Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Yasamalda polislə vətəndaşlar arasında baş verən insidentdən danışıb."Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Ə. Hüseynli “Yeni TV”yə müsahibəsində bildirib ki, Azərbaycan vətəndaşları, bütövlükdə cəmiyyətimiz, xalqımız qəbul olunmuş qanunlara və karantin rejiminə həqiqətən də ciddi riayət edirlər:
“İndi cəmiyyət bir epizodu müzakirə edir, harda ki pozuntu baş verib. Amma baxın, bütün Azərbaycan ərazisində, Bakı şəhərində hamı müşahidə etdi ki, vətəndaşlarımız qanuna böyük hörmət nümayiş etdirdilər. Hər iki tərəf nümunəvi davranıb. Epizodik hallar hər zaman bütün dövlətlərdə baş verə bilər.
Hesab edirəm ki, Yasamal rayonunda baş verən hadisəni dəyərləndirmə adekvatlıq prinsipi ilə ölçülməlidir. Daxili işlər orqanları qanunla öz üzərinə düşən vəzifələri yerinə yetirirlər. Vətəndaşa münasibətdə polis nümayəndəsinin etik davranış qaydalarından kənar nümayişini müşahidə etdik. Bir tərəfdən vətəndaşın qanun pozuntusunu, digər tərəfdən isə polisin etik davranış qaydasını.
Nəticələr qısa zaman ərzində araşdırıldı. Məlum oldu ki, qanunu pozan vətəndaşlar qanun qarşısında cavabdehlik daşıyırlar, etik davranış qaydasını pozmuş polis nümayəndəsiylə bağlı da DİN rəhbərliyi qısa zaman içərisində tədbirlər gördü. Sosial şəbəkələrdə bu epizod həddindən artıq şişirdildi. Bu əməliyyat tədbiridir. Belə əməliyyatlar həyata keçiriləndə bəzən emosiyalara yol verilir. Polisin həyata keçirdiyi tədbirlər, yəni tutma, saxlama tədbirləri qanunvericilikdə nəzərdə tutulub. Xanıma qarşı münasibətdə isə etik davranış qaydası pozulub. Hesab edirəm ki, bu məsələdə günahkar axtarışında olmalı deyilik”.