Məlumdur ki, yeni təyin olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Naziri, polis xidməti sistemində müəyyən dəyişikliklər etmişdir. Eyni zamanda biz Polisin hərəkətlərinə qiymət verərkən, nəzərə almalıyıq ki,eyni zamanda polisin davranışlarında müsbət dəyişikliklər də baş verməkdədir və bu hamının gözünün qabağında baş verir. Misal üçün, görürük ki, binanın yanğısı zamanı polislər hansı fədakarlığları elədilər, bir də görürsən, polis xəstə bir adamı özü təcili yardıma, xəstəxanaya çatdırır. Karantin rejimində evdən çıxa bilməyən vətəndaşlara çörək alıb verir, evinə yardım paylayır. Hətta, bir yaşlı qadının ayaqlarını yuyur ki, sərinləsin, ürəyi rahatlasın. Açıq deyək ki, bəlkə də, keçmişdə belə hallar olub,lakin cəmiyyətdə bilinməyib. Amma, son dövrlərdə bu kimi müsbət hadisələr müşahidə edilir.
Polisimiz gözümüzün qabağında getdikcə dəyişir. Onların fəaliyyətində humanizim, qanuna sədaqət, vicdanlı davranış nümunələri görünür.Polislər bizim övladlarımızdır, qardaşlarımızdır. Cəmiyyət necədirsə, onun polisi də o cür olur. Yaxşıları biz sevgi ilə qarşılamalıyıq. Əlbəttə, hansısa polisin hərəkətində sərtlik olursa, hansısa qanunsuzluğun özünü qanunsuz yolla həll eləmək meylləri varsa bu özü araşdırılmalıdır və araşdırılır da. Onlar cəzalandırılmalıdır və cəzalandırılır da. Ancaq bütövlükdə biz polisi stimullaşdırmalıyıq, dəstək olmalıyıq ki, polisimiz inkişaf eləsin, humanizim onlarda daha da güclənsin, yaxşılaşsın. Bizim üçün yaxşı, keyfiyyətli polislərin olması çox vacibdir. Hamımız kömək göstərməliyik.
Mən bu yaxınlarda polislərdən soruşdum ki, sizin gözünüzün qabağında bu qədər maskasız keçənlər var. Siz yəqin ki, çoxluq olduğuna görə hansısa birinə cərimə tətbiq etmirsiniz. Heç mənim deputat olmağımı da bilmədilər. Dedilər ki, ağsaqqal, bunlar bizim xalqımızdır. Vallah, biz çalışırıq ki, heç kimi incitməyək. İnanın ki, biz yorulmuşuq hamıya izah edək ki, Sosial məsafə saxlayın, maskadan istifadə edin və s. Bizim də içimizdə xalqa məhəbbətimiz var, istəyimiz var. Biz də bu millətin oğluyuq. Doğrudan da belədir.
Mənim yadıma düşdü 90-cı illərdə polislərimiz necə Qarabağın müdafiəsinə gedirdilər. Yadımdadır mən, Cəbrayıl rayonunun Qışlaq kəndində İsmayıllıdan olan o zamanki milis nəfərlərimizin yanına getmişdim. O zaman Şağan yüksəkliyi vardı, oradan bir güllə atmışdılar İsmayıllıdan olan bir milisin qulağını zədələdi. Başından da dəyə bilərdi. Biz onlarla söhbət edirdik. Mənim özümün xalam oğlu Mustafa polis idi Qarabağa getdi kontujnu oldu, sonra vəfat elədi.
Gəlin hamımız polisli, ordulu, əsgərli, zabitli və bütün vətədaşlarımız, bütün kateqoriyadan olan insanlarımız ürəyimizdə olan məhəbbətimizi bir birimizə verək.Elə edək ki, Vətənimizi, cəmiyyətimizi, polisimizi ürəkdən sevək.
P.S.Sonda "Qanunyolu.info.az" xəbər portalı da fürsətdən istifadə edərək, Millət Vəkili Tahir Kərimlini 15- İyun Milli Qurtuluş günü bayramı münasibətilə təbrik edir, Ona gələcək işlərində uğurlar diləyir.