Müasir Azərbaycan tibb elminin və praktik səhiyyəsinin parlaq simalarından biri olan Professor, Estetik, Plastik və Rekonstruktiv Cərrah, Psixologiya üzrə fəlsəfə doktoru Mirəzim Zaidov uzun illərdir ki, həm peşəkarlığı, həm də yüksək insani keyfiyyətləri ilə cəmiyyətin dərin rəğbətini qazanmış nüfuzlu bir şəxsiyyətdir.Məhz belə rəğbət qazanan, işiylə, peşəsiylə seçilən, xeyirxah əməllər sahibi, əslən Yardımlı rayonundan olan Mirəzim Zaidov da harada çalışmasından asılı olmayaraq, daim xeyirxah əməlləri, savab işləri və vətənpərvər mövqeyi ilə seçilən həkimlərdən biridir.
Onun fəaliyyət göstərdiyi bütün dövrlərdə əsas prinsip insan sağlamlığına vicdanla yanaşmaq, ehtiyacı olanlara əl tutmaq olub. Xüsusilə şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının və imkansız ailələrin övladlarına göstərdiyi təmənnasız tibbi yardımlar Mirəzim həkimi cəmiyyət üçün daha da dəyərli edir. O, illər boyunca öz şəxsi vəsaiti hesabına yüzlərlə uşağı sünnət edib, Bakı ilə yanaşı region və rayonlarda təmannasız sünnət aksiyaları təşkil edərək valideynlərin və uşaqların sevincinə səbəb olub. Bu humanist addımlar onu təkcə peşəkar həkim kimi deyil, həm də böyük ürək sahibi bir insan kimi tanıdıb.

Mirəzim Zaidovun elmi və peşəkar yolu zəngin və ardıcıldır. O, 1989–1995-ci illərdə Azərbaycan Tibb Universitetində ali tibb təhsili almış, daha sonra 1995–2001-ci illərdə Türkiyənin Kocaeli Universitetində təhsilini davam etdirmişdir. 2001–2006-cı illərdə Kocaelidə plastik cərrah kimi fəaliyyətə başlamış, 2006–2007-ci illərdə Yıldırım Beyazıt Araşdırma Xəstəxanasında, 2007–2008-ci illərdə isə Ankara Eğitim Araşdırma Xəstəxanasında çalışmışdır.
2011-ci ildən etibarən müntəzəm olaraq Bakı və Naxçıvana gələrək çoxsaylı mürəkkəb əməliyyatlar həyata keçirmiş, 2012-ci ildən Bakıda plastik və rekonstruktiv cərrah kimi daimi fəaliyyətə başlamışdır. Müxtəlif dövrlərdə International Medical Center 2 klinikasının baş həkimi və plastik-rekonstruktiv cərrahı, eləcə də
“Vimay-Med” klinikasının baş həkimi kimi çalışmışdır. Hazırda isə başqa bir özəl klinikada – o cümlədən
“MedAura” klinikasında plastik-rekonstruktiv-estetik cərrah kimi fəaliyyətini davam etdirir.
Professor Dr. Mirəzim Zaidov beynəlxalq elmi arenada da Azərbaycanı layiqincə təmsil edir. 2025-ci il 15–19 may tarixlərində Dubayda keçirilmiş İSPEC 9-cu Beynəlxalq Tibb və Sağlamlıq Konfransında 5-ci bölmə iclasına moderatorluq etmiş,
“Syndromes that cause cleft lip and cleft palate” mövzusunda məruzə ilə çıxış etmiş və konfransın sonunda sertifikatla təltif olunmuşdur.
Onun elmi nüfuzu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. İsveçrənin Montro Universitetinin fəxri professoru, estetik, plastik və rekonstruktiv cərrah, psixologiya üzrə fəlsəfə doktoru Mirəzim Zaidov Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Elmi Şurasının qərarı ilə Akademiyanın həqiqi üzvü seçilmiş, fəxri professor elmi dərəcəsinə layiq görülmüşdür. Türk dünyası tibbinə verdiyi böyük töhfələrə və Türkiyə–Azərbaycan qardaşlıq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Akademiyanın qızıl medalı ilə təltif olunmuşdur. Eyni zamanda, böyük tibbi xidmətlərinə görə Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyasının Rəyasət Heyətinin qərarı ilə ona
“Hippokrat” ordeni təqdim edilmişdir.
Professor Dr. Mirəzim Zaidov bu gün də şəhid və qazi ailələrinin, müharibə veteranlarının yaxın dostu, dərdlərinə şərik olan, problemlərini təmənnasız həll edən əsl vətənpərvər həkim kimi tanınır. Kollektivlərdə yüksək hörmət, xəstələr arasında isə sarsılmaz etimad qazanması onun peşəsinə və insana yanaşmasının ən bariz göstəricisidir.
P.S.Sonda məndə Qanunyolutv.az-ın rəhbəri olaraq kollektivimiz adından Professor Dr. Mirəzim Zaidova ən xoş sözlərimizi, dərin ehtiram və təşəkkürümüzü bildiririk. O, təkcə uğurlu cərrah və alim deyil, eyni zamanda cəmiyyət üçün nümunə olan, insanlara ümid verən, savab işləri ilə iz qoyan bir ziyalıdır. Mirəzim həkimə gələcək fəaliyyətində sağlam ömür, elmi və peşəkar uğurlar, gördüyü xeyirxah işlərdə daim yeni-yeni müvəffəqiyyət arzulayırıq!Qələmə aldı: "Qanunyolutv.az"-ın rəhbəri, AJB-nin üzvü
ARİF SÜLEYMANLI