Əminə Əliyeva
Şirvan şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru"Mən yer üzündə müəllimdən yüksək ad tanımıram."
Ulu Öndər Heydər ƏliyevBu dəyərli kəlam müəllimlik peşəsinin cəmiyyətdəki müqəddəs yerini və əhəmiyyətini ən dolğun şəkildə ifadə edir. Bu gün də bu yüksək ada layiq olmaq üçün öz ömrünü təhsilin inkişafına həsr edən ziyalılarımız var. Belə fədakar təhsil rəhbərlərindən biri də Şirvan şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Əminə Qulu qızı Əliyevadır.Əminə Qulu qızı Əliyeva 1964-cü il mayın 27-də Şirvan şəhərində anadan olmuşdur. O, uzun illərdir ki, Azərbaycan təhsilinin inkişafına öz töhfəsini verən, peşəkarlığı, məsuliyyəti və yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilən nüfuzlu təhsil işçilərindəndir.
Əminə xanım 2000-ci ildən Şirvan şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbində müəllim kimi fəaliyyətə başlamış, 2010-cu ildən etibarən isə həmin təhsil ocağına rəhbərlik etmişdir. Onun rəhbərliyi dövründə məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllim və şagird kollektivinin uğurlarının artırılması istiqamətində ardıcıl və məqsədyönlü işlər həyata keçirilmişdir.
Əminə xanımın rəhbərlik etdiyi məktəb Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə
"İlin ən yaxşı ümumtəhsil məktəbi" adına layiq görülmüşdür. Bu uğur məktəbin pedaqoji kollektivinin əzmkarlığının və rəhbərliyin səmərəli fəaliyyətinin göstəricisidir.
Cümhuriyyətin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əminə Əliyeva
"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif olunmuşdur. Bu yüksək mükafat onun təhsil sahəsindəki xidmətlərinə verilən dəyərin bariz nümunəsidir.
Məktəb Heydər Əliyevin anım gününə həsr olunmuş ən yaxşı təqdimat müsabiqəsində beş dəfə qalib olaraq I, II və III yerlərə layiq görülmüşdür. Bu uğurlar məktəbdə vətənpərvərlik ruhunun, milli-mənəvi dəyərlərin və yüksək təhsil mühitinin formalaşdırıldığını göstərir. Hər il məktəbin onlarla məzunu 500–600 bal toplayaraq ölkənin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunur. Bu nəticələr məktəbdə qurulan səmərəli tədris sisteminin və müəllim əməyinin bəhrəsidir.
Əminə Əliyeva yalnız təhsil sahəsində deyil, ictimai fəaliyyətində də fəallığı ilə seçilir. O, Gülbala Şıxbala oğlu ərazi ilk partiya təşkilatı üzrə YAP-ın sədridir, eyni zamanda 4 saylı seçki məntəqəsinin sədri və Ağsaqqallar Şurasının üzvüdür. Onun çoxşaxəli fəaliyyəti cəmiyyətə xidmət prinsipinə əsaslanır.
Bu gün də Əminə xanım rəhbərlik etdiyi məktəbdə ənənəsinə sadiq qalaraq şagirdlərin təlim-tərbiyəsi ilə yaxından məşğul olur, onların savadlı, vətənpərvər və layiqli vətəndaş kimi yetişməsi üçün bütün bilik və təcrübəsini əsirgəmir. O, məktəbdə sağlam, mehriban və yaradıcı mühitin formalaşmasına, müəllim və şagirdlərin uğurlarına daim xüsusi diqqət yetirir. Yaxşı rəhbər yalnız idarə edən deyil, həm də insanları dinləyən, onların əməyinə dəyər verən və gələcəyin qurucuları olan gənclərə yol göstərən şəxsdir. Əminə Əliyevanın uzun illərə söykənən fəaliyyəti məhz bu keyfiyyətlərlə səciyyələnir.
Əminə xanımın fəaliyyətində vətənpərvərlik ruhunun aşılanması və milli-mənəvi dəyərlərin təbliği hər zaman xüsusi yer tutur. Onun rəhbərliyi ilə məktəbdə şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad edilir, onların həyat və döyüş yoluna həsr olunmuş silsilə tədbirlər, anım mərasimləri, dəyirmi masalar və vətənpərvərlik mövzusunda müxtəlif layihələr həyata keçirilir.
Əminə Əliyeva hər zaman şəhid ailələrinə və qazilərimizə xüsusi diqqət və qayğı ilə yanaşmış, onların yanında olmağı özünün mənəvi borcu hesab etmişdir. Məktəbdə mütəmadi olaraq Vətən müharibəsi qaziləri ilə görüşlər təşkil edilir, onların qəhrəmanlıq nümunələri gənc nəslə örnək kimi təqdim olunur.
Bununla yanaşı, şagirdlərin hüquqi maarifləndirilməsi, ictimai asayişə hörmət ruhunda tərbiyə olunması məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə məktəblilər arasında mütəmadi görüşlər keçirilir. Həmin görüşlərdə hüquqi biliklərin artırılması, zərərli vərdişlərlə mübarizə, təhlükəsizlik qaydaları və vətənə sədaqət kimi mövzularda maarifləndirici söhbətlər aparılır. Bu cür tədbirlər məktəblilərin sağlam düşüncəli, intizamlı və vətənpərvər vətəndaş kimi formalaşmasına mühüm töhfə verir.
P.S. Sonda məndə "Qanunyolutv.az" informasiya portalının rəhbəri olaraq kollektivimiz adından Əminə xanım Əliyevaya Azərbaycan təhsilinin inkişafı naminə göstərdiyi fədakar əməyə görə dərin minnətdarlığımızı bildiririk. Arzu edirik ki, onun rəhbərliyi altında Şirvan şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbi bundan sonra da yeni-yeni uğurlara imza atsın, daha çox savadlı və vətənpərvər gənclər yetişdirsin.
Hörmətli Əminə xanıma sağlam ömür, sevinc dolu günlər, tükənməz enerji, ailə səadəti və gələcək fəaliyyətində yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol, yolunuz daim açıq olsun!
"Qanunyolutv.az"Materialı hazırladı: Hökümə Şıxəliyeva
Şirvan şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbində sosial pedaqoq