Bakı Apellyasiya Məhkəməsində xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinən Mələk Zeynalova barəsindəki hökmdən verilmiş apellyasiya şikayətinə və prokurorluğun protestinə baxılıb.
“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, məhkəmə Mələk Zeynalovanın şikayətini təmin etməyib, prokurorluğun protesti isə təmin olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin təyin etdiyi 8 il həbs cəzası ləğv edilərək yeni hökm çıxarılıb. Belə ki, Mələk Zeynalovanın 10 il azadlıqdan məhrum edilməsinə, cəzasını ümumi rejimli deyil, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə qərar verilib.
Qeyd edək ki, Ağdam rayon sakini olan Mələk Zeynalova xarici ölkələrə aşağı qiymətə aviabilet və tur paketləri təşkil edəcəyi adı ilə onlarla vətəndaşı aldadıb. O, dələduzluq yolu ilə vətəndaşların 575440 manatını ələ keçirib.
Məhkəmə Mələk Zeynalovanı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda zərər vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilib.
Xatırladaq ki, 2023-cü ildə Mələk Zeynalova polis tərəfindən saxlanılarkən Daxili İşlər Nazirliyi (DİN) onun əməlləri ilə bağlı məlumat yaymış və əhaliyə müraciət etmişdi.