"Biz Birinci Qarabağ müharibəsini də heç vaxt unutmamalıyıq, şəhidləri unutmamalıyıq. O vaxt onlar şəhid oldular, amma torpaqlar da getdi. Bu dəfə şəhid oldular, amma torpaqlar qayıtdı. Fərq budur və təsəlli bu ola bilər"."Qanunyolu.info.az" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışında çıxışı zamanı söyləyib.
Dövlət başçısı qeyd edib ki, yaxın, doğma adamın itirilməsinin yarası heç vaxt sağalmayacaq. Amma həyat davam edir və davam edəcək.
“İndi torpaqların yenidən qurulması işinə start vermişik. Azad edilmiş torpaqlarda, indi yaradılan binalarda, evlərdə, məktəblərdə, xəstəxanalarda, o binaların hər bir daşında şəhidlərimizin əbədi təsviri həkk olunub. Onlar bu torpaq üçün həlak oldular, Vətəni hər şeydən üstün tutdular”, - deyən Prezident İlham Əliyev vurğulayıb ki, dövlət şəhid ailələrinin problemlərinin həlli üçün əlindən gələni edir və edəcək:
"Birinci Qarabağ müharibəsində şəhidlərimiz olub, bu günə qədər 4 minə yaxın insan itkin düşmüş hesab olunur. Aydın məsələdir ki, onlar həyatda deyil, həyatını itiriblər və ümumiyyətlə, 15 mindən çox şəhidimiz olubdur. Buna baxmayaraq, torpaqlarımız da əldən gedib. Amma İkinci Qarabağ müharibəsində şəhidlərimiz az olub. Halbuki, hər bir şəhidin həyatı təkrarolunmazdır, əvəzolunmazdır. Ancaq əməliyyatlar aparılan zaman vacib şərtlərdən biri də o idi ki, itkilərimiz az olsun və torpaqlarımız da geri qayıtdı.
Hər bir şəhidin xatirəsi, əlbəttə, onların yaxınlarının və bütün Azərbaycan xalqının qəlbində əbədi yaşayır və yaşayacaq. Keçən il sentyabrın 27-də - Anım Günündə biz o Anım yürüşünü sanki şəhidlərlə birlikdə etdik, onların şəkilləri ilə. Sonra o şəkillər onların ailələrinə təqdim edilmişdir. Yeganə təsəlli o ola bilər, başqa təsəlli ola bilməz.
Əlbəttə, biz bütün şəhidlərimizin məişət problemlərini həll etməyə çalışırıq və çalışacağıq. Bu, bizim borcumuzdur. Prezident kimi mənim və dövlətimizin borcudur. Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ailələrinə bu günə qədər 12 mindən çox mənzil verilib. Bu, yenə də bizim borcumuzdur. Əsas təsəlli odur ki, o, əbədiyyətə qovuşub, şəhadət zirvəsinə qovuşub. Bu dünyada heç kim əbədi qalmayacaq, hamımız gec-tez haqq dünyasına qovuşacağıq".