
Karantin dövrü idmançılar üçün xüsusi problem ortaya çıxarır. Voleybolçulardan ibarət Azərbaycan qadın millisinin üzvü Şəfaqət Həbibova da "Qanunyolu.info.az",“Qafqazinfo”-ya istinadən müsahibəsində məhz bundan danışıb.
Şəfaqət müsahibəsində evdə həyat yoldaşı, kişilərdən ibarət Azərbaycan yığmasının üzvü Elmin Alışanovla məşq etdiyini də bildirib.
- Karantin dövrünü necə keçirirsiz?
- Karantin dövrü bizim üçün idmançı olaraq çox sıxıcıdır. Çünki əksər hallarda biz vaxtımızın çox hissəsini məşqlərdə, oyunlarda, xarici təlim-məşq toplanışlarında keçirirdik. Evdə isə yemək bişirmək, təmizlik işləri ilə məşğul oluram. Bu baxımdan darıxdırıcıdır.
- Voleybol üçün darıxırsız?
- Əlbəttə ki, voleybol üçün darıxıram. Bəzən darıxanda millinin keçmiş oyunlarına, həmçinin klublarda oynadığım vaxtlardakı matçlara baxıram. Bir mənada özümü belə təsəlli edirəm.
- Evdə məşq etmək imkanı varmı? - Az da olsa, evdə məşq etmək imkanı var. Təbii ki, evdə etdiyimiz məşqlər zaldakı kimi effektli olmur. Amma çalışırıq ki, formadan düşməyək, özümüzü formada saxlayaq.
- Hər kəs artıq çəkidən danışır. Siz necə artıq çəki almısınızmı?
- Karantin dövründə bütün günü evdə olub kökəlməmək mümkün deyil (gülür). Çəkimin çox artmaması üçün pəhrizlərdən istifadə edirəm və kardio məşqləri edirəm.
- Həyat yoldaşınız sizə ev işlərində kömək edir?
- Elmin evdədir, amma heç ev işlərinə qarışmağa həvəsi yoxdur, yemək bişirməyə də cəhd göstərmir. Yüngülvari yeməklər bişirməyi bacarır, amma yaxşı deyiləcək səviyyədə bacarığı yoxdur (gülür).
- Daha çox gününüzü necə keçirirsiz? - Ən çox kinoya baxıram. Maraqlı xarici filmlər çoxdur, onları izləməyə çalışıram. Hərdən də kitab oxuyuram. Ən çox dini kitablar oxuyuram.
- Karantin bitikdən sonra ilk olaraq nə etməyi düşünürsüz?
- Bu virus dönəmi başa çatdıqdan sonra rahat çölə çıxıb istədiyim yerlərə getməyi fikirləşirəm. Valideynlərimlə, yaxınlarımla vaxt keçirmək istəyirəm. Həmçinin də zala gedib rahat məşq etməyi xəyal edirəm.
- Bir çox idmançılar öz sahələrindən ötrü darıxmamaq üçün bu oyunları onlayn şəkildə oynayırlar. Siz hansısa oyunları oynayırsız?
- Xeyr, internet üzərindən voleybol oynamıram. Ümumiyyətlə, belə oyunun varlığından xəbərim yoxdur.
- Sizcə, virus voleybola nə qədər ziyan vuracaq?
- Bu fasilə bütün sahələrə olduğu kimi voleybola da ciddi ziyan vurur, xüsusən də voleybolçular bundan əziyyət çəkəcək. Çünki uzun müddət yarışlardan, məşqlərdən kənarda qaldıq.
- Ümumiyyətlə, gəzmək üçün harasa gedirsiz?
- Hərdən SMS vasitəsilə icazə alıb çölə çıxırıq. Lazım olan işlərimizi görürük. Amma hazırda uzunmüddətli getmək və ya idman üçün əlverişli yer yoxdur. Qaydalara riayət edilir.
- Sosial şəbəkələrdə bir çoxları deyir ki, ər-arvad evdə çox qaldıqdan sonra bezmişik. Zarafatla karantindən sonra boşanacaqlarını yazırlar. Siz yorulmamısız bir-birinizi görməkdən?
- Yox, bizdə əksinədir, bezmirik. Çünki ilin çox hissəsini məşqlərdə, xarici ölkələrdə yarışlarda oluruq. Bir yerdə vaxt keçirməyə imkan olmur. Karantində əlimizə fürsət düşüb.