APA TV-nin müxbiri Bakının Nizami rayonunda yerləşən taxta bazarında baş vermiş güclü yanğın hadisəsini işıqlandırarkən hücuma məruz qalıb.
“Qanunyolutv.az” APA-ya istinadən xəbər verir ki, oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Nizami rayonunda yerləşən taxta bazarında baş vermiş yanğını işıqlandırmaq üçün hadisə yerinə ezam olunmuş jurnalist Sənan Bəhrəmliyə qarşı zorakılıq edilib.
Peşə fəaliyyətini yerinə yetirən jurnalistə özünü mühafizəçi kimi təqdim edən şəxs hücum edib.
Əvvəlcə şəxsiyyətini açıqlamaqdan imtina edən həmin şəxs Sənan Bəhrəmliyə fiziki xəsarət yetirib, onu ağır söyüşlərlə təhqir edib və şirkətə məxsus texniki avadanlığa zərər vurub.
Məlumata görə, müxbirə hücum edən şəxsin Heydər Sərdarov olduğu müəyyənləşdirilib.
Hadisə yerində olan polis əməkdaşlarının müdaxiləsi nəticəsində Heydər Sərdarov ərazidən uzaqlaşdırılıb.
Xatırladaq ki, bir neçə gün öncə “Real TV” ilə “Space TV”nin əməkdaşları da məktəb qarşısında fiziki zorakılığa məruz qalmışdılar.
****
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, araşdırmalarla müəyyən edilib ki, həmin obyektdə mühafizəçi vəzifəsində çalışan Heydər Sərdarov əməkdaşa müxtəlif dərəcəli xəsarətlər yetirib, onun peşə fəaliyyətini həyata keçirməsinə mane olub.
Polis tərəfindən müvafiq tədbirlər görülüb, hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır, xəsarətlərin dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.
****
Baş vermiş yanğın hadisəsini işıqlandıran “APA Group”un əməkdaşına qarşı fiziki zor tətbiq edilməsi və onun peşə fəaliyyətinə mane olunması ilə bağlı cinayət işi başlanılıb.