyən çoxdur, lakin “amma”sı var. İnsanlar bilmək istəyir ki, verdikləri vəsait, doğrudan da, konkret xəstəyə xərclənir, sistem şəffafdır? İnsanlar istəyir ki, asan yollarla, oturduğu yerdə, əlində və evində olan mümkün vasitələrlə pul köçürsün və nəticəsini izləyə bilsin”.

Razi Nurullayev məsələ ilə bağlı vahid ödəniş sistemi olan və vahid mərkəzdən idarə olunan internet ödəniş sisteminin və tətbiqinin yaradılmasını təklif edib: “Bu tətbiq elə hazırlansın ki, hər bir vətəndaş əlində və evində olan vasitələrlə asan şəkildə pul köçürə bilsin. Hər kəs bir manat köçürsə, on milyonlarla vəsait toplanar və yüzlərlə təkrarlanan mürəciətləri həll edə bilərik.

Biz bu tətbiqlə insanlarda bir manat köçürmək mədəniyyəti və o bir manatın insan həyatını xilas etməsi inamını yarada bilərik. Telefon konturundan, telefon nömrəsində olan pul vəsaitindən istifadə etməklə hər bir kəsin əlçatanlığını təmin etmək olar. İnanıram ki, tez bir zamanda bu xidməti yarada bilsək, ölkədə minlərlə xəstəni xaricdə müalicəyə göndərə bilərik. Həm də dövlətin üzərində olan yükü də azaltmış olarıq”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter