128 gün komada qaldıqdan sonra şəhidlik zirvəsinə ucalan İsmayılzadə Tacəddin Vüqar oğlu bu gün torpağa tapşırılıb.“Qanunyolu.info.az” xəbər verir ki, Tacəddin İsmayılzadə Sumqayıtda Şəhidlər Xiyabanında dəfn olunub.
Dəfn mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri Tahir Mirkişili, Emin Hacıyev, Müşfiq Məmmədli, Qafqaz Müsəlmanları İdarəsinin Sumqayıt-Abşeron-Xızı bölgə qazısı Sərdərov Rauf, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dəfn mərasimində Hacı Rauf.S. çıxış edərək şəhidin anasına, qardaşına, yaxınlarına, mərasimdə iştirak edənlərə dərin hüznlə baş sağlığı verib onlara Allahdan səbr diləyib. Sonra üç rəngli bayrağımız qazimiz tərəfindən şəhidin anasına təqdim edilib.
Qeyd edək ki, 24 yaşlı Tacəddin İsmayılzadə həm də Aprel döyüşlərinin iştirakçısı olub. İkinci Qarabağ Müharibəsi başlayan zaman könüllü olaraq müraciət edərək, ön cəbhəyə getmək istədiyini bildirib.
Kəşfiyyat bölüyündə xidmət edən şəhidimiz Ağdam, Xocavənd və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Füzulidə başından ağır yaralanıb və komaya düşüb.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, İsmayılzadə Tacəddin Vüqar oğlu “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
ALLAH ŞƏHİDİMİZƏ RƏHMƏT ELƏSİN!